Niderlandda “Bir olaq, Birlik olaq!” adlı bayram tədbiri keçirilib

31 Dekabr, 2019

Niderland Krallığının Haaqa şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təntənəli tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Niderland və Belçikadakı Azərbaycanlıların Koordinasiya Şurasının təşkilatçılığı ilə gerçəkləşdirilən bayram şənliyində diaspor təşkilatlarının üzvləri və 300-ə yaxın soydaşımız iştirak ediblər.

Ölkəmizin dövlət himni ilə başlayan tədbirdə Niderland və Belçikadakı Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Aytən Tarverdiyeva çıxış ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təbrikləri və xoş arzuları soydaşlarımızın diqqətinə çatdırılıb, Koordinasiya Şurasının 1 il ərzində həyata keçirdiyi layihələr barəsində hesabat təqdim edilib.

Millət vəkili Məlahət Həsənovanın və Azərbaycanın Niderland Krallığındakı səfirliyinin müvəqqəti işlər müvəkkili Selcan Verdiyevanın Hollandiya və Belçikada yaşayan soydaşlarımıza xoş arzularının ifadə olunduğu təbrik məktubları oxunub.

Daha sonra Niderland və Belçikadakı Azərbaycanlıların Koordinasiya Şurasının 1 illik fəaliyyətinə həsr olunmuş hesabat xarakterli video-çarx nümayiş etdirilib.

Konsert proqramı ilə davam edən tədbirdə Almaniyada Vahid Tarzənin rəhbərliyi ilə fəaliyyət göstərən “Qarabağ” ansamblı, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin və Nümunəvi Hərbi Orkestrin solisti Kənan Qədimov, muğam müsabiqəsinin laureatı Vüsalə Musayeva, Azərbaycan Dövlət Televiziya və Radiosunun keçmiş solisti, hazırda Niderlandda fəaliyyət göstərən “Odlar Yurdu” Niderland Azərbaycan Cəmiyyətinin sədri və Koordinasiya Şurasının fəal üzvü Firəngiz Bağırova, Niderlandda yaşayan müğənnilər – Sadıx Ağamalıyev, Bəxtiyar Eybalıyev, Nicat Cabbarov, Bakı 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Azəri inciləri” rəqs qrupu çıxış ediblər.