Brüsseldə Dünya Azərbaycanlılarının Həmrəylik Günü muğam konserti ilə qeyd olunub

19 Dekabr, 2019

Brüsseldə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş muğam konserti keçirilib.
Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurası və ölkəmizin Belçikadakı səfirliyinin dəstəyi ilə gerçəkləşdirilmiş konsertdə diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və Avropadakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Tədbir öncəsi Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Qaya Məmmədov, Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü olan Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzinin nümayəndələri Rəşad İbrahim və Musa Həsənov çıxış ediblər. Onlar Azərbaycan musiqisinin zənginliyi, muğam sənəti barədə konsert iştirakçılarına ətraflı məlumat veriblər, muğamın 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi bildirilib. Ölkəmizdə beynəlxalq muğam festivallarının və televiziya muğam müsabiqələrinin ardıcıl olaraq keçirilməsi sayəsində muğamın gənc nəsil arasında populyarlaşdırılmasında, UNESCO tərəfindən qəbul edilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun müstəsna xidmətləri vurğulanıb. Bu qədim ümumbəşəri mədəniyyət nümunəsinin qorunub saxlanılması, beynəlxalq ictimaiyyətə çatdırılması işlərinin zəruri olduğu qeyd edilib.
Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist, xanəndə Zakir Əliyev və onun tələbəsi Mənzurə Əbdürrəhmanova “Şur” intrumental ansamblının müşayiəti ilə muğam parçaları və təsniflər ifa ediblər. Tamaşaçılar onların ifalarını böyük rəğbət və alqışlarla qarşılayıblar.