E-mail:

info@diaspor.gov.az

EN
RU

Koordinasiya Şuraları Azərbaycan diaspor hərəkatında ciddi dönüş yaradacaq

Almaniyada Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi, “Baku-Nürnberg” Mədəniyyət və Təhsil Mərkəzinin rəhbəri Doktor Yaşar Musayevlə müsahibə

Sual: Yaşar müəllim, Sizi Koordinasiya Şurasının əlaqələndiricisi seçilməyiniz münasibətilə təbrik edirik. Bu barədə fikirlərinizi bilmək istərdik, koordinasiya şuraları necə yarandı, bu hansı zərurətdən irəli gəldi?
Cavab: Bəli, bir neçə ölkədə Azərbaycanlıların Koordinasiya Şurası yaradıldı. Ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın təşəbbüsü ilə belə bir şuranın yaradılması diaspor hərəkatı üçün uzunmüddətli və xoş perspektivlər vəd edir. Belə ki, Koordinasiya Şuralarının başlıca hədəflərindən biri soydaşlarımız arasında əlaqələri gücləndirmək və Azərbaycan diasporunun vahid məqsəd ətrafında birliyini təmin etməkdir ki, bu da uğurlu nəticələr üçün olduqca zəruridir.
Aparılan araşdırmalardan və soydaşlarımızın təəssüratlarından aydın olur ki, Koordinasiya Şurası diaspor təşkilatlarının, soydaşlarımızın fikir və layihələrinin, çətinliklərinin müzakirə edilib, birgə qərarların qəbuluna xidmət edən bir Şuradır. Şurada istər təşkilatlar, istərsə də ayrılıqda fərdlər təmsil oluna, müzakirələrdə iştirak edə bilər. Bu şuralarda kimsə səs üstünlüyünə malik deyil. Bu isə o deməkdir ki, Şura layihə və təkliflərin müzakirə panelidir və müzakirələr əvvəlcədən razılaşdırılmış istənilən yerdə keçirilə bilər.
Əslində, Koordinasiya Şurası qərarların birgə (kollegial) qəbuluna imkan yaratmaqla, vahid rəhbərlikdən həmsədrliyə yönəlməyi təmin etməklə diaspor hərəkatında “mən”dən “bizə” keçidə zəmin yaradacaqdır. Və nəhayət hər bir azərbaycanlı, hər bir soydaşımız onun arxasında güclü və müstəqil Azərbaycanın dayandığını hiss edəcək.
Sual: Dünya azərbaycanlıların təşkilatlanması üçün zəmin varmı?
Cavab:İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə dünya azərbaycanlılarının həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin sosial-iqtisadi, milli-mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirməkdədir. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, bu istiqamətdə ardıcıl işlər görən, davamlı tədbirlər reallaşdıran Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti nəticəsində, artıq soydaşlarımıza yeni bir ruh gəlmişdir. Sanki, hər kəs azərbaycanlı olduğunu bir daha yada salır və özünə “mən vətən üçün nə edə bilərəm” sualını verir. Məhz, soydaşlarımızın azərbaycançılıq ruhunda köklənməsinin nəticəsidir ki, artıq dünyada azərbaycanlıların təşkilatlanması yeni bir mərhələyə keçib. Almaniyada, Fransada, İsveçrədə Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması bunun bariz nümunəsidir. Artıq soydaşlarımız, diaspor təşkilatları ölkə başçısının çağırışlarına səs verərək və “Güc birlikdədir” ifadəsinə söykənərək birgə fəaliyyətə qərar verirlər. Koordinasiya Şuralarının yaradılması da, məhz bu istəkdən, bu zərurətdən irəli gəlmişdir. Eyni zamanda bu ona dəlalət edir ki, birgə fəaliyyət göstərmək üçün artıq ciddi zəmin var.
Koordinasiya Şuralarının yaradılması, ilk növbədə, soydaşlarımızın, diaspor təşkilatlarının fəaliyyətini daha intensiv əlaqələndirməyə və diaspor fəaliyyəti ilə bağlı qərarların kollegial qəbuluna imkan yaradacaqdır. Eyni zamanda, Koordinasiya Şurasının yaradılması ilə diaspor fəaliyyətini daha planlı şəkildə təşkil etmək mümkün olacaq ki, bu da soydaşlarımızın inteqrasiyasında, Azərbaycan həqiqətlərinin təbliğində, milli-mədəni irsin qorunması və təbliğində, Azərbaycan dilinin, adət-ənənələrin yaşadılmasında öz müsbət təsirlərini göstərəcəkdir.
Sual: Əlaqələndiricilərin vəzifəsi və məsuliyyəti haqqında nə demək olar?
Cavab:Təbii ki, bu məqsədlərə çatmaqda Şura əlaqələndiricilərinin də üzərinə mühüm işlər düşür. Əlaqələndiricilərin bu prosesi düzgün istiqamətləndirməsi və soydaşlarımızı bir məqsədə doğru yönləndiriməsi çox vacibdir.
Qeyd: Yaşar Musayev Almaniyada "Doktor-mühəndis" elmi dərəcəli mühəndisdir. O, Alman Mühəndislər Ittifaqinin üzvü, Almaniyada Nanotexnologiyalar üzrə komitənin idarə heyətinin üzvüdür. Avropa və dünya Avtomobil sənayesi üzrə 50-dək elmi ixtiranın və patentin müəllifidir. Hazırda “Schaeffler qrupu” şirkətinin “Səthlərin emal texnologiyası” üzrə senior vitse prezidentidir.
Eyni zamanda, Y. Musayev diaspor fəaliyyəti sahəsində də zəngin təcrübəyə malikdir. Onun rəhbərlik etdiyi “Baku-Nürnberg” Mədəniyyət və Təhsil Mərkəzi ölkəmizin Almaniya dövlət orqanları və yerli ictimaiyyəti ilə dostluq əlaqələrinin qurulması, milli-mədəni dəyərlərimizin və tariximizin yaxından tanıdılması istiqamətində davamlı işlər aparır. Mərkəz, həm də Almaniyanın müxtəlif şəhərlərində Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı tədbir və elmi konfranslar təşkil edir, bayram günlərində milli adət-ənənələrimizi nümayiş etdirir, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunduğu günləri, 20 Yanvar, Xocalı faciəsi kimi günləri də yad edir. Məhz, bu səbəbdən də istər “Bakı-Nünberq” Mədəniyyət və Təhsil Mərkəzi, istərsə də təşkilatın rəhbəri Yaşar Musayev alman cəmiyyətində də kifayət qədər tanınan şəxsdir.