E-mail:

info@diaspor.gov.az

EN
RU

“Almaniya Azərbaycanlılarının Koordinasiya Şurası Azərbaycan həqiqətlərinin tanınmasında əhəmiyyətli rol oynayacaq”

Naibə Hacıyeva: “Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması soydaşlarımızın birliyi üçün böyük bir addımdır”

Xəbər verildiyi kimi, bu günlərdə Almaniyada yaşayan soydaşlarımız Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasını yaradıblar. Şuranın yaranmasında məqsəd soydaşlarımızın daha mütəşəkkil təşkilatlanması və fəaliyyətlərinin daha intensiv koordinasiya olunmasıdır. Toplantıda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, həmçinin Almaniyadakı aktiv diaspor nümayəndələri iştirak ediblər. Şuranın təsis iclasında Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva da iştirak edib. Naibə xanım öz təəssüratlarını bizimlə bölüşüb: “Son zamanlarda Azərbaycanda bir çox sahələrdə olduğu kimi, Diasporla İş üzrə Dövlət Komitəsində də dəyişikliklər oldu. Diasporla İş üzrə Dövlət Komitəsinə gənc kadr Fuad Muradovun təyin olunması az bir zamanda öz nəticəsini göstərdi. Mən Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri olaraq bütün bu dəyişiklikləri müsbət qiymətləndirirəm və komitə rəhbərliyinin gördüyü işləri dəstəkləyirəm. Fuad Muradov komitə sədri seçildikdən sonra ikinci dəfədir Almaniyaya səfər edərək, diaspor sədrləri, iş adamları və gənclərimizlə görüş keçirib. Köln şəhərində təşkil olunan ilk tədbirdə Fuad müəllimin gənclərə, diaspor sədrlərinə, iş adamlarına, orada tədbirdə olan hər bir azərbaycanlıya vaxt sərf etməsi, onları dinləməsi və bu qısa zamanda gördüyü bütün işlər komitədə böyük irəliləyiş olduğunu təsdiq edir”.
Naibə Hacıyeva bildirib ki, sentyabrın 29-da Almaniyada yaşayan azərbaycanlıların təşəbbüsü ilə təşkil olunan tədbirdə komitə sədri Fuad Muradovla Almaniyadakı səfirimiz Ramin Həsənovun iştirak edərək Almaniyada yaşayan azərbaycanlıları birliyə yönəltmələri, Azərbaycanımız üçün böyük bir irəliləyişdir: “Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması da bu sahədə böyük bir addımdır. Koordinasiya Şurasının cəmiyyət sədrləri ilə sıx əlaqədə olmasına, Azərbaycan həqiqətlərinin tanınmasında əhəmiyyətli rol oynayacağına inanır, işlərimizdə müvəffəqiyyətlər arzu edirəm. Yeri gəlmişkən, dəyərli oxucularımıza bir yenilik də çatdırmaq istəyirəm. Konsulluq tərəfindən aldığım məlumata görə, alman vətəndaşı olan hər bir azərbaycanlı Azərbaycandan öz ailəsini və ya valideynlərini 5 illik viza ilə Almaniyaya gətirə bilər”.

Fuad Hüseynzadə
palitranews.az