EN
RU

Arxangelsk vilayətinin qubernatoru Dövlət Komitəsində qəbul edilib

Bakıda keçiriləcək Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb. Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiy¬yətli Səfiri Polad Bülbüloğlu da iştirak edib.
Qonaqları salamlayan Dövlət Komitəsinin sədri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafından bəhs edib. O, iqtisadi münasibətlərin inkişafında iki ölkənin müvafiq nazirlikləri tərəfindən təşkil olunan və “Əməkdaşlıq körpüsü” adlandırılan Azərbaycan-Rusiya Regionlararası Forumun əhəmiyyətini xüsusi qeyd edib. Dövlət Komitəsinin sədri bu forumu Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi düşünülmüş uzaqgörən siyasətin nəticəsi olduğunu vurğulayıb.
Daha sonra qeyd olunub ki, bu gün Rusiya Federasiyasının regionlarında Azərbaycan diaspor təşkilatlarının öz fəaliyyətini uğurla davam etdirməsi, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, biznes mühitində aktivliy, siyasi vəzifələrdə təmsil olunması təqdirəlayiq haldır.
Səfir Polad Bülbüloğlu isə Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə iqtisadi əməkdaşlıqla bağlı 17 sənədin imzalandığını xatırldaraq ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqalərin uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Moskvada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin yubileyinin keçirilməsi, oktyabr ayında Azərbaycan məhsullarının sərgisinin təşkili və digər tədbirlər müxtəlif sahələrdə əlaqələrin uğurla davam etdirilməsinin sübutudur.
Göstərilən qonaqpərvərliyə görə təşəkkür edən İqor Orlov isə Arxangelsk vilayətindəki Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirərək azərbaycanlıların vilayətin ictimai, siyasi, iqtisadi və mədəni həyatında fəal rol oynadığını vurğulayıb. Azərbaycanla, ölkənin regionları ilə əməkdaşlığın formalaşmasında diasporun vacib əhəmiyyəti olduğunu vurğulayan qonaq Komitə rəhbərliyini Arxangelsk vilayətinə dəvət edib.
Görüşdə Azərbaycan diasporu ilə Arxangelsk vilayətinin yaxın gələcəkdə həyata keçirəcəyi birgə layihələr haqqında da müzakirələr aparılıb. Arxangelskdə “Dostluq” parkının açılması, ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldılması, qardaşlaşmış şəhərlərin olması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.