“İsveçrədə diaspor işinin qurulması, başqa ölkələrdə olduğu kimi çox çətin bir işdir”

Bildiyimiz kimi, xaricdə yaşayan soydaşlarımız və diaspor təşkilatları Koordinasiya Şuraları yaratmaq təşəbbüsü göstərməkdədir. Artıq Almaniya, Fransa və İsveçrədə belə şuralar yaradılıb. Əsas məqsəd soydaşlarımızın birliyinə, birgə fəaliyyətinə nail olmaqdır.  İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasına əlaqələndirici seçilmiş   "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov Şuranın məqsədi və fəaliyyəti barədə fikirlərini bölüşüb.
- Qasım bəy, öncə sizi Koordinasiya Şurasının əlaqələndiricisi seçilməyiniz münasibətilə təbrik edirik. Bir qədər Koordinasiya Şurası ilə bağlı danışmağınızı istərdik. 
- Hər vaxtınız xeyir olsun. Təbrikiniz üçün təşəkkür edirəm. Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi (AİMM) 2006-cı ildə rəsmi qeydiyyatdan keçərək fəaliyyət göstərir. Bu müddət ərzində AİMM fəaliyyətini daha da aktivləşdirib. İldə ən azı iki böyük tədbir keçiririk, il ərzində iki-üç dəfə yerli mediada məqalələrlə çıxış edirik və beləliklə də Azərbaycanın təbliği, azərbaycançılığın qorunması istiqamətində əlimizdən gələni etməyə çalışırıq.
- Şuranın əlaqələndiricisi seçilməyiniz necə baş verdi? 
- Qeyd etdiyim kimi, bizim təşkilat yerli mətbuatla əlaqəli işləyir. İsveçin müvafiq dövlət qurumları ilə də isti münasibətlərimiz var. Bütün bunlar rəhbərlik etdiyim diaspor təşkilatını həm də yerli cəmiyyətdə tanıdır. Bu səbəbdən də, digər diaspor rəhbərləri və fəalları AİMM-nin qurucusu və rəhbəri olaraq mənim şuranın əlaqələndiricisi seçilməyimi daha məqsədəuyğun hesab etdilər. Şuranın yaradılması və Azərbaycan məktəbinin açılış səbəbi ilə bu il oktyabrın 5-də Bern şəhərində keçirilən yığıncaqda İsveçrədə yaşayan bir çox fəal həmvətənlərimizin mənim namizədliyimi irəli sürməsi də bu işlərin gözlənilən nəticəsi olaraq sayıla bilər. Əlbəttə, bu bir etimaddır, eyni zamanda, məsuliyyətdir və mən də bunu doğrultmağa çalışacağam. 
- İsçeçrədə Azərbaycan diaspor fəaliyyətini qurmaq çətin deyil ki? Hər hansı əngəllə qarşılaşmısız? 
- İsveçrədə diaspor işinin qurulması, inanıram ki, başqa ölkələrdə olduğu kimi çox çətin bir işdir. Təbii bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. İlk növbədə,  bu işi görmək istəyən şəxs vətənini çox sevməli, öz dilinə və mədəniyyətinə bağlı olmalı, müstəqil bir siyasət aparmalı, heç kimdən və heç nədən asılı olmamalıdır. Yalnız bu halda görülən iş maraq oyada  və diasporumuzu bir yerə toplaya bilər. İndiyə qədər yaşadığımız ölkənin idarələri və ya təşkilatları tərəfindən hər hansı  əngəllə qaşılaşmadım. Əksinə, hər zaman dəstəkləməyə və kömək etməyə hazır olduqlarını gördüm. Əlbəttə ki, biz də öz tərəfimizdən fəaliyyətimizi yaşadığımız ölkənin qanunlarına və mentalitetinə uyğun şəkildə qurmalıyıq ki, yerli insanlar və dövlət strukturları bizə inansın, güvənsin, yeri gələndə bizi dinləsin və işlərimizi dəstəkləsin.
- Siz Azərbaycanın ən gözəl guşələrindən biri olan Naxçıvandansız. Bir qədər Naxçıvandakı eviniz, ailəniz barədə danışmağınızı istərdik. Necə oldu ki, Naxçıvandan İsveçrəyə gedib orada məskunlaşmağa qərar verdiz?
- Bəli, mən Naxçivanda anadan olmuşam və orta məktəbi də orada bitirmişəm. Naxçıvan doğrudan da dünyanın ən gözəl yerlərindən biridir. Əsrarəngiz təbiətə və qədim tarixə malikdir, insanları isə inanılmaz dərəcədə mərd və cəsurdur. Atam uzun illər yüksək dövlət işlərində çalışaraq vətənimizə xidmət edib. Naxçıvan Ali Məclisində uzun illər məsul vəzifələrdə çalışıb, dövlət təqaüdçüsü olub. Anam isə 45 ildən çox Naxçıvanda orta məktəblərin birində dil və ədəbiyyat müəllimi olaraq işləyib. Hazırda o da təqaüdçüdür. Mən isə orta məktəbi bitirdikdən sonra  Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub oranı bitirmişəm. Uzun illər ixtisasım üzrə xarici ölkələrdə neft şirkətlərində çalışdım. Son olaraq Gürcüstandakı, o zamanın, ən böyük xarici şirkətlərdən olan böyük neft terminalının baş müdiri vəzifəsində işləmişəm. 2005-ci ildən etibarən İsveçrədəyəm. Burada təhsilimi davam etdirərək əvvəlcə miqrasiya üzrə, sonra isə yuxarı sinif və ali təhsil tələbələrinə dərs demək üçün ali pedaqoji təhsil aldım. Bundan başqa, İsveçrədə yeganə rəsmi tərcümə haqqı olan Azərbaycan, rus və türk dillərindən alman dilinə tərcümə diplomuna sahibəm. İsveçrə çox gözəl və müasir ölkədir. Bundan başqa, İsveçrənin dövlət sistemi də dünya ölkələri arasında sayılan sistemlərdən biridir. Özünün təbiəti ilə də seçilən İsveçrənin havası Naxçıvanı xatırladır. Onu da qeyd etmək istərdim ki, mən Naxçıvanı heç vaxt Azərbaycanımızın başqa bölgələrindən ayırmamışam.  Vətənim Naxçıvan mənə Bakı, Qarabağ, Tovuz, Şəki Astara və s. kimi əzizdir. 
- Naxçıvanla bağlı nələri İsveçdə həyata keçirə bilmisiz? 
Hər şeydən əvvəl mən azərbaycanlıyam, daha sonra naxçıvanlı. Bu səbəbdən də İsveçrədə keçirdiyim hər bir tədbir Azərbaycanı tanıtmaq və bizim haqq səsimizi dünyaya yaymaq üçündür. Yalnız mənim evimdə qonaq olanlar Mömünə Xatun məqbərəsinin rəsmini görə bilərlər. Naxçıvanda bişirilən kəvər plovun ləzzətini və Novruz bayramında içli kökəni dada bilərlər. Azərbaycanın musiqisini, mədəniyyətini, mətbəxini İsveçrədə tanıtmaqdan qürur duyuram. 
- Qarabağ məsələsi hamımızın yaralı yerimizdir. İşğal faktının tanıdılması üçün hansı işləri görürsüz? Bundan sonrakı fəaliyyətinizdə Qarabağla bağlı nələr etməyi düşünürsüz? 
- Sualı “Nələr etməyi düşünürəm deyil, “nələr etmişəm və nələr etməyə davam edəcəm” kimi qoysaq daha doğru olar. Hər il Bern, Cenevrə, Sürix və ya İsveçrənin başqa şəhərlərində Xocalı qətliamı ilə bağlı tədbirlər keçiririk. Bu məsələdə mənə İsveçrədəki cəmiyyətlərdən başqa, Azərbaycan Səfirliyi də böyük dəstək göstərir. 2012 və 2013-cü illərdə İsveçrə parlamentinin xarici işlər üzrə komissiyasında 2 dəfə bizim AİMM tərəfindən hazırlanmış petisiya rəsmi şəkildə müzakirəyə çıxardılıb. Bu barədə İsveçrə parlamentinin rəsmi internet səhifəsində də məlumat var. Bu işi davam edirik və edəcəyik. Burada məqsədlərdən biri İsveçrə parlamenti tərəfindən Xocalı faciəsinin bir soyqırımı kimi təsdiqinə nail olmaqdır. Bu bir həqiqətdir və inanıram ki, buna bir gün nail olacağıq. Bundan başqa hazırladığımız və keçirdiyimiz çoxsaylı tədbirlərdə Qarabağ münaqişəsini yerli sakinlərə, onların başa düşəcəyi dildə, çatdırmağa çalışırıq. Bu işdə xeyli addımlar atılıb və daha aktiv olaraq davam edəcəyimizdən də əmin ola bilərsiz. Bu işi etmək üçün nə şuranın əlaqələndiricisi, nə də başqa bir ada ehtiyac var, bunun üçün azərbaycanlı olmaq, Vətəni sevmək kifayətdir.
- İsveçdə təxminən nə qədər azərbaycanlı yaşayır və onların əsas problemləri hansı sahələrlə bağlıdır? 
- İsveçrədə 2000-ə yaxın azərbaycanlı yaşayır. Əvvəl bildirdiyim kimi, bu insanların İsveçrəyə gəlmə səbəbləri fərqlidir. Amma hamısı bizim qardaş və bacılarımızdır. Problemlərdən biri odur ki, İsveçrə çox bahalı ölkədir və bir şəhərdən başqa şəhərə getmək üçün qatar, avtobus və ya başqa nəqliyyat vasitəsi çox bahadır. Burada yaşayan hər bir azərbaycanlı ailəsinin buna imkanı  yoxdur. İkinci problem azərbaycanlıların sayının azlığı və kompakt yaşamaması ilə bağlıdır.Bu səbəbdən də uşaqlar və ailələr bir-birilə tez-tez görüşə bilmirlər. Bu da xüsusən uşaqların ana dilində danışmaqda çətinlik çəkməsinə səbəb olur. Bu problemlərlə bağlı müəyyən işlər görülür və aparılan işlərin nəticəsi olaraq Azərbaycan səfirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə oktyabrın 5-də Berndə “Qarabağ” Azərbaycan dilli və mədəniyyəti məktəbi açıldı. Məktəb müvafiq qaydada rəsmi qeydiyyatdan keçərək İsveçrə qanunlarına uyğun şəkildə fəaliyyət göstərir. Uşaqların bu məktəbdə alacağı qiymətlər rəsmi orta məktəblərdə də keçərlidir. Hazırda  məktəbdə Azərbaycan dili, ədəbiyyat, rəqs və piano dərsləri tədris olunur. Uşaqlar İsveçrənin fərqli yerlərindən gəlirlər. İnanıram ki, uşaqların sayı artdıqca valideynlər də bir-birilə daha sıx əlaqədə olacaqlar və bu daha da sıx birləşməyimizə gətirib çıxaracaq.
- Ailəniz də İsveçdə yaşayırmı? Bir qədər ailəniz barədə danışmağınızı rica edərdik.
- Bəli, İsveçrədə ailəmlə birgə yaşayıram. Həyat yoldaşım Bakıdandır və İsveçrədə ibtidai sinif müəlliməsidir.  İki övladımız var, oğlum 21 yaşındadır, Bern Universitetinin hüquq fakultəsini 2019-cu ilin mayında bitirəcək. 9 yaşlı qızım isə hazırda 4-cü sinifdə oxuyur. Ailədə azərbaycanca danışırıq. Dilimizi və mədəniyyətimizi qoruyub saxlamağa çalışırıq. Ümid edirik ki, uşaqlarımız dilimizi və mədəniyyətimizi gələcəkdə öz uşaqlarına öyrədəcəklər ki, onlar da öz köklərini unutmasınlar və bununla qürur duysunlar.
- Diasporla İş üzrə Dövlət Komitəsinin işini necə qiymətləndirirsiz?. Əvvəlki illərlə müqayisədə nə dəyişikliklər var? 
- İllərdir ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqəm məhdud idi və müştərək işlərimiz yox idi. Bu səbəblərdən də Komitənin işinə qiymətvermə imkanım da yoxdur. Dəyişiklikləri də görmək üçün vaxta ehtiyacımız var. Zaman hər şeyi göstərər. Hələliksə, İsveçrədəki “Qarabağ” Azərbaycan dili məktəbinin fəaliyyət göstərməsinə dəstək verdiyi üçün Komitə rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.
- Komitənin yeni rəhbərliyini necə xarakterizə edərdiz? Komitənin sədri olaraq Fuad Muradovdan gözləntiləriniz nədir? 
- Komitənin sədri Fuad Muradovu çox az tanıyıram və bu səbəbdən xarakterizə edə bilmərəm, sədr olaraq ona işlərində uğurlar arzulayıram. Fuad Muradovdan gözləntilər­dən ən əsası diaspor hərəkatını gücləndirmək, diaspor təşkilatlarının olduqları ölkələrin qanunlarına uyğun fəaliyyət qurmasına səy göstərməkdir. Bundan başqa, istərdim ki, Azərbaycan diaspor nümayəndələrinin konfransları və yığıncaqları əvvəlkindən daha sadə şəkildə keçirilsin, konfrans  nümayəndələrini və iştirakçılarını 5 ulduzlu otel yerinə məktəblərə, universitetlərə, parlament sessiyalarına, qaçqın düşərgələrinə, hərbi hissələrə aparsınlar, Xocalı qətliamının şahidləri ilə görüşlər təşkil edilsin və sonrakı iş prosesində də bu görüşlər müzakirə edilsin.