Ukraynada yaşayan soydaşımız Yunis Əliyev Diasporla İş üzrə Dövlət Komitəsində olub

Yunus Dəmir Oğlu Əliyev 1948-ci il Oktyabr ayının 1-də Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev vilayəti üzrə sədridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Tərəqqi medalına Layiq görülüb.
- Yunis müəllim, neçə ildir Ukraynada yaşayırsınız?
-50 ildir ki, bu ölkədə yaşayıram. Demək olar ki, bir ömür qədər. Hərbi xidməti bu ölkədə keçdim, sonra vətənə döndüm və tale elə gətirdi ki, ömürlük Ukraynaya bağlanmalı oldum.
-Başınızı aşağı salıb özünüz üçün də yaşaya bilərdiniz, necə oldu ki, orada diaspor fəaliyyətilə məşğul olmağa başladınız?
-Azərbaycan mənim canımdı, qanımdı. Başqa cür də ola bilməzdi. Əvvəllər Ukraynada məni gürcü də hesab edirdilər, başqa millət də. Bizi yaxşı tanımırdılar. Allah ümummilli liderimiz Heydər Əliyevə rəhmət eləsin, onun sayəsində sovet respublikalarında Azərbaycanı tanıdılar.
-İş həyatınızdan danışaq. Nədən başladınız, hansı işlərlə məşğul oldunuz və sizi bu günlərə gətirən nələr oldu?
-Uzun illər kənd təsərrüfatı sahəsində çalışdım, elə ixtisasım da buna uyğun idi. 1995-ci ildə öz firmamı yaratmağa nail oldum.
-Ukraynada biznes mühiti necədi?
-Son bir neçə ilə qədər yaşadığım ölkədə kənd təsərrüfatının inkişafı üçün əlverişli mühit vardı. İndi bir qədər vəziyyət mürəkkəbləşib. Mənə görə Ukrayna ən varlı dövlətlərdən biri idi və hektarlarla sahə kənd təsərrüfatı ilə məşğul olanların ixtiyarında idi.
-Paralel olaraq Azərbaycanda da biznes qurmusunuzmu?
-Xeyir, heç vaxt belə bir fikrim olmayıb. Amma orda işimi övladlarım davam etdirir. İki oğlum da Ukraynada iş adamıdır.
-Bildiyimiz qədər Ukraynada azərbaycanlı döyüşçülərin xatirəsinə abidə ucaldılması məhz sizin xidmətinizdir. Buna şəxsi vəsaitinizi belə xərcləmisiniz. Bu haqda danışın zəhmət olmasa.
-Ukraynalı polkovniklərdən biri əlinə keçən arxivi də götürərək Ukraynadakı Azərbaycan diasporunu axtarıb tapmışdı.  Nikolay Korbatenko adlı həmin polkovnikin bir müddət səsinə səs verən olmayıb və özü  İkinci Dünya müharibəsində Ukraynada döyüşən azərbaycanlıların xatirəsini əbədiləşdirmək üçün kiçik bir daş lövhə hazırlatmağa qərar verib. Bu faktdan xəbər tutan kimi onu axtarmağa başladım. Mən onda diaspor təşkilatının rəhbəri deyildim.  Onunla görüşəndə artıq daş lövhə hazır idi və üzərində də “Azərbaycanlılar 416-cı Taqanroq diviziyasında”  sözləri yazılmışdı.  O lövhə indi də durur. Mən bu hadisədən çox təsirlənmişdim və bu işi boynuma götürməyə qərar vermişdim.
-Ukraynalı bir polkovnikin marağı nə olub ki, azərbaycanlıların xatirəsini ədəbiləşdirməyə çalışıb?
-Bu sadəcə bir hərbçinin marağı və diqqəti idi.  Ona dərin təşəkkür etdim və dedim ki, bu iş artıq mənim boynumun borcudur. Lazımı orqanlara müraciət etdim, müvafiq sənədləri hazırladım və ilk olaraq 6 sot torpaq alındı. Həmin daş lövhə indi də o abidənin bir parçasıdır, o bir yana, amma mən böyük bir abidənin layihəsini hazırlatdırdım. Hazırlatdım, lakin layihəni həyata keçirməyə əlimdə elə də vəsaitim yox idi. Bakıda olan evimi satmaq qərarına gəldim. Əvəzində regionda kiçik bir mənzil aldım, əsas vəsaiti isə azərbaycanlı döyüşçülərin şərəfinə abidənin ucaldılmasına xərclədim. Abidənin yerləşdiyi yerin yaxınlığından keçən yola da bu barədə xüsusi işarə qoyuldu. Beləliklə, tariximizin bir parçasının daşların yaddaşına köçürülməsində az da olsa borcumuzu yerinə yetirməyə çalışdıq.
-Bu qədər işdən sonra yaddaqalan bir açılış mərasimi oldumu?
-Azərbaycandan döyüşçüləri belə tapıb açılışa dəvət etdik. Ukraynada tarixə yanaşmada xüsusi bir sevgi var. Orda döyüş meydanlarında səngərlərin belə bəzilərini qoruyub caxlayıblar. Onlar tarixin yaddaş yeri olan torpaq sahələrini  hansısa bir iş üçün istifadə edib izi itirməkdən çox uzaq insanlardır. O səngərlərin yaxınlığında çay var, abidənin açılışında xatirələrini danışan qadın dedi ki, 6 ay bu su qan rəngində idi. Ümumiyyətlə, həm abidənin açılışında, həm də adi vaxtlarda ukraynalılar tarixi həqiqətləri danışırlar və bilirlər ki, bu torpaqlarda azərbaycanlılar necə qəhrəmanlıqlar göstəriblər.    
-Yəqin ki, bu hadisələrdən sonra daha sizi başqa millətin nümayəndəsi hesab etməzdilər
-Mən böyük fəxrlə sübut etdim ki, nə gürcüyəm, nə də Qafqazın başqa xalqının nümayəndəsi, mən azərbaycanlıyam. O vaxt açılışa minlərlə insan gəlmişdi. İndi də hər il, mayın 9-da bu təntənəni yenidən yaşamağa çalışırıq. Onu da deyim ki, abidənin açılışı zamanı hərbi təyyarələrin xatirə uçuşunu da təşkil etmişdik. Bu hadisələrə sənədli film də həsr olundu. Mən bununla bağlı heç kimdən sağ ol da gözləmirəm. Bunu döyüşçülərin əziz xatirəsi və tarix üçün etdik. Tarixin elə bir dönəmi gələr ki, heç biz Ukraynada yaşamarıq, daş yaddaşlar insanlara, xüsusilə də gələcək nəsillərə  hər şeyi danışacaq. Bu gün də çalışıram ki, Azərbaycanı Ukraynada tanısınlar. Bu yaxınlarda  iki ukraynalı  jurnalistin ölkəmizə səfərinin təşkilində iştirak etdim. Onlar geri dönəndə ölkəmizdə bağlı elə gözəl şeylər danışdılar ki,  elə bil dünyanı mənə bağışladıalr. Onların əldə etdikləri materiallar bu yaxınlarda oxuculara təqdim olunacaq.