Fransada yaşayan azərbaycanlı musiqiçi: diasporun və səfirliyin həmrəy olması erməni təxribatlarının qarşısını alır

Məşhur pianoçu, Azərbaycanın Əməkdar artisti, hazırda Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyeva müsahibimizdir. Adilə Əliyeva Azərbaycanda doğulub, Rusiyada təhsil alıb, Fransada isə karyerasının zirvəsinə ucalıb. Avropanın musiqi cameəsi onu «fortepianonun şahzadəsi» adlandırırlar. 

  • Adilə xanım, musiqiyə, pianoya həvəsiniz necə başlamışdı, xatırlayırsızmı?

-  Mənim  anam çar Rusiyasının kübar təbəqəsindən olan qraf Konstantin Nikolayeviç Xudikovun qızı olub, babam tanınmış həkim idi, 1917-ci ildə Azərbaycana köçmüşdü. Sonradan onu Qarabağda yayılmış vəba xəstəliyi ilə əlaqədar ora işləməyə göndərmişdilər və anam buradakı rutin həyat tərzindən qaçmaq üçün ədəbiyyata, musiqiyə maraq göstərməyə başlayıb. Atam isə ixtisasca mühəndis olsa da, hər zaman musiqi ilə maraqlanıb, musiqi vurğunu olub. Gözümü açandan evimizdə piano görməyim, valideynlərimin musiqiyə həvəsi mənə də öz təsirini göstərdi və gələcək həyatımı müəyyənləşdirdi. Bu gün bu sənəti seçdiyim üçün heç də peşman deyiləm. Musiqinin şox unikal  dili var, bu qəlb dilidir və bu dil məni ömrüm boyu istiqamətləndirib.

- Uğurlu sənət yolunuzda siz bir çox görkəmli musiqiçilərlə və məşhur insanlara dünyanın məşhur səhnələrində  çıxış etmisiniz. İlham mənbəyinizin sirri nədədir?
- Burada bir neçə amil mühim rol oynayır. İlk olaraq tarixin dərinliklərinə gedən  Azərbaycan musiqisinin kökləri, sonra mənim ailəm və buradakı abu-hava, ən üçüncüsü isə məni əhatə edən insanlar, çünki çevrmiz, yaşadığımız mühit bizi bir şəxsiyyət kimi formalaşdırır. Həyatin boyu qarşına çıxan çətinliklərdən keçərkən, anlayırsan ki, bu, bəzən çox baha başa gələn həyat dərsidir.

- Necə oldu ki, siz İsveçrədə yaşamağa başladınız?  Ora uyğunlaşmağınız nə qədər zamanınızı aldı?
- Mən İsveçrədə və Fransada konsert proqramı ilə çıxış edərkən, bir sira insanlarla tanış oldum, məni özləri dəvət etdilər və qisa bir zamanda sənədlərimi hazırlayıb İsveçrə  vətəndaşı oldum. Əvvəldən bu ölkələrlə əlaqələrim, tez-tez burada konsert verməyim mənim bura uyğunlaşmağımı xeyli asanlaşdırdı.

- Fransa və Cenevrədə pianoçuların beynəlxalq müsabiqəsi sizin adınızı daşıyır. Bu barədə məlumat verməyinizi xahiş edirəm.
- Mənim adımı daşıyan beynəlxalq pianoçular müsabiqəsi əvvəlcə Fransa tərəfindən təklif olundu. Müsabiqəyə çox böyük maraq var və hər dəfə bizə müxtəlif ölkələrdən çoxlu ifaçı qatılır. Bu il müsabiqənin 25 illik yubileyini qeyd edəcəyik. Bununla bağlı maraqlı program hazırlanır və müsabiqə çərçivəsində yeni bir musiqi yarışması gözlənilir: kamera musiqisinə həsr olunan müsabiqə pianoçuların müsabiqəsi ilə paralel keçiriləcək. Piano müsabiqəsində 3 yaş qrupu - 6-14, 15-21 və 22-40 yaş arasında olan musiqiçilərin iştiaki gözlənilir. Kamera müsabiqəsində isə yaş həddi olmayacaq. Buraya müxtəlif yaş qruplarından insanların cəlb olunması nəzərdə tutulub.

- Siz musiqi akademiyalarında ustad-dərsləri də keçirsiz...
- Mən bir çox görkəmli müəlllimlərdən dərs almışam və düşünürəm ki, onlardan öyrəndiklərimi gənc nəsilə ötürmək mənim borcumdur. Bu dərslər Bakıda, İtaliyada, Çində, Avstriyada və bir çox başqa ölkələrdə keçirilir.

- Azərbaycana işlə bağlı olaraq gəlirsiniz, yoxsa darıxdığınız üçün?
- Mən Azərbaycana evimə gəlirəm. Burada dostlarımı və yaxınlarımı görürəm. Təbii ki, işlərimlə bağlı səyahətlərim də olur. Mən Bakını çox sevirəm və burada mənə çox xoşdur.

- Biz bilirik ki, siz Fransada Azərbaycan diasporunun fəal nümayəndələrindənsiniz. Azərbaycanı necə tanıdırsız?
- Mən Fransada İsveçrəyə yaxın yerdə yaşayıram və Azərbaycanın hər iki ölkədəki səfirlikləri ilə, eləcə də diasporu ilə sıx əməkdaşlığım var. Demək olar ki, bütün tədbirlərə dəvət olunuram. Mənə görə ölkəsini tanıtmaq, təbliğ etmək hər bir vətəndaşın borcudur və mən öz borcumu fəxrlə yerinə yetirirəm. Mən şəxsən Avropada Azərbaycan mədəniyyətini və musiqisini tanıtmaqla məşğulam.

- Siz orada Avropadakı konsertlərinizdə Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirsinizmi?
- Mən bütün əsərləri çox gözəl şəkildə ifa etməyi bacarıram. Həmçinin, burada müxtəlif müsabiqələrdə mütləq şərtlərdən biri dünya klassik müsiqi bəstəkarlarının əsərlərini  ifa etməkdir. Və mən bu fürsətdən istifadə edərək müsabiqədə iştirak edən bütün tələbələrimlə  Azərbaycan bəstəkarlarının əsərlərini hazırlayıram. Hər dəfə yeni yazılan əsərləri də müsabiqəyə daxil etməyə çalışıram. Bu da insanlar tərəfindən böyük məmnuniyyətlə qarşılanr və mən bununla fəxr edirəm.

- Biz bilirik ki, Fransada erməni diasporu çox güclüdür. Sizin orada bir çox konsertləriniz olur. Erməni diasporu sizin fəaliyyətinizə əngəl yaratmır ki?
- Düzgün qeyd edirsiz ki, erməni diasporu Fransada çox güclüdür və hər zaman bizə qarşı neqativ fəaliyyətlə çalışır, təxribatlar törətməyə can atırlar. Lakin nə etmək olar, bu, onların xüsusiyyətləridir. Amma bizim diasporun və səfirliyin həmrəy olması bu çətinlikləri aradan qaldırır. Azərbaycan diasporu vətənimizi  çox gözəl şəkildə təbliğ edir.

- Sizin Azərbaycan gənclərinə tövsiyəniz nədir?
- Gənclik şücaət üçün bir fürsətdir, insan bu gənc yaşlarında hər bir çətinliyi dəf etmək gücündə olur. İlk növbədə bilik əldə etməlidirlər. Çünki bilik hər bir millətin qüvvəsidir. Daha sonra iradəli və vicdanlı olmalıdırlar. Həyatını elə qurmalısan ki, öz potensialından düzgün yararlanaraq bu cəmiyyətdə yerini tuta biləsən.