"Ana dilim" sosial çarxı təqdim olunub

23 Dekabr, 2019

Gürcüstanın paytaxtı Tbilisidə “Ana dilim” adlı sosial çarxın təqdimat mərasimi keçirilib. Tədbirdə yerli ictimaiyyətin nümayəndələri, azərbaycanlı icmasının üzvləri və paytaxtda təhsil alan soydaşlarımız iştirak ediblər.
Layihənin rəhbəri Samirə Bayramova bildirib ki, 2 ay ərzində ərsəyə gətirilən video-çarx görkəmli şairimiz Bəxtiyar Vahabzadənin "Ana dili" şeiri əsasında hazırlanıb. 8 dəqiqəlik çarxda müxtəlif yaş qruplarını və sosial təbəqələri təmsil edən 31 azərbaycanlı "Ana dili" şeirini səsləndiriblər. Bu addım Gürcüstanda yaşayan həmvətənlərimiz, xüsusilə də gənc nəsil arasında Azərbaycan dilinin tərənnüm edilməsi, geniş təbliğ olunması və qorunub saxlanılması məqsədilə atılıb.
Qeyd edilib ki, video-çarxın çəkilişi zamanı məkanlar xüsusi həssaslıqla seçilib və bu ərazilər azərbaycanlıların qədim tarixi ilə sıx bağlıdır.