Yaşar Musayev: Diasporla İş üzrə Dövlət Komitəsinin son vaxtlar gördüyü işlər təqdirəlayiqdir

Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin sədri, texnika elmləri doktoru Yaşar Musayevin müsahibəsini təqdim edirik:
- Yaşar müəllim, siz Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin sədri, “Şeffler qrupu” şirkətinin “Səthlərin emal texnologiyası” üzrə senior vitse-prezidenti, Schaeffler Baltic şirkətinin baş meneceri olmaqla yanaşı, Almaniyada azərbaycanlı tələbələr və elmi işçilər birliyinin, Almaniya Mühəndilsər Birliyi nəzdində təşkil olunmuş “Nanotexnologiyalar üzrə komitə”nin İdarə Heyətinin, Alman Mühəndislər Birliyinin üzvü, eləcə də Avropa “Nazik örtüklər” Elmi Birliyinin sədr müavinisiniz. Bütün bu işlərin öhdəsindən necə gəlirsiniz?
- İlk növbədə, bütün həmvətənlərimizi Almaniyadan salamlayıram. Bizim hamımız təbiətin bəxş etdiyi 24 saat ərzində çalışırıq ki, həyatımızı səmərəli keçirək. Bir çoxlarımız üçün 3x8 prinsipi adətən əsas götürülür, yəni 8 saat fəal çalışmaq, 8 saat ailə və şəxsi işlərə sərf etmək və 8 saat yatmaq. Əgər bir insan öz üzərinə normadan artıq yük götürürsə, təbii ki, bu zaman qeyd olunan 2-ci və 3-cü vaxt faktorlarının hesabına həmin işləri yerinə yetirməli olur. Həyatım boyu çalışmışam ki, üzərimə götürdüyüm əlavə ictimai işlərin məsuliyyətini dərk edim və bacardığım qədər bu işlərin öhdəsindən layiqincə gəlim. Hər bir insan öz zamanını çox düzgün qiymətləndirməlidir. Bütün insanlar məhz zamanın onlara verdiyi “vaxt pəncərəsi” çərçivəsində həyata gəlir, yaşayır və zamanın tarixinə çevrilir. Mən çalışıram ki, vaxtımı ailəmlə səmərəli keçirim. Mənim üçün səmərəliliyin ölçü vahidi yaşadığımız digitalizasiya dövründə düzgün prioritetlərin seçilməsi, obyektivlik, sürətlilik, planlı və sistemli həyat tərzidir.
- Sədr kimi sizi narahat edən məsələlər hansılardır? Onların həlli istiqamətində nə kimi addımlar atmağı düşünürsünüz? 
- Məlum olduğu kimi, bizim diaspor təşkilatları nəinki Almaniyada, həmçinin, bir çox digər ölkələrdə də yenidən təşkilatlanma dövrünü yaşayır. Son 10-15 ildə diaspora sahəsində bir çox işlər görülsə də, bu planlı, sistemli və aydın formada ictimaiyyətə çatdırılmayıb. Sevindirici haldir ki, təşkilatlanma sahəsində olan bəzi nöqsanları Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyi gördü və xarici ölkələrdə, eləcə də Almaniyada fəaliyyət göstərən təşkilatlarla açıq dialoq apardı. Nəticə etibarilə, diasporumuzu təmsil edən bütün vacib təşkilatların Koordinasiya Şuraları formasında birləşməsi vaxtında həyata keçirilən vacib addımdır. Növbəti mərhələdə həmin Koordinasiya Şuralarının strateji yol xəritələri tərtib edilməli və ictimaiyyətə təqdim olunmalıdır. Bu sahədə Almaniya Azərbaycanlılarının Koordinasiya Şurası öz təcrübəsini başqa ölkələrdə təmsil olunan soydaşlarımızla bölüşməyə hazırdır. Eyni zamanda, qabaqcıl ölkələrin diaspor təşkilatlarının, həmçinin güclü diaspor ənənələri ilə seçilən xalqların təcrübəsini öyrənməli və işimizə tətbiq etməliyik.
- Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması, xalqımıza qarşı törədilmiş erməni vəhşilikləri barədə həqiqətlərin Almaniya ictimaiyyətinə çatdırılması üçün nə kimi addımlar atmaq niyyətindəsiniz? 
- Bu sahədə son illər Almaniyada fəaliyyət göstərən diaspor təşkilatları çox işlər həyata keçirir. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı, Xocalı soyqırımı və s. haqqında həqiqətlər Almaniya və Avropa ictimaiyyətinə elmi-ictimai konfranslar, seminarlar, yürüşlər vasitəsilə çatdırılır. Bütün bu işləri koordinasiya olunmuş şəkildə Almaniya və Avropada davam etdirəcəyik. 
- Bu istiqamətdə Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nə kimi addımlar atmağı düşünürsünüz? 
- Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin son vaxtlar gördüyü işlər təqdirəlayiqdir. Xüsusilə, Azərbaycan Elmlər Akademiyası, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, ASAN xidmət ilə əməkdaşlıq müqavilələri diaspor təşkilatlarımız, eləcə də xaricdə yaşayan 40 milyonluq soydaşlarımız üçün əlverişli imkanlar yaradır. Çalışacağıq ki, Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə təmsil olunan bütün Koordinasiya Şuraları ilə sıx əməkdaşlıq edək, birlikdə azərbaycançılıq ideyaları ətrafinda strateji yol xəritələri və innovativ layihələr reallaşdıraq. Bu layihələrin həyata keçirilməsi üçün Azərbaycan Diasporuna Dəstək Fondu ilə sıx əməkdaşlıq nəzərdə tutulub. 
- Almaniya ilə Azərbaycan arasındakı əlaqələr barədə nə deyə bilərsiniz? 
- Almaniya Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq tanıyan dövlətlərdən biri olub. 2018-ci ildə Almaniyanın bir çox şəhərlərində almanların Azərbaycana köçürülməsinin 200 illiyini qeyd etdik. Azərbaycan Almaniyanın, eləcə də bütün Avropanın enerji təhlükəsizliyini təmin edən ən əsas ölkələrdən biridir. Almaniyanın 100-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan Almaniyanın Qafqazda vacib iqtisadi tərəfdaşıdır. Almaniya Qafqazda sülhün və sabitliyin yaradılmasında çox maraqlıdır. Almaniya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O cümlədən siyasi, iqtisadi maraqlarla yanaşı, Azərbaycanla olan mədəni, elmi, tibbi və ictimai əlaqələrə də çox böyük önəm verir.
- Bir qədər də elmi fəaliyyətinizdən danışardınız.
- Dahi Nizami Gəncəvinin kəlamı ilə desək, “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”. Müasir dövrümüz yüksək texnologiyalar dövrü, digitalizasiya dövrüdür. Bu dövrdə yüksək elmi səviyyə, dərin biliklər olmadan qabaqcıl nəticələrə nail olmaq mümkün deyil. Elm və bilik isə yalnız oxumaqla, öyrənməklə və yüksək işgüzarlıq qabiliyyəti ilə əldə edilir. Təvazökarlıqdan uzaq olmasın, mən orta məktəbi doğulub boya-başa çatdığım Sabirabad rayonunda qızıl medalla bitirdikdən sonra Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu və yüksək təqaüdlə bitirdim. Sadə bir ailənin övladıyam. Universiteti bitirdikdən sonra həmin universitetdə laborant, mühəndis, assistent, dosent və kafedra müdirinin müavini vəzifəsinə qədər yüksəlmişəm. O vaxt mənim 26 yaşım vardı. Sonra Almaniyada doktorantura təhsili üçün müsabiqənin qalibi oldum və 1997-ci ildən bu günə kimi Almaniyanın Nürnberq şəhərində yaşayıram. 2001-ci ildə Almaniyanın Erlangen-Nürnberq Universitetində doktorantura təhsilimi başa vuraraq, doktor mühəndis elmi dərəcəsini qazandım. 2010-cu ildən ailəmlə birlikdə Almaniya vətəndaşıyıq. Almaniyanın müxtəlif aparıcı elmi-tədqiqat müəssisələrində elmi şöbənin müdiri vəzifəsindən vitse-prezident vəzifəsinə qədər yüksəldim. Bu barədə danışmaqda məqsədim Azərbaycan gənclərinə bir mesaj göndərməkdir. Həyatda varlı olmadan, sadə bir ailəyə mənsub olmaqla, məqsədli və sistemli şəkildə çalışıb uğur qazanmaq olar.
- Almaniyada ali təhsil alan gənclər az deyil. Xüsusilə, tibb sahəsinə maraq yüksəkdir. Bir alim və mütəxəssis olaraq, sizin fikrinizi bilmək istərdik. Sizcə, Azərbaycanda hansı sahələrdə peşəkar kadrlara daha çox ehtiyac var? 
- Öncə onu deyim ki, mən Azərbaycanı inkişaf etmiş sənaye ölkəsi kimi görmək istərdim. Cənubi Koreya, Malayziya, Sinqapur təcrübəsi göstərir ki, buna təxminən 10-15 il ərzində nail olmaq mümkündür. Eyni zamanda qeyd edim ki, Almaniyada təkcə tibb sahəsində deyil, eləcə də mənim təmsil olunduğum ağır sənaye və maşınqayırma, avtomobilqayırma sahəsində də bir çox tələbələrimiz təhsil alır və müxtəlif vəzifələrdə çalışırlar. 2008-ci ildə Nürnberq şəhərində Almaniyada təhsil alan tələbələrin və Elmi İşçilərimizin Birliyi Təşkilatını (VASW) yaratdıq. Sevindirici haldir ki, bu təşkilat Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasında təmsil olunur. İnanıram ki, bunun bəhrəsini həm Vətənimiz Azərbaycan, həm də həmyerlilərimiz qısa müddətdə görəcək.

yeniazerbaycan.com