Gülşən Əhmədli: “Xəstə içəri daxil olarkən dodaqları və yanaqları həddindən çox şişirdilmiş, üzündə uğursuz bir plastik-estetik əməliyyat olunmuş həkim onu qarşılayarsa, avtomatik olaraq həmin həkimə inam azalır”

Müsahibim Almaniyada yaşayan azərbaycanlı həkim Gülşən Əhmədlidir. O, plastik-rekonstruktiv cərrahiyyə üzrə təhsil alıb. İnsanlara sağlamlıqla yanaşı, gözəllik nəsib etmək onun əsas işidir. Bu gün bütün dünyada insanlar çalışırlar ki, öz xarici görkəmlərinin qeydinə qalsınlar.  Gülşən xanım da öz sahəsində peşəkardır, onun biliyi və əllərinin sehri,  insanların gəncləşərək özlərini xoşbəxt hiss etmələrinə vəsilə olur.
 
Gülşən xanım, gəlin əvvəlcə sizin Almaiyada  təhsil aldığınız illərə qayıdaq.
Xaricdə təhsil sizə nə verdi, ümidlərinizi doğrultdumu?

Xaricdə təhsil mənə tibb sahəsində aldığım bilikləri dərinləşdirmək, yeni ixtisaslaşma istiqamətində biliyimi artırmaq imkanı verdi.  Mən plastik-rekonstruktiv cərrahiyyə üzrə təhsil aldığım müddətdə yeni biliklər əldə etməklə yanaşı, müxtəlif tədqiqatlarla məşğul olaraq öz ideyalarımı da reallaşdıra bildim.

Fərqli ölkə və başqa bir təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini istərdiniz?
Fərqli ölkə dedikdə, mən Almaniya təcrübəsindən danışa bilərəm. Oradakı təhsil sistemi bizimkindən tamamilə fərqlidr. Tələbələrin ümumi müəyyən edilmiş qrafikləri olsa belə, onların sərbəst seçim imkanı daha genişdir. Tələbələr istədikləri fənləri seçir, əlavə dərslər götürür, çətin qavradıqları dərsləri bir neçə dəfə keçdikdən sonra yekun imtahan verirlər. Eyni zamanda, Almaniyada universitetlər çox güclü texniki bazaya malik olduğuna görə tələbələr ən son kitabları oxuyur, laboratoriyalarda ən yeni təhlilləri apara bilirlər. Hətta tələbə ikən maraglandıgın sahə üzrə elmi tədqiqatlara başlaya bilərsən. Elmi rəhbər, professorlarla çox sıx təmas və əlaqə dərslərin hazırlanması və qavranması proseslərinə çox müsbət təsir edir.

Azərbaycan gənclərinə nə demək istərdiniz?
Azərbaycan gənclərinə çalışqan olmağı, stereotiplərdən uzaq olub biliklə yanaşı, dünyagörüşlərini də genişləndirmələrini məsləhət görərdim. Təhsillərini tam  olmasa da, ən azı bir neçə semestrini xarici bir universitetdə oxuya bilsinlər. Bunun onların həyatlarında necə böyük rol oynadığını özləri görəcəklər.
 
Almaniyada ali təhsil məktəblərində müəllim-tələbə münasibəti necədir?

Sözün düzü, mən rezidentura mərhələsində təhsil aldığıma görə tələbə-müəllim münasibətləri digər hallardan fərqlənirdi. Burada tələbə-müəllimdən çox ustad və sagird münasibətləri hökm sürür və biz praktiki olaraq ustadımızdan yeni biliklər əldə etməyə çalışırdıq.

Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

Təhsil aldığım universitetdə əcnəbi və ya yerli tələbə anlayışı yox idi. Hamı həkim idi, hamı tələbə idi. Düzdür, xaricdən gələn tələbələr dil çətinlikləri yaşadıqlarına görə bəzi məqamlarda alman tələbələrdən geri qalırlar. Ancaq bunun da öhdəsindən gəlmək olurdu. Savadlı, çalışqan tələbə isə istənilən professorun sevimlisi idi.

Gülşən xanım, çalışdığınız sahə insanlara gözəllik və eyni zamanda, sağlamlıq  bəxş edir. Hazırda  Almaniyada M1-Med Beauty Estetik  özəl cərrahiyyə klinikasinda  uzman həkimsiniz. Niyə məhz bu sahə sizi cəlb etdi?
Sualınız üçün təşəkkür edirəm.  Hüseyn Cavidin “Mənim tanrım gözəllikdir, sevgidir” şerinin misrasında olduğu kimi, uşaqlıqdan gözəlliyə marağım olub və insanların sağlamlığının keşiyində durmaq istəyim olub. Bu istək də  özünü plastik-estetik cərrahiyə ixtisasında birləşdirdiyi üçün bu sahəni seçdim.
Alman xanımlar görünüşlərində nəyin gözəl olmasını xoşlayırlar. Məsələn, Azərbaycanda qadınlar daha çox burun əməliyyatlarına müraciət edirlər. İşlədiyim klinikalara və təcrübəmə əsaslanaraq deyə bilərəm ki, alman qadınları ən çox sinəböyütmə əməliyyatlarına müraciət edirlər. İSAPS-ın  (Beynəlxalq  Plastik-Estetik Cərrahlar Cəmiyyəti) verdiyi məlumata görə, il ərzində dünyada 1,5 milyon qadın sinəböyütmə əməliyyatını sevə-sevə həyata keçirirlər.
 
Ümumiyyətlə, Almaniyada  cinsindən asılı olmayaraq plastik cərrahiyyə sahəsinə maraq güclüdürmü?

 Almaniyada ən çox plastik əməliyyatlara qadınlar müraciət edirlər. Amma son illər təcrübəmə əsasən, deyə bilərəm ki, görünüşündə dəyişiklik etmək istəyən  kişilərin də sayı artıb.

Son vaxtlar Azərbaycanda estetik, plastik cərrahiyyə sahəsinə maraq kifayət qədər artıb. Bu vəziyyətə münasibətinizi bilmək istərdim?

 Son zamanlar Azərbaycanda savadlı, işini peşəkar səviyyədə görən, insanların öz sağlamlıqlarını və görünüşünü dəyişmək üçün etibar edə biləcəyi  plastik-estetik cərrahların sayı artıb. İnsanlar gözəl olmağa, gözəl görünməyə meyillidirlər. Amma, hər şey qədərində olarsa, ifrata varmazsa,  bu, təqdirəlayiq haldır.
 Yeri gəlmişkən, uğursuz plastik əməliyyatlar etdirib həyatını itirənlər də az deyil. Almaniya səhiyyəsində əməliyyat olunan xəstə həkim səhlənkarlığı və səriştəsizliyi ucbatından həyatını itirərsə,  cəzası nə olur?

Almaniyada da plastik-estetik cərrahi əməliyyatlardan  sonra həyatını itirənlər olur. Almaniya qanunvericiliyində xəstənin  həkimin səriştəsizliyi üzündən həyatını dəyişməsi sübuta yetirilərsə,  onun həkimlik diplomu əlindən alınr, işindən uzaqlaşdırılır və həbs olunur.

 Plastik-estetik cərrahlar başqalarına gözəllik bəxş etsələr də, özləri  çox vaxt  bundan  boyun qaçırırlar. Özünüz plastik-estetik əməliyyatlara müraciət etmisinizmi və yaxud  edərdinizmi?

Bir plastik-estetik cərrah olaraq, qəbul etdiyim xəstələrin gözündə həm təbii, həm də gözəl görünməyə üstünlük veririəm. Müəyyən estetik əməliyyatlar etməmişəm və düşünürəm ki, hələ ki buna ehtiyac yoxdur. Hesab edirəm ki, xəstə içəri daxil olarkən dodaqları və yanaqları həddindən çox şişirdilmiş, üzündə uğursuz bir plastik-estetik əməliyyat olunmuş həkim onu qarşılayarsa, avtomatik olaraq həmin həkimə inam azalır. Ona  görə görünüşümdə təbiiliyə çox üstünlük verirəm. Əməliyyat istəyi müəyyən qədər var, ancaq müəyyən bir yaş dövründən sonra. Bunu zaman göstərəcək.

Almaniyanın müxtəlif klinikalarında çalışan azərbaycanlı həkimlər az deyil. Onlarla əlaqəniz varmı?

2008-ci ildə Almaniyaya uzmanlıq təhsili almağa gəlmişəm. Mən gələnə qədər də burada azərbaycanlı tələbələr az da olsa var idi,  daha sonrakı illərdə  gələnlərin sayı artdı.  Almaniyaya gəlməkdə bir çoxlarına  köməklik etmişəm,  təcrübə keçmələri, klinikalarda işləmələri üçün dəstəyim olub. Almaniyanın bir çox  şəhərlərində həkim dostlarımız var.  Çalışırıq ki, əlaqələrimizi daha da gücləndirək və müəyyən vaxtlarda birgə ola bilək, Azərbaycanı birgə olaraq təmsil edə bilək.

Bir az da şəxsi həyatınızla tanış olaq.
2012-ci ildə ailə həyatı qurmuşam. Həyat yoldaşım Abbas Əhmədli də plastik-estetik cərrahdır. Bu da mənim sənətimə olan sevgimin təzahürüdür. Həyat yoldaşım uzmanlıq təhsilini Türkiyədə alıb və Azərbaycana qayıdıb. Sonra ailə vəziyyətimizlə əlaqədar Almaniyaya gəlib. Qısa müddətdə alman dilini öyrənərək,   özəl cərrahiyyə klinikasinda uzman həkim işləyir. Mən klinikanın  Honnover, o, isə Bremendəki  filialında  çalışır. 2 övladımız var. Qızımın 6 yaşı, oğlumun 4 yaşı var.

Azərbaycana  necə, tez-tezmi gəlirsiniz?

 Azərbaycana tez-tez və sevə-sevə gəlirik. Bura bizi bağlayan tellər çoxdur, bütün dostlarımız, qohumlarımız, tanışlarımız, ailəmiz hər kəs Azərbaycandadır. Tez-tez gəlirik ki, övladlarımıza  da Azərbaycan sevgisini aşılayaq, onlar da Azərbaycan dilini gözəl öyrənsinlər. Azərbaycana gəldiyimiz zaman övladlarım dayanmadan Azərbaycan dilində danışırlar, bu dili eşidirlər.

Qazandığınız bilik və təcrübəni həkimlərimizlə bölüşürsünüzmü?
 
Mən və həyat yoldaşım Azərbaycanın Plastik Estetik Cərrahlar Birliyinin üzvüyük. Bununla əlaqədr ildə heç olmasa ən azı bir-iki dəfə Vətənə gəlirik, həmkarlarımızla görüşürük, təcrübə mübadiləsi aparırıq, diskussiyalar edirik, birgə konqreslərə getmək barədə planlar qururuq.

Müsahibəni qələmə aldı: Aynur Nadir qızı