Amsterdamda istiqlal şairi Əhməd Cavad anılıb

12 Dekabr, 2019

Niderlandın paytaxtı Amsterdam şəhərində Azərbaycanın və Türk dünyasının istiqlal şairi Əhməd Cavada (Cavad Məhəmmədəli oğlu Axundzadə) həsr edilmiş xatirə gecəsi keçirilib.
10 dekabr - Beynəlxalq İnsan Haqları Günü çərçivəsində keçirilən tədbir Niderlandda fəaliyyət göstərən Türkevi Topluluǧu, Benilüks Azərbaycan Kongresi, Holland-Azərbaycan Türk Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycanın dövlət himni ilə başlayan tədbirdə Türkevi Topluluğu başkanı Veyis Güngör, Holland-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) prezidenti Elsevər Məmmədov, BAK-ın vitse-prezidenti, Şimali Holland Azərbaycanlıları İttifaqının sədri, şairə Sima Cəfərova və BAK-ın İdarə Heyətinin üzvü İlham Babayev çıxış ediblər. Qeyd edilib ki, Niderlandda fəaliyyət göstərən türk soylu diaspor təşkilatlarının "Avrasiya Görüşləri" proqramı çərçivəsində bir araya gəlməsi ənənə halını alıb. Bu görüşlər zamanı Türk dünyasının önəmli isimləri anılır. Onlardan biri də görkəmli Azərbaycan şairi, sovet repressiyasının qurbanlarından olan Əhməd Cavaddır.
Gecənin bədii hissəsində İlham Babayevin kamançada müşayiəti ilə Sima Cəfərova görkəmli ustadın "Mən kiməm?" və "Türk Ordusuna" şeirlərini söyləyib, "Əhməd Cavadın xatirəsinə vəfa" sənədli filmi nümayiş olunub. Filmdə Ə.Cavadın ağır həyatı, yaradıcılığı, mücadiləsi və Türk dünyasına ünvanladığı ismarıclardan bəhs olunub.
Tədbir Əhməd Cavadın sözlərinə bəstələnən məşhur "Çırpınırdı Qara Dəniz" mahnısının və "Ana yurd" marşının səsləndirilməsilə yekunlaşıb.