Dövlət Komitəsində “Mərhaba: seçilmiş əsərlər” adlı kitabın təqdimat mərasimi keçirilib

27 Dekabr, 2019

Dekabrın 27-də Diasporla İş üzrə Dövlət Komitəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş “Mərhaba: seçilmiş əsərlər” adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabda böyük mütəfəkkirin rus dilinə tərcümə olunmuş şeirləri yer alıb.

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan Azərbaycan diaspor nümayəndəsi Feyzi Ağayevin dəstəyi ilə hazırlanmış kitabın təqdimat mərasiminə Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi, elm və ədəbiyyat xadimləri, musiqiçilər, jurnalistlər qatılıb.

Tədbirdə çıxış edənlər böyük mütəfəkkirin yaradıcılığının zənginliyindən, dövlət səviyyəsində İmadəddin Nəsiminin irsinə verilən dəyərdən danışıblar. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Buna uyğun olaraq da dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları dahi şairimizin 650 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirib. Çıxış edənlər xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın mədəni irsinin tanıdılması istiqamətindəki səylərini alqışlayıb.

“Mərhaba: seçilmiş əsərlər” adlı kitabın da “Nəsimi ili”nə ən yaxşı töhfələrdən biri olduğu qeyd olunub.
Tədbirdə Nəsiminin qəzəlləri və bu qəzəllərə bəstələnmiş əsərlər dinlənilib.

Daha sonra Feyzi Ağayevə və kitabın ərsəyə gəlməsində əməyi olan digər şəxslərə plaketlər təqdim edilib.

Sonda Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusifin ifasında İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında çəkilən musiqili kompozisiya nümayiş olunub.