Qazaxıstanda həmrəylik günü qeyd olunub

29 Dekabr, 2019

Qazaxıstanda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və "Ata Yurt - Vidadi" Fondunun təqdimatına həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Qazaxıstandakı səfirliyində baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Qazaxıstanın Prezident Administrasiyasının nümayəndələri, diplomatlarımız, azərbaycanlı icmanın təmsilçiləri iştirak ediblər.

Tədbirdə ölkəmizin Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Atayev, Qazaxıstan Prezident Administrasiyasının Qazaxıstan Xalqı Assambleyasının (QXA) katibliyinin müdiri, QXA-nın sədr müavini Janseit Tüymebayev və "Ata Yurt - Vidadi" Fondunun təsisçisi Marina Salahova çıxış ediblər.

Öncə Azərbaycan hökuməti və Diasporla İş üzrə Dövlət Komitəsi adından Almatıda baş vermiş təyyarə qəzası nəticəsində həlak olanların ailə üzvlərinə və bütün qazax xalqına başsağlığı verilib, xəsarət alanların tezliklə şəfalarına qovuşması dilənib.

Sonra Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi barədə ətraflı məlumat verilib, müstəqil və qüdrətli dövlətimizin hər zaman soydaşlarımızın yanında olduğu vurğulanıb. Qazaxıstanda etnomədəni təşkilatların, o cümlədən azərbaycanlı icmanın inkişafında, ölkədə ictimai sabitliyin möhkəmləndirilməsində, Azərbaycan-Qazaxıstan münasibətlərinin irəliləməsində QXA sədrinin müavini Janseit Tuymebayevin böyük rol oynadığı bildirilib.

Tədbir iştirakçılarını Azərbaycan dilində salamlayan J.Tuymebayev isə soydaşlarımızın Qazaxıstanın siyasi, ictimai, iqtisadi və humanitar sahələrində fəal iştirak etdiklərini, ölkənin inkişafına və gücləndirilməsinə bəxş etdikləri böyük töhfələrdən danışıb.

Sonra bu ölkədə azərbaycanlıların ictimai təşkilatlarının yaradılmasının öncüllərindən olmuş Vidadi Salahovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış "Ata Yurd - Vidadi" Fondunun hazırladığı slayd-şoy nümayiş etdirilib. Fondun rəhbəri Marina Salahova yeni yaradılmış təşkilatın məqsəd və vəzifələrindən danışıb.

QXA-nın Nur-Sultan şəhərindəki katibliyinin müdiri Ləzzət Kusainova, baş redaktorlar klubunun vitse-prezidenti Muratbəy Toktaqazin, Nur-Sultan şəhərinin azərbaycanlı icmasının fəalı Səyyaf İsmayılov, "Novruz" Azərbaycan etnomədəni mərkəzi" ictimai birliyinin sədri Eldar Əhmədov V.Salahov haqqında xatirələrini danışıblar. V.Salahovun poeziyanı çox sevdiyi və şeirlər yazdığı qeyd olunub. Onun şeirlərindən birini "Nazarbayev Universiteti"nin magistraturasının azərbaycanlı tələbəsi Safura Əliyeva səsləndirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adından M.Salahovaya təşəkkürnamə təqdim olunub.

Daha sonra iki ölkənin münasibətlərinin inkişafında, Qazaxıstanda millətlərarası münasibətlərin möhkəmləndirilməsində, milli adət-ənənələrin, mədəniyyətin təbliğində fəal iştirak edən şəxslərin təltif olunma mərasimi keçirilib.

Səfir R.Məmmədov "Dostık" ("Dostluq") medalına layiq görülüb. Öz növbəsində, azərbaycanlı diplomat da J.Tuymebaevə təşəkkürnamə təqdim edib. QXA-nın və səfirliyin fəxri fərman və təşəkkürnamələri ilə təltif olunanlar arasında Dövlət Komitəsinin eksperti Teymur Atayev də olub.