Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Dövlət Komitəsində olub

Avstraliyanın Melburn şəhərində fəaliyyət göstərən Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Rəşad Həsənov Diasporla İş üzrə Dövlət Komitəsində olub. Dövlət Komitəsinin rəhbərliyi ilə görüşdə R.Həsənov təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələr və planları haqqında məlumat verib. Bildirilib ki, Assosiasiyanın məqsədi Azərbaycanın ənənələrinə sadiq qalaraq Avstraliya İttifaqında Vətənimizin mədəniyyətinin, qədim tarixinin tanıdılması, burada yaşayan gənc soydaşlarımızın ana dilini unutmaması, adət-ənənələrimizi qoruyub saxlaması üçün tədbirlər həyata keçirməkdir. Təşkilat erməni diasporunun güclü olduğu Avstraliyada Azərbaycanın həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasına da xüsusi diqqət ayırır.
Dövlət Komitəsinin sədri isə öz növbəsində Avstraliyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayaraq, burada koordinasiya mərkəzinin yaradılmasının zəruriliyini qeyd edib. O, həmçinin yaxın vaxtlarda Avstraliya İttifaqına nəzərdə tutulan səfər çərçivəsində Azərbaycan diaspor təşkilatları ilə görüşlər keçiriləcəyini və bütün bu məsələlərin daha geniş müzakirə ediləcəyini qeyd edib.
Görüşdə bildirilib ki, paytaxtı Melburn şəhəri olan Viktoriya ştatında çoxlu sayda soydaşımız yaşayır. Melburnda Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası adlı diaspor təşkilatı, eləcə də Azərbaycan Evi fəaliyyət göstərir. Viktoriyada yaşayan Azərbaycan icması ölkəmizin Avstraliyada tanıdılmasına, o cümlədən tariximizin, mədəniyyətimizin və incəsənətimizin bu ölkədə təbliğinə töfhələr verir.