Koordinasiya Şurasının əlaqələndiriciləri: Polşa cəmiyyətinə Azərbaycan həqiqətlərini çatdırmaq ən ümdə olan məqsədlərimizdəndir

Son dövrlər xaricdə yaşayan soydaşlarımızın təşəbbüsü ilə Koordinasiya Şuraları təsis edilir. Məqsəd birgə fəaliyyət, əlaqəli planlar və eyni hədəflər istiqamətində daha güclü fəaliyyət göstərməkdir. Koordinasiya Şuraları kollegial qərar qəbuluna imkan verməklə soydaşlarımızın əlaqələrini gücləndirir və yaşadıqları cəmiyyətlərdə onların səsinin daha ucadan səslənməsinə, daha çox eşidilməsinə şərait yaradır. Bütün bunlar, Koordinasiya Şuralarının Azərbaycan Diaspor hərəkatında olduqca önəmli bir addım olduğunu və yaxın gələcəkdə daha real nəticələr verəcəyini deməyə əsas verir. Elə bu məqsədlə də, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərinə müraciət etdik. Beləliklə, müsahiblərimiz Polşa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiriciləri Xəlil HəsənovLalə Zeynalovadır.

- İlk öncə hər birinizi Koordinasiya Şurasının əlaqələndiricisi seçilməyiniz münasibətilə təbrik edirik. Zəhmət olmasa, özünüz haqqında qısa məlumat verərdiniz...

- Mən  - Xəlil Həsənov 1979-cu ildə Gürcüstanın Marneuli rayonunun Keşəli kəndində anadan olmuşam. Məktəbi bitirdikdən sonra elə Marneuli rayonundakı Kvemo Kartli Özəl Universitetinin Hüquq fakültəsinə daxil olmuşam. Qiyabı təhsil aldığıma görə boş vaxtımı səmərəli keçirmək və özümü başqa sahələrdə sınamaq məqsədi ilə 1997-ci ildə Rusiyanın Novosibirski şəhərinə gedərək orada özəl iş qurdum. 2001-ci ildə isə biznesimi genişləndirmək üçün Moskvaya köçdüm və 2009-cu ilə kimi biznes fəaliyyətimi burada davam etdirdim. Sonra Polşaya köçdüm, “Borcalı” firmasını yaradaraaq işlərimə burada davam etdim. Hazırda firmamızın fəaliyyəti genişlənir və inkişaf edir. Bütün bunlarla yanaşı, 2019-cu ilin iyulunda yaratdığımız Polşa Azərbaycanılıları Assosiasiyasına rəhbərlik edirəm. Ailəliyəm, üç övladım var.  Bu qədər..
Mən - Lalə Zeynalova 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. Bakalavr təhsilimi 2014-2018-ci illərdə Bakı Slavyan Universitetində almişam. 2018-ci ildə Magistr təhsili üçün Polşanın Varşava şəhərinə köçmüşəm və həmin ildə də Polşada Azərbaycanlı Gənclər Birliyinin üzvü olub, 2019-cu ildə həmin Birliyin baş katibi vəzifəsində fəaliyyət göstərməyə başlamışam. 14 oktyabrda Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradıldı. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun və Komitənin nümayəndə heyətinin iştirak etdiyi təsis toplantısında Polşa Azərbaycanlıları Şurasının koordinatoru seçildim. Və vurğulamaq istərdim ki hal-hazırda ən gənc koordinator olaraq fəaliyyət göstərirəm.

- Xəlil bəy, uzun illərdir xaricdə - Rusiyada, Polşada yaşasanız da aktiv diaspor fəaliyyətilə son dövrlər məşğul olmağa başlamısız. Diaspor təşkilatı yaratmaq və soydaşlarımızı birləşdirmək istəyi sizdə hansı ehtiyacdan yarandı?

- Əslində istəklərimiz saymaqla bitmir, lakin qısaca ümumiləşdirərək bildirmək istəyirəm ki, ötən illərlə müqayisədə Polşada yaşayan azərbaycanlıların sayının gündən-günə artması, əksəriyyətinin bura gələrkən çətinliklərlə üzləşməsi və bu problemlərlə əlaqədar onlara kömək etmək, həmçinin burada yaşayan azərbaycanlıların bir-biri ilə ünsiyyətini təmin etmək məqsədilə diaspor fəaliyyətinə başlamağa qərar verdik. Polşadakı Azərbaycan diasporunun fəaliyyətinə dəstək vermək və Azərbaycanımızın tarixi, mədəniyyəti, iqtisadiyyatı və müasir vəziyyəti haqqında Polşa ictimaiyyətini məlumatlandırmaqdan ən başlıca istəklərimdir.

- Lalə xanım, son illər Azərbaycandan Polşaya böyük axın var. İşləmək üçün gedənlərlə yanaşı, təhsil almaq məqsədilə bu ölkəyə üz tutan gənclərin də sayı az deyil. Buradakı gənclərin, ümumiyyətlə diasporun problemləri nədir?

- Bəli, tam raziyam ki, son illərdə Azərbaycandan Polşaya təhsil və işləmək məqsədi ilə gələnlərin sayında artım müşahidə olunur. Xəlil müəllimin də qeyd etdiyi kimi, bir sıra hallarda həmvətənlərimiz bu ölkəyə gələrək ciddi problemlərlə üz-üzə qalırlar. Məsləhət görərdim ki, gəlməzdən öncə Polşanın müvafiq qanunvericiliyi ilə tanış olsunlar. Yerli cəmiyyəti, adət-ənənələri qismən də olsa öyrənsinlər. Təbii ki, istənilən şəhərdə, ölkədə yerli cəmiyyətə nə qədər tez və yaxından inteqrasiya oluna bilirsənsə, o qədər də daha səmərəli fəaliyyət göstərə bilirsən. Bu, həm diaspor fəaliyyəti üçün, həm də insanın özü üçün vacibdir.  

- Xəlil bəy, qeyd etdiniz ki, Polşa Azərbaycanılıları Assosiasiyasına rəhbərlik edirsiz. Rəhbərlik etdiyiniz təşkilat nələri edə bilib və qarşıdakı fəaliyyətinizlə bağlı konkret planlarınız varmı?

- Az öncə qeyd etdiyim kimi, təşkilatımız “Polşa Azərbaycanlıları Assosiasiyası” adı altında iyulun 15-də rəsmi qeydiyyatdan keçib. Oktyabr 12-də isə artıq ofisimiz açılış mərasimi ilə öz qapılarını bütün azərbaycanlılara acıb. Fəaliyyətə yeni başladığımız üçün təbii olaraq görəcək işlərimiz və planlarımız hələ qabaqdadır. Hazırda görəcəyimiz işlərlə əlaqədar bir illik proqram  üzərində işləyirik. Onu da qeyd etmək istəyirəm ki, təşkilatımız olmasa da, indiyədək, Azərbaycan adı keçən əksər tədbirlərdə yaxından iştirak etmişəm və gücüm yetdiyi qədər soydaşlarımıza dəstək olmağa çalışmışam, bundan sonra bütün bu işləri təşkilatımız adından böyük məmnuniyyətlə həyata keçirəcəm.

- Lalə xanım da qeyd etdi, son illərdə Polşaya işləmək, oxumaq və yaşamaq məqsədilə köç edən azərbaycanlıların sayı xeyli artıb. Xəlil bəy, sizin fikrinizcə, azərbaycanlıları Polşaya cəlb edən nədir?

- Bura gələnlərin əksəriyyətinin tələbə olduğunu nəzərə alsaq, düşünürəm ki, Polşaya onları cəlb edən amil Avropada təhsilə olan maraq, dünyagörüşünü artırmaq istəkləri ilə əlaqədar ola bilər. Polşada yaşayan soydaşlarımızın əksəriyyəti oturum kartını almaq prosesində, yaşayış yeri tapmaqda, həm təhsil almaqla paralel işlə təmin olunmaqda və bu kimi digər məsələlərdə problemlərlə üzləşir. Düşünürəm ki, bütün bu saydığım və yarana biləcək digər problemlərin həlli üçün burada yaşayan azərbaycanlıların hamısının bir-biri ilə əlaqəsi vacibdir ki, bu da diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlar vasitəsilə həyata keçirilə bilər. Bu təşkilatlar arasında koordinasiya, birlik lazımdır ki, hər kəs bir-birinin təcrübəsindən, bilik və bacarığından yararlana bilsin. Atalarımız yaxşı deyib, “el bir olsa dağ oynadar yerindən”. Biz bir birimizə dəstək olmağı bacarmalıyıq və bunu ürəkdən istəyərək etməliyik.

- Xəlil bəy həm siz, həm də Lalə xanım Polşa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisisiz. Qurumun fəaliyyətindən gözləntiləriniz nədir? Şura Azərbaycan diasporunun Polşada daha da güclənməsi üçün hansı töhfələri verə bilər və bunun üçün hansı addımlar atılmalıdır? Bu barədə fikirləriniz maraqlı olardı.

- Koordinasiya Şurasının yaradılması çox sevindirici haldır. Polşada diaspor fəaliyyəti ilə məşğul olan bir neşə təşkilat var ki, hər birimizin də istəyi, məqsədi eynidir. Bu məqsədləri birlikdə həyata keçirmək imkanının yaranması bizi daha da ruhlandırır. Koordinasiya Şurası olaraq yaxın zamanda ilk hədəfimiz həftəsonu məktəbinin təşkil edilməsidir. Hazırda bu istiqamətdə planlar hazırlanır. Düşünürəm ki, harda olmağımızdan asılı olmayaraq hər bir vətəndaş öz doğma dilini mükəmməl bilməlidir. Bundan əlavə hər kəsi bir cəmiyyət altında birləşdirmək üçün Polşada yaşayan soydaşlarımızın siyahıya alınması işinə başlayacağıq. İstəklərimizdən biri də Azərbaycan-Polşa arasında dostluq əlaqələrinin dərinləşdirilməsi və bu məqsədlə iki ölkə vətəndaşları arasında birbaşa əlaqələrin inkişaf etdirilməsi istiqamətində də işlər görməkdir. Sonda onu da qeyd etmək istərdim ki, biz nə etməyimizidən asılı olmayaraq çalışmalıyıq vətənimizi bütün ölkələrdə layiqincə təmsil edək və bir yumruq altında birləşib qürbətdə olsaq da, vətən həsrətimizi azaltmağa çalışaq.
Xəlil müəllim Koordinasiya Şuraları ilə bağlı fikirlərini ətraflı bildirdi. Sadəcə, əlavə etmək istərdim ki, biz Koordinasiya Şurası olaraq, yuxarıda qeyd olunan istiqamətlərdə həmvətənlə­rimizə dəstək olmağa çalışacayıq. Həmçinin, Koordinasiya şurasının nəzdində fəaliyyət göstərəcək təşkilatların inkişafına şərait yaratmaq və Polşa cəmiyyətinə Azərbaycan həqiqətlərini çatdırmaq ən ümdə olan məqsədlərimizdəndir.