Fransa Azərbaycanlıları Koordinasiya Şurası yaradılıb

Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin Parisdə növbəti toplantısı keçirilib. İclasda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti və ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev iştirak ediblər.
Toplantıda soydaşlarımızın problemləri, inteqrasiya məsələləri, eləcə də Azərbay-canın dünyada təbliği, Qarabağ həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər və gələcək planlar müzakirə edilib. Qeyd olunub ki, ölkəmizin təbliği ilə bağlı qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Fransadakı Azərbaycan diasporu öz fəaliyyətini və koordinasiyanı gücləndirməlidir.
Tədbirdə diaspor fəaliyyəti, aktual məsələlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Diaspor təşkilatları və soydaşlarımız tərəfindən diaspor fəaliyyətinin daha da səmərəli təşkili məqsədilə müxtəlif təkliflər səsləndirilib, müzakirələr aparılıb. Soydaşlarımızın daha sıx birləşməsinin və diaspor təşkilatlarının fəaliyyətinin daha güclü şəkildə əlaqələndirilməsinin zəruriliyi qeyd edilib. Bu məqsədlə Fransa Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib və Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Fransa Mədəniyyət Assosiasiyasının sədri Toğrul Zeynalov Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.
Qeyd edək ki, Fransa Azərbaycanlıları Koordinasiya Şurası Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını və diaspor üzvlərini könüllülük və bərabərlik prinsipləri əsasında birləşdirən kollegial orqandır.