Soydaşlarımızın Koordinasiya Şuralarının təsis edilməsi ilə bünövrəsi qoyulmuş birliyini Azərbaycan evləri daha da möhkəmləndirəcəkdir

Müsahibimiz Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovdur

– Fuad müəllim, artıq iki ilə yaxındır ki, Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edirsiniz. Bir sıra ekspertlər, eləcə də xaricdəki soydaşlarımızın əksəriyyəti ötən müddət ərzində Azərbaycan diasporunun fəaliyyətində canlanma müşahidə olunduğunu qeyd edir. Siz bu dövrü necə qiymətləndirirsiniz və 2019-cu il Azərbaycan diasporunun fəaliyyətində hansı hadisələrlə yadda qaldı?
– Əvvəlcə onu qeyd edim ki, bir sıra xalqlarla müqayisədə Azərbaycan diasporunun tarixi çox da böyük bir zaman kəsiyini əhatə etmir. Azərbaycanlıların xarici ölkələrə köçü 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra cümhuriyyət qurucularının Türkiyəyə, Avropa ölkələrinə, Amerikaya getməsi ilə başlayıb və demək olar ki, diasporumuz da məhz bu tarixdən etibarən formalaşmağa başlayıb. Azərbaycanlıların növbəti köçü isə artıq sovet ittifaqının dağılması, ölkəmizin müstəqillik əldə etməsindən sonrakı illərə təsadüf edir ki, bu proses hazırda da davam edir. Hesab edirəm ki, qloballaşma dövründə bütün dünyada miqrasiya proseslərinin sürətləndiyi vaxtda azərbaycanlıların da yaşamaq, eləcə də işləmək üçün müxtəlif ölkələrə üz tutması təbii bir prosesin tərkib hissəsidir. Dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların təşkilatlanması prosesi isə ulu öndər Heydər Əliyevin 1993-cü ildə ölkəyə rəhbərliyi dövründə başlayıb və 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi, 2002-ci ildə isə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təsis olunması ilə davam edib.
Ölkəmizin diaspor siyasətinin reallaşması prosesləri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla irəliləyib, soydaşlarımızın təşkilatlanması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmizin təbliği istiqamətində bir sıra mühüm işlər görülüb. Lakin müasir dövrün çağırışlarına uyğun olaraq diaspor siyasətində də müasir tələblərə cavab verən yeni bir strategiyanın hazırlanması zərurəti yaranmışdı. Möhtərəm cənab Prezident İlham Əliyev Dövlət Komitəsi qarşısında bir neçə həlli vacib olan vəzifələr qoyub ki, onlardan da ən vacibi xaricdə yaşayan soydaşlarımızın daha sıx birliyinə və koordinasiyalı fəaliyyətinə nail olmaqdır.
Qısa müddət ərzində Avropanın soydaşlarımızın daha çox məskunlaşdığı Almaniya, Fransa, Belçika, Niderland kimi ölkələrinə, eləcə də Ukrayna, Amerika Birləşmiş Ştatlarına davamlı səfərlər edib həmvətənlərimizlə görüşlər keçirdik, onların problemləri ilə maraqlandıq, milli-mənəvi dəyərlərimiz, dövlətimiz və dövlətçiliyimiz üçün həmrəylik çağırışları etdik. Beləliklə, səsimizə səs verən soydaşlarımızın təşəbbüsü ilə Avropanın 27 ölkəsini əhatə edən 11 Koordinasiya Şurası yaradıldı. Bu şuraların məqsədi indiyədək pərakəndə formada fəaliyyət göstərən təşkilatların və azərbaycanlıların diaspor fəaliyyətinin səmərəliliyini artırmaq, koordinasiyalı fəaliyyətlə daha böyük uğurlara nail olmaqdır.
Amerika Birləşmiş Ştatları və Türkiyədə Şuraların təsis edilməsi məqsədilə işçi qrupu yaradılıb və bu işlər “Strateji Yol Xəritəsi”nə uyğun şəkildə davam etdirilir.
Qeyd edim ki, birlik ideyası ciddi fikir ayrılıqları olan diaspor rəhbərlərinin bir araya gəlməsində, Azərbaycan dövlətinin, xalqının maraqlarının müdafiəsində birgə fəaliyyət göstərməsi üçün uğurlu addım oldu. Biz bunun bariz nümunəsini Ukraynada görə bilərik. Burada Azərbaycan diaspor təşkilatlarının təmsil olunduğu Ukrayna Azərbaycanlıları Radasının yaradılması bütün qarşıdurmaları, anlaşılmazlıqları aradan qaldırdı. Bu istiqamətdə atılan əhəmiyyətli addımlardan biri də Rusiyada yaşayan soydaşlarımız və diaspor rəhbərləri ilə keçirilən görüş oldu. Ümumilikdə, 2019-cu il Azərbaycan diasporu ilə bağlı bir çox müsbət hallarla yadda qalıb. “Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis edilib, 10 Azərbaycan evi yaradılıb soydaşlarımızın istifadəsinə verilib, 4 ölkədə “Qarabağ” adlı Azərbaycan məktəbləri fəaliyyətə başlayıb.

– Yeri gəlmişkən, Rusiyadakı diaspor təşkilatları arasında müşahidə olunan narazılıqlar, Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinin bərpa edilməsi və ümumilikdə bu ölkədəki diasporumuzla bağlı son yeniliklər nədən ibarətdir. Noyabr ayında Rusiyaya etdiyiniz səfərin müsbət nəticələri görünürmü?
– Hesab edirəm ki, Dövlət Komitəsinin nümayəndə heyətinin Moskva səfərinin özü, buradakı bir-biri ilə fikir ayrılıqları olan diaspor rəhbərlərinin bir yerə toplanaraq görüş keçirməsi, müzakirələr aparması artıq uğurlu başlanğıcdan xəbər verir. Rusiyadakı soydaşlarımız da bu səfəri və görüşü çoxdan gözləyirdilər. Tanışlıq xarakteri daşıyan ilk görüşdə onları narahat edən problemlər ortaya çıxdı, müzakirə olundu, çıxış yolları axtarıldı və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi üçün koordinasiya mərkəzinin yaradılması gündəmə gətirildi. Rusiyada yaşayan azərbaycanlıların hər zaman Azərbaycan dövlətçiliyinin, Azərbaycan müstəqilliyinin qorunmasında xidmətləri olub. Ümid edirik ki, yaxın vaxtlarda buradakı diasporumuzla bağlı bütün neqativ məqamlar aradan qaldırılacaq. Ümumilikdə isə Rusiya səfərini konstruktiv və səmərəli hesab etmək olar. İstər Rusiya Federasiyasının dövlət qurumlarında aparılan danışıqlar, istərsə də soydaşlarımızla keçirilən görüşlər çox böyük əhəmiyyət kəsb edir. Rusiyadakı azərbaycanlıların problemlərinin həlli, qarşılıqlı əməkdaşlıq, Rusiya və Azərbaycan cəmiyyətlərinin əlaqələrinin möhkəmlənməsi baxımından səfərin müsbət nəticələrini yaxın vaxtlarda görə biləcəyik. Belə səfərlərin Rusiyanın regionlarına da təşkil olunması planlaşdırılır.

– Dövlət Komitəsinin əsas məqsədlərindən biri də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətin ədalətli mövqeyinə nail olmaq, erməni yalanlarına qarşı mübarizə aparmaqdır. Bu sahədə hansı addımlar atılıb?
– Hazırda bir sıra ölkələrdə xalqımız üçün mühüm əhəmiyyət kəsb edən tarixi günlər kütləvi tədbirlərlə qeyd olunur, Avropanın iri şəhərlərində izdihamlı mitinqlər keçirilir. Bu ilin fevralında Brüsseldə Avropa Parlamentinin binası qarşısında baş tutan mitinqi xüsusi qeyd etmək istərdim. Avropanın müxtəlif ölkələrində yaşayan, siyasi baxışından asılı olmayaraq, yüzlərlə soydaşımız Azərbaycanın haqq səsini duyurmaq üçün həmin mitinqə axışmışdı. Bundan başqa, Azərbaycan torpaqlarında qurulmuş qondarma rejimin “xarici işlər naziri” Masis Mailyanın ABŞ-a səfəri və burada Konqresdəki görüşlərinə qarşı soydaşlarımızın etiraz aksiyasını xüsusi qeyd etmək lazımdır. Əsas olaraq onu qeyd edim ki, yeni strategiyaya uyğun surətdə Azərbaycan həqiqətlərinin təbliğini gücləndirmək məqsədilə xaricdəki gənc azərbaycanlılarla aparılan ideoloji fəaliyyət gücləndirilib.
Azərbaycan Diasporuna Dəstək Fondu ilə birgə gerçəkləşdirilən Diaspor Gənclərinin Yay Düşərgəsi, Brüsseldə keçirilmiş Azərbaycan Diaspor Gənclərinin Qış Məktəbi bu sahədə görülən işlərin bir nümunəsidir. Layihədə iştirak edən gənclərə düşərgə müddətində tarixi vətənləri ilə daha yaxından tanış olmaq imkanı verilir, onlara Azərbaycana dair müxtəlif biliklərlə yanaşı, Qarabağ həqiqətləri də aşılanır, maarifləndirilir, informasiya texnologiyalarının inkişaf etdiyi dövrdə yaşadıqları ölkələrin cəmiyyətinə, müvafiq qurumlarına bizim həqiqətlərin çatdırılması mexanizmləri öyrədilir, erməni təxribatları ilə üzləşdikdə necə davranmaları və onun qarşısının alınması ilə bağlı təlimlər keçilir. Belə düşərgələrin təşkilinin digər bir vacib əhəmiyyəti də dünyada yaşayan azərbaycanlı gənclərin şəbəkəsinin formalaşmasıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrdə açılan “Qarabağ” Azərbaycan məktəblərinin də bu baxımdan faydası danılmazdır. Artıq dörd ölkədə - Fransa, İsveçrə, İsveç və Polşada fəaliyyətə başlayan bu məktəblərin məqsədi həmin ölkələrdə böyüməkdə olan azərbaycanlı uşaqlara ana dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini tədris etməklə yanaşı, ölkəmizlə bağlı həqiqətləri də onlara indidən aşılamaqdır ki, gələcəkdə milli kimliyini qoruyub saxlasın, bu kimliyi təbliğ edə, xalqımızın və dövlətimizin maraqlarını müdafiə edə bilsin. Bu artıq bir faktdır ki, Azərbaycan dövləti gücləndikcə, diaspor fəaliyyətimiz lobbiçiliklə möhkəmləndikcə erməni yalanları üzə çıxır, ermənilərin Azərbaycana qarşı haqsız və heç bir hüquqa söykənməyən ittiham və iddiaları mütərəqqi dünya ictimaiyyəti tərəfindən qəbul edilmir. Vaxtilə xəyal kimi görünən məsələlər bu gün tamamilə bizim xeyrimizə dəyişir. Bu gün bizə qarşı 900-ə yaxın erməni diaspor təşkilatı fəaliyyət göstərsə də, onlar dünyanın hər hansı ölkəsində Azərbaycana qarşı təxribatlara əl atarsa, qarşısında güclü və mütləq mütəşəkkil Azərbaycan diasporunu görəcək, adekvat cavabını alacaq.

– Azərbaycanın diaspor siyasətini həyata keçirən qurum kimi Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də lobbiçilik işinin qurulması, gücləndirilməsidir...
– Azərbaycan diasporunun əsası və milli həmrəyliyin təşəkkül tapması ulu öndər Heydər Əliyevin, diaspor quruculuğunun inkişafı, təşkilatlanması işinin təkmilləşdirilməsi Prezident İlham Əliyevin adları ilə bağlıdırsa, bu gün ölkəmizin maraqlarına xidmət edən lobbi quruculuğu istiqamətindəki fəaliyyətin uğurları, Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, tarixinin təbliği işindəki nailiyyətlər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əvəzedilməz xidmətlərinin nəticəsidir. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən humanitar layihələr müxtəlif beynəlxalq təşkilatlarda, ayrı-ayrı dövlətlərdə və dini icmalarda ölkəmiz haqqında müsbət imicin yaradılmasına böyük təsir göstərib. Məhz bu layihələrin köməyi ilə əlaqə yaradılması, kommunikasiya qurulması çətin olan siyasətçilərin və dövlət nümayəndələrinin bağlı qapıları açılmağa başlayıb. Azərbaycanın diaspor təşkilatları motivasiya olunub, fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycana qarşı müsbət fikirlərin formalaşmasına və diaspor fəaliyyətinin asanlaşmasına şərait yaranıb. Ölkəmiz barədə həqiqətlər daha geniş yayılıb və nəticədə həmyerlilərimizin, diaspor üzvlərinin yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiyası intensivləşib, lobbi quruculuğuna münbit zəmin yaranıb.
Biz bu gün inamla deyə bilərik ki, xaricdə yaşayan soydaşlarımızın, təşkilatların koordinasiyası işi dövrün tələblərinə cavab verir, həmrəylik, birlik ideologiyası ətrafında formalaşması prosesi yüksək səviyyədədir və lobbi quruculuğuna doğru qətiyyətli addımlar atılmaqdadır.

– Gürcüstandakı soydaşlarımızın, təhsil də daxil olmaqla, uzun illərdir yığılıb qalmış problemlərinin həlli istiqamətində hansı işlər görülüb? Ümumiyyətlə, bu ölkədə yaşayan azərbaycanlılarla bağlı planlar nədən ibarətdir?
– Gürcüstandakı soydaşlarımızın problemləri artıq mərhələli şəkildə öz həllini tapmağa başlayıb. Dövlət Komitəsinin nümayəndə heyəti bir neçə dəfə Gürcüstana səfər edib. Nümayəndə heyəti azərbaycanlıların sıx yaşadığı bölgələrdə kəndbəkənd gəzərək onları dinləyib, problemlərini, narahat edən məsələləri öyrənib. Bütün bunlar ümumiləşdirilərək müvafiq qurumlarla, eləcə də Gürcüstan rəsmiləri ilə keçirilən görüşlərdə müzakirə edilib.
Hesab edirəm ki, müzakirə və səfərlərin nəticəsi olaraq, azərbaycanlıların yaşadığı Marneuli rayonunda İnteqrasiya Mərkəzi açılıb, bir neçə rayona Heydər Əliyev Fondu tərəfindən müasir texniki avadanlıqla təchiz olunmuş təcili tibbi yardım maşınları, əlil arabaları təqdim olundu, bir sıra kəndlərdəki sosial-iqtisadi problemlərin həllinə yönəlik layihələrin icrasına başlanılıb, Azərbaycan məktəblərinin dərsliklərlə, kompüterlərlə təminatı məsələsi müvafiq dövlət qurumları ilə birgə əməkdaşlıq nəticəsində həllini tapıb. Gürcüstan azərbaycanlılarının problemləri hər zaman Azərbaycan dövlətinin diqqətində olub, hazırda da Heydər Əliyev Fondunun dəstəyi, Dövlət Komitəsinin xətti ilə orada yaşayan soydaşlarımızın vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra layihələr həyata keçirilməkdədir.

– Türkiyədə illərlə qanunsuz yaşayan azərbaycanlıların problemləri ilə bağlı məsələlər həllini tapdımı?
– Bildiyiniz kimi, 1990-cı illərin əvvəllərindən Azərbaycandan, xüsusilə də Naxçıvandan Türkiyənin müxtəlif şəhərlərinə, əsasən də İstanbula böyük axın olub. Həmin vaxt SSRİ pasportu ilə bu ölkəyə gedən soydaşlarımızın bir qismi müxtəlif səbəblərdən geri qayıda, şəxsiyyətini təsdiq edən sənədi ala bilməyiblər. Beləliklə, minlərlə insan qüvvədən düşmüş pasportla illərlə bu ölkədə qanunsuz yaşayaraq, bir çox hüquqlardan məhrum olublar. Çox təəssüf ki, həmin insanların böyüməkdə olan övladları, hətta nəvələri də bu ölkədəki yaşayışını qanuniləşdirə bilməyib, bununla da qeyri-leqal miqrant ordusuna çevriliblər. Hazırda İstanbulun bir səmtində kompakt yaşayan bu insanların təhsil, səhiyyə və bir sıra digər problemlərinin həlli üçün Azərbaycan və Türkiyə hökumətləri birgə səy göstərir. Məhz bu çərçivədə Diasporla İş üzrə Dövlət Komitəsi, Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi və digər qurumların nümayəndələrindən ibarət qrup Türkiyənin müvafiq dövlət strukturları ilə birgə bu istiqamətdə fəaliyyətə başlayıb. Bu ilin sentyabrında Türkiyəyə səfərimiz çərçivəsində İstanbul valisi Ali Yerlikaya ilə keçirdiyimiz görüşdə soydaşlarımızın indiki mərhələdə “İnsani” adlanan müvəqqəti yaşamaq icazəsinin verilməsi haqqında razılıq əldə etdik. Bu razılaşmaya uyğun olaraq Dövlət Komitəsi onlardan bir qrupunun siyahısını hazırlayaraq Türkiyə tərəfinə təqdim edib və yaxın vaxtlarda həmin siyahıya əsasən vəsiqələrin paylanılmasına başlanacaq.
Bu məsələ təkcə Türkiyə yox, Qazaxıstan, Rusiya kimi ölkələrdə yaşayan soydaşlarımız üçün də aktualdır və biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.

– Türkiyədəki Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirirsiz?
– Türkiyədəki Azərbaycan diasporunun fəaliyyətinə gəlincə, Dövlət Komitəsi son dövrlərdə bütün ölkələrdə olduğu kimi, Türkiyədə də diasporumuzun akademik səviyyəyə qaldırılması, əsasən tələbə-gənclər, müxtəlif elm-təhsil müəssisələrində çalışan alimlər, iş adamları, yaşadıqları cəmiyyətin mədəniyyətinə, incəsənətinə töhfə vermiş soydaşlarımızla əməkdaşlığın qurulmasına və genişləndirilməsinə üstünlük verir. Çoxsaylı tədbirlər keçirilib və bunlar davamlı xarakter daşıyır. Bu müddət ərzində Türkiyədə yaşayan soydaşlarımızla bir neçə dəfə görüş keçirilib, bu görüşlər çərçivəsində Azərbaycan icmasının nümayəndələri tərəfindən irəli sürülən layihələrin dəstəklənməsi ilə bağlı Azərbaycan Diasporuna Dəstək Fondunun geniş təqdimatı olub. Eyni zamanda, 7 fevral 2019-cu ildə Azərbaycan Diasporuna Dəstək Fondu ilə Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Bundan başqa, Türkiyədə yaşayan Cümhuriyyət varisləri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçilik ənənələrinə diqqətinin təzahürü kimi “Cümhuriyyətin 100 illiyi” medalı ilə təltif edilib.
Soydaşlarımızın müraciəti əsasında Diaspora Dəstək Fondunun vasitəsilə Türkiyədə Azərbaycan mədəniyyyəti və incəsənətini təbliğ edən layihəyə dəstək göstərilib. Ən son Türkiyədə Dövlət Komitəsinin, Səfirliyin və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan “Nümunəvi həkim olmağa” doğru həkimlərin Ankara şəhərində keçirilən növbəti - VI Forumunu da əhəmiyyətli tədbirlərdən hesab etmək olar.

– Görünən odur ki, diaspor siyasətinin həyata keçirilməsi ilə bağlı xeyli önəmli işlər görülüb. Lakin bunların hamısını şərh etmədən ən əhəmiyyətli addımlardan hansıları qeyd edərdiniz?
– Diasporla İş üzrə Dövlət Komitəsinin “Strateji Yol Xəritəsi” işlənib hazırlanıb və icrası istiqamətində ardıcıl işlər görülür, Komitənin nəzdində Azərbaycan Diasporuna Dəstək Fondu fəaliyyət göstərir, Fond indiyədək təşkilatlar tərəfindən təqdim edilmiş 66 layihədən 32 layihəni, o cümlədən fərdi şəxslərin verdiyi 16 layihəni maliyyələşdirib; Komitənin internet televiziyası Diaspor TV, internet radiosu Diaspor FM yaradılıb. Ayda iki dəfə İctimai televiziyada “Vətən uzaqda deyil” adlı veriliş yayımlanır. Bu verilişlərdə xaricdə yaşayan soydaşlarımızın həyat və fəaliyyətləri, Azərbaycan diasporunun həyata keçirdiyi tədbirlər, Dövlət Komitəsinin fəaliyyəti işıqlandırılır.
“Azərbaycan alimləri diasporu” informasiya sistemi (http://www.elmidiaspora.az/) yaradılıb və davamlı olaraq zənginləşdirilir, hazırda sistemdə 500 azərbaycanlı alim haqqında informasiya yerləşdirilib.
Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bioqrafiyalarının toplandığı və davamlı olaraq təkmilləşdirilən www.azerbaycan.li internet ünvanı qurulub.
İlk dəfə olaraq infoqrafik diaspor xəritəsi (http://www.diasporamap.com/) yaradılaraq açıq istifadəyə təqdim edilib. Hazırda xəritədə 48 ölkədən 538 təşkilat haqqında informasiya yerləşdirilib.
Diaspor təşkilatlarına texniki dəstək çərçivəsində onların internet saytlarının hazırlanması, e-poçt xidmətlərinin yaradılması istiqamətində 106 təşkilata müvafiq dəstək göstərilib və bu prosesi davam edir.
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə 16-21 dekabr 2019-cu il tarixlərində “Liderliyin İnkişafı Proqramı” layihəsi çərçivəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstandakı Azərbaycan icmalarını təmsil edən nümayəndələr ölkəmizə səfər ediblər. Səfər proqramına ümummilli liderin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayan nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub, habelə ölkənin bir sıra yüksək səviyyəli dövlət və hökumət rəsmiləri ilə görüşüb.
Səfər çərçivəsində soydaşlarımız Masazır qəsəbəsindəki məcburi köçkün ailələri, Xocalı şəhidi və Aprel şəhidi ailələrinə baş çəkib. Həmçinin Cocuq-Mərcanlı kəndinə səfər edən qonaqlar erməni işğalından azad edildikdən sonra burada aparılmış genişmiqyaslı quruculuq işləri, yaradılmış müasir infrastruktur və yaşayış şəraiti ilə tanış olub, Aprel şəhidlərinin xatirə abidəsi, kənd orta məktəbi və kənd məscidini ziyarət edib.
Dövlət Komitəsinin “Beyin qazanmaq” adlı digər bir proqramı çərçivəsində xaricdə uğur əldə etmiş gənclərimizin ölkəmizə səfərləri təşkil edilir. Gənclərin burada Universitet rəhbərlikləri, kollektiv və tələbələrlə görüşləri keçirilir. Bu istiqamətdə artıq iki nəfər gənc ölkəmizdə ADA Universiteti və Azərbaycan Texniki Universitetində olublar, müvafiq görüşlər keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsi 29 yanvar 2019-cu il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası ilə, 15 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə, 1 iyul 2019-cu il tarixdə isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.
Qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər görülüb. “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması ilə bağlı qanun layihəsi hazırlanıb və qəbul edilib. Bununla bağlı möhtərəm cənab Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli müvafiq Fərmanı ilə “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişiklik edilib.

– Fuad müəllim, 2020-ci ildə Dövlət Komitəsinin fəaliyyətində hansı yeniliklər gözlənilir? Gələcək planlarınız barədə fikirlərinizi bilmək istərdik?
– Əvvəlcə deyim ki, qloballaşan dünyada Azərbaycan dilinin, milli kimliyin və mədəniyyətin qorunması məsələsi Azərbaycan diasporu üçün də aktual məsələlərdəndir. Bu məsələ ilə bağlı Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə xaricdəki soydaşlarımız üçün “Azərbaycan dili” dərsliyi hazırlamışıq. Kitabın müxtəlif ölkələrdəki Azərbaycan dili məktəblərində paylanılması, daha bir neçə ölkədə “Qarabağ” məktəblərinin açılması nəzərdə tutulub.
Müxtəlif ölkə və şəhərlərdə Azərbaycan evlərinin yaradılması prosesini davam etdirməyi və gələn il daha 8 məkanda belə mərkəzlərin təsis olunmasını planlaşdırırıq. Vahid loqo ilə fəaliyyət göstərən Azərbaycan evləri xaricdəki hər bir soydaşımız üçün açıq məkan olacaq. Onlar burada toplaşaraq müxtəlif səpkili tədbirlər keçirə, müzakirələr apara biləcəklər.
Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyasında keçirilməsi nəzərdə tutulan çox sayda mədəni layihələr üzərində iş aparılır. 2020-ci ilin fevralından bu layihələrin reallaşdırılmasına start veriləcək. Növbəti ildə həmvətənlərimizin də səbirsizliklə gözlədiyi “Soydaşlar haqqında Qanun” layihəsinin yeni parlamentdə qəbul olunacağına ümid edirik.
“Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması üzərində işlər aparılır.
Soydaşlarımızın ünsiyyəti üçün yeni unikal bir platforma üzərində işləyirik, hazırda işlər yekunlaşmaq üzrədir, böyük ehtimalla fevral ayından həmvətənlərimizin istifadəsinə verə biləcəyik. Daha bir böyük layihələrimizdən biri Azərbaycan-Türkiyə Mədəniyyət Fondunun yaradılmasıdır. Bununla bağlı bütün texniki məsələlər həll olunub, gələn il açılışını etməyi planlayırıq. Bu, Türkiyədə işləyəcək ən böyük fondlarımızdan biri olacaq. Türkdilli ölkələrin diaspor gənclərinin yay düşərgəsinin keçirilməsi ilə bağlı təkliflər müzakirə olunur, yaxın vaxtlarda bununla bağlı konkret qərarların veriləcəyi gözlənilir. Azərbaycanlı alimlərin şəbəkələşməsi ilə bağlı layihələrimiz var, hazırda bunun da üzərində işlənilir.
Bir sözlə, planlarımız çoxdur və bütün işlərimiz Dövlət Komitəsi olaraq Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, lobbi quruculuğunda aktiv iştirak, Azərbaycanın tarixi və mədəni irsinin təbliği istiqamətində bir-birindən maraqlı və səmərəli layihələrin həyata keçirilməsinə yönəlib.
Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız müstəqil, qüdrətli Azərbaycan dövlətini öz yanında görsün.

– Xaricdəki soydaşlarımıza diqqət və qayğıdan danışarkən, bu günlərdə Almaniyada açılan Azərbaycan evini xatırladım. Soydaşlarımız da çıxışlarında bunu özlərinə yüksək diqqət kimi dəyərləndiriblər.
– 2019-cu il xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycan evləri ilə də yaddaqalan oldu. ümumilikdə Almaniya, Macarıstan, İspaniya, İtaliya, Belçika, Polşa, Ukrayna, Gürcüstan və Türkiyədə Azərbaycan evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilib və bu istiqamətdə işlər davam edir. Almaniyada Azərbaycan evləri həm Berlində, həm də Köln şəhərində fəaliyyət göstərir. Növbəti ildə də daha 8 evin açılması planlaşdırılır. Azərbaycan evləri olduqca mühüm əhəmiyyət kəsb edir. Soydaşlarımızın birliyi, birgə fəaliyyəti, öz aralarında və yerli cəmiyyətə inteqrasiya baxımından xüsusi önəm kəsb edir. Bu mənada evlərin fəaliyyətinə xüsusi diqqət verilməlidir. Bu evlər Azərbaycan dövlətini və xalqını sevən, milli maraqlarımızı üstün tutan hər bir kəsin üzünə açıqdır. Ümid edirəm ki, Azərbaycan evləri xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, birliyi istiqamətində ciddi və əhəmiyyətli rol oynayacaq. Koordinasiya Şuralarının təsis edilməsi ilə bünövrəsi qoyulmuş birliyimiz daha da möhkəmlənəcəkdir.
Çalışırıq ki, hər bir ölkədə, soydaşlarımızın kompakt yaşadığı hər bir şəhərdə onların toplaşıb, müzakirə apara biləcəyi, problemləri bölüşə biləcəyi bir məkan olsun. Azərbaycan evləri azərbaycanlıların bir dayaq nöqtəsi, görüş, müzakirə məkanıdır.

– Fuad müəllim, çıxışlarınızın birində qeyd etmişdiz ki, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi üzərində işlər aparılır. Bununla bağlı fikirləriniz maraqlıdır.
– Dövlət Komitəsi olaraq, dövlətimizin siyasətinə və dövlət başçısının tapşırıqlarına uyğun olaraq, dünya azərbaycanlılarının şəbəkələşməsi, türk dünyası birliyinin möhkəmləndirilməsi üçün bütün mümkün olanları edirik və bu işlər ardıcıl şəkildə aparılır. Bu gün Azərbaycan diasporu ilə bağlı xəbərlər 7318 email vasitəsilə, yaşadığı yerdən asılı olmayaraq, şəxslərin email ünvanına, əl telefonuna göndərilir. Soydaşlarımızın müsahibələri, xaricdəki yaşayışları, fəaliyyətləri ictimaiyyətə təqdim edilir, biblioqrafiya bankı formalaşdırılır. Onların dövlətimiz və dövlətçiliyimiz ətrafında fəaliyyətləri təşviq olunur. Azərbaycan diasporu ilə bağlı xəbərlər Komitənin rəsmi saytı vasitəsilə və sosial şəbəkə üzərindən operativ şəkildə işıqlandırılır. Təbii ki, bu işlər davamlı xarakter daşıyır və mütəmadi olaraq təkmilləşdirilir.

– Türk dünyası birliyi ifadəsi işlətdiz. Bu sahədə işlər nə yerdədir. Diasporla İş üzrə Dövlət Komitəsi hansı addımları atır?
– Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Qazaxıstan Respublikasının Vətəndaşlar Fondu və Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb. Eyni zamanda, Türk dünyasında baş verən aktual və əhəmiyyətli xəbərləri, Türkiyə və Azərbaycan diasporunun fəaliyyəti haqqında məlumatları özündə əks etdirən “Türkiyə-Azərbaycan” jurnalının nəşrinə başlanılıb. Jurnal Dövlət Komitəsinin dəstəyi ilə türk dilində rübdə bir dəfə 1000 nüsxə ilə çap edilir. Türkiyədə, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində dövlət və ictimai qurumlara, diaspor təşkilatlarına pulsuz şəkildə paylanılır.
Türkiyə-Azərbaycan münasibətləri, hər iki ölkə prezidentinin dostluq və qardaşlıq münasibətlərinə geniş yer ayıran jurnalın 3-cü sayı xüsusi buraxılış kimi bütünlüklə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının oktyabr ayında Bakıda keçirilmiş VII Zirvə görüşünə həsr olunub. Bu görüşün Azərbaycanda keçirilməsi, orada qəbul olunan qərarlar, Özbəkistanın Şuraya üzv qəbul olunması, Macarıstanın müşahidəçi kimi təmsilçiliyi, Budapeştdə Şuranın regional ofisinin açılması, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakıda mənzil-qərargahının rəsmi açılış mərasiminin keçirilməsi, Bakı şəhərində Türkdilli ölkələrin diasporları arasında Təcrübə mübadiləsi proqramının açılışı, Berlin və Nyu-Yorkda Türk Şurasına üzv ölkələrin diasporlarının potensial artırma təlim proqramlarının təşkili baxımından 2019-cu il xüsusi əhəmiyyət kəsb edir.
Hələ 2018-ci ilin 8 noyabr tarixində Türkiyə Respublikasında keçirilən iclasda Türkiyə və Azərbaycanın diaspor sahəsində malik olduqları təcrübənin Türk Şurasının digər üzv ölkələri ilə bölüşməsi, 2018-2019-cu illərdə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə təcrübə-mübadilə proqramı çərçivəsində seminarların təşkili, beynəlxalq gənclər düşərgəsinin Qazaxıstanda təşkil olunması təşəbbüsü yekdilliklə qəbul olunub. Bununla yanaşı, 2019-cu ildə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın diaspor təşkilatları arasında birlik və həmrəylik hissinin artırılması üçün diaspor və vətəndaş cəmiyyəti nümayəndələri üçün birgə təlimlərin Türkiyə tərəfinin təşkilatçılığı ilə Almaniyada, Azərbaycan Respublikasının təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarında təşkil edilməsi istiqamətində razılıq əldə edilib.
Ankarada keçirilən 3-cü iclasdan sonra 8 fevral 2019-cu ildə Bakı şəhərində Təcrübə mübadiləsi proqramının açılışı olub. Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyə, Qazaxıstan və Qırğızıstanın müvafiq qurumlarının təmsilçiləri, həmin ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak edib. Təcrübə mübadiləsinin səmərəliliyinin artırılması üçün fikir və təkliflər səsləndirildiyi toplantıda həyata keçiriləcək konkret tədbirlər müzakirə olunub.
Türkdilli Diasporların I Potensial artırma Təlim Proqramının növbəti tədbiri 2019-cu ilin 27 mart tarixində Almaniyada təşkil edilib. Təlim proqramının təşkilində əsas məqsəd türkdilli ölkələrin diasporlarının qarşılıqlı əlaqələrinin gücləndirilməsi və birgə fəaliyyətinə nail olmaqdır.
28 sentyabr 2019-cu ildə Amerika Birləşmiş Ştatlarında Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diasporlarının növbəti toplantısı - potensialın təkmilləşdirilməsi üzrə proqram təşkil edilib. ABŞ-da keçirilən təlim proqramı da, məhz I Potensial artırma Təlim Proqramının tərkib hissəsidir.
Gələcək əməkdaşlığın daha da gücləndirilməsi, ümumtürk diasporunun formalaşdırılmasına dəstək məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin türkdilli dövlətlərin diaspor gənclərinin ortaq düşərgələrinin təşkil olunması barədə təklifi də müzakirə predmetidir. Eyni zamanda, Dövlət Komitəsi tərəfindən işlənib hazırlanmış “Türkdilli diasporların inkişafına dair Strateji Yol Xəritəsi” qəbul edilib və gələcək fəaliyyətin Yol Xəritəsinə uyğun qurulması ilə bağlı razılığa gəlinib.
Bütün bunlar türkdilli diasporların birliyinə xidmət edir.

– Fuad müəllim, gənclərlə bağlı sual vermək istərdim. Azərbaycan diasporunda gənclərin rolu nədən ibarətdir. Ölkəmizdə həyata keçirilən islahatlardan da göründüyü kimi, gənclərə üstünlük verilir, gənc kadrlar önə çəkilir. Diaspor sahəsində necədir, gənclərimizin fəallığını necə dəyərləndirirsiniz?
– Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək “Gənclər bizim gələcəyimizdir”. Azərbaycan diasporunda gənclər olduqca aktivdir və vətənini, dövlətini sevir. Diaspor könüllü bir fəaliyyətdir. Komitə olaraq biz kimi isə seçmirik, vəzifəyə təyin etmirik. Hər kəs qəlbinin səsinə qulaq asaraq dövlətini layiqincə təmsil etməyə çalışır. Təbii ki, diaspor fəaliyyətində də gənclər önə çıxır və bu təbiidir. Ona görə ki, gənclər daha çevikdir, dil bilikləri, dünyagörüşləri, müasir informasiya-kommunikasiya vasitələri ilə çevik davrana bilirlər. Bütün bunlar gənclərin daha önə çıxmasına imkan yaradan təbii zərurətdir. Diaspor Gənclərinin yay düşərgələri keçirilir. Şəki şəhərində “Cümhuriyyətin 100 illiyi” adlı birinci və Şamaxı şəhərində “Nəsimi-650” adlı II Yay düşərgəsi keçirilib. Düşərgələrdə iştirak üçün 54 ölkədən 700 gənc müraciət edib, 280 gəncin iştirakı təmin edilib. Avropanın siyasi mərkəzi olan Brüsseldə Diaspor gənclərinin Qış düşərgəsi keçirilib. “Azərbaycan Diaspor Könüllüləri” proqramı həyata keçirilir. 609 gənc Diaspor könüllüsü olmaq üçün müraciət etmişdir. Belə kütləvi müraciəti nəzərə alaraq, Nizami kino mərkəzində onlarla ümumi bir görüş keçirdik. Daha sonra isə könüllülər qrup şəklində təlimlərə cəlb edilir.
Bütün bunlar gənclərlə görülən işlərin bir hissəsidir və davamlı xarakter daşıyır.

– Çox sağ olun, Fuad müəllim, sonda qarşıdan əlamətdar günlər gəlir. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il. Bununla bağlı bir sözünüz varmı?
– Bütün xalqımızı, xaricdə yaşayan soydaşlarımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. 2020-ci ildə ərazilərimizin işğaldan azad edilməsini, ərazi bütövlüyümüzün təmin olunmasını və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını arzu edirəm.

Müsahibəni apardı:
Qədir ASLAN,
“Respublika”.

 

“Respublika” qəzetinin 30 dekabr 2019-cu il tarixli sayı:
http://www.respublica-news.az/images/pdf/2019.12.30.pdf

Keçid link:
http://www.respublica-news.az/index.php/muesahib-l-r/item/25313-soydashlar-m-z-n-koordinasiya-shuralar-n-n-taesis-edilmaesi-ilae-bunoevraesi-goyulmush-birliyini-azaerbaydzan-evlaeri-daha-da-moehkaemlaendiraedzaekdir