E-mail:

info@diaspor.gov.az

EN
RU

Diaspor Komitəsindən daha bir İLK: xaricdəki sənədsiz azərbaycanlıların problemləri çözülür

Qeyri-rəsmi məlumatlara əsasən, ölkəmizin hüdudlarından kənarda 3 milyona yaxın Azərbaycan vətəndaşı yaşayır. Yenə dəqiqləşdirilməmiş rəqəmlərə görə, onların 1 milyon nəfərdən çoxu Azərbaycan vətəndaşı olmaqla bərabər, həm də başqa ölkələrin - Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, ABŞ, Qazaxıstan və s. ölkələrdən birinin və ya eyni zamanda üç və ya daha çox ölkənin vətəndaşlarıdır.
Ümumi saydan 1,5 milyondan çox vətəndaşımızın isə xaricdə daimi yaşamaq statusu aldığı bildirilir.
Bundan başqa, xaricə müvəqqəti əsaslarla - təhsil, müalicə və qaçqın statusu almaq üçün gedənlər də var. Xarici İşlər Nazirliyinin xaricdə qeydiyyatda olan ölkə vətəndaşları haqqında illik hesabatlarından və müxtəlif vaxtlarda seçkilərin nəticələri ilə bağlı xaricdə səs verən vətəndaşların sayını göstərən hesabatlarından məlum olur ki, əslində xaricdə yaşayanların 5-10 faizə qədəri qanunun tələblərinə uyğun olaraq həmin ölkələrdə konsulluq qeydiyyatına alınmaqla, böyük əksəriyyəti konsulluq qeydiyyatına alınmadan yaşayan şəxslərdir. Bu gün onların ən böyük problemi məzh qeydiyyatsız və şəxsiyyət vəsiqələrinin olmamasıdır. Bu məsələ daim dövlətimizin diqqət mərkəzindədir. Ayrı-ayrı dövlət qurumları, xüsusilə də Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi tərəfindən xaricdə yaşayan soydaşlarımızın bu cür problemlərinin həllinə yönəlik addımlar atılsa da, bəzən insanların öz səhlənkarlığı üzündən hələ də narahatlıqlar yaşanmaqdadır.
Artıq məsələnin həlli ilə bağlı daha bir dövlət qurumu Diasporla iş üzrə Dövlət Komitəsi müəyyən görüşlərə başlayıb. İlk olaraq qardaş Türkiyədə işlərə start verilib.
Modern.az saytı xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin işçi qrupunun üzvləri hazırda Türkiyədə qanunsuz yaşayan azərbaycanlıların vətəndaşlıq məsələsinin həlli və şəxsiyyəti təsdiq edən sənədlərlə təmin etmək üçün İstanbulda səfərdədirlər. Səfər çərçivəsində 1990-cı illərdə Türkiyəyə köçmüş və hazırda orada qanunsuz məskunlaşmış azərbaycanlılarla görüşlər keçirilir və onların siyahıya alınması aparılır.
Deputat Fazil Mustafa bu istiqamətdə işləri müsbət qiymətləndirib: “Xaricdə yaşayan azərbaycanlılar bizim doğmalarımızdır. Dövlət Komitəsinin atdığı addım onların şəxsiyyət vəsiqələrilə bağlı problemlərinin çözülməsi və Azərbaycan dövlətilə əlaqələrinin bərpa olunmasıdır. Fikrimcə, atılan addım başqa qüvvələrin bu potensialdan istifadəsinin qarşısının alınmasında müsbət rol oyanayacaq və onları dəstəkləmək lazımdır. Çünki xaricdə yaşayan azərbaycanlıların ən böyük problemlərindən biri də məhz pasportlarla bağlıdır. İnsan amili, onun problemləri varsa, mütləq şəkildə çözmək lazımdır. Maneələr, hüquqi əngəllər ola bilər. Ona görə də lazım gələrsə, qanunvericilikdə də dəyişikliklər edilməlidir. Bu ideyanı və konkret atılan addımı dəstəkləyirəm”.
Deputat Tahir Mirkişili məsələnin həllilə bağlı araşdırmalar aparıldığını bildirib: “Xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün belə bir imkanın yaradılması, onlara böyük dəstək olacaq. Diasporla iş üzrə Dövlət Komitəsinin bunları gerçəkləşdirməsi problemin həlli istiqamətində çox müsbət addımdır”.
Deputat Tahir Kərimli son vaxtlar Diasporla iş üzrə Dövlət Komitəsinin fəaliyyətinin aktivləşdiyi qənaətində olduğunu deyib: “Komitə xaricdə yaşayan soydaşlarımızın müxtəlif problemlərilə bağlı ciddi işlər görməyə təşəbbüs edir və müvafiq addımlar atır. Çox sevindiricidir ki, bu istiqamətdə atılan addımlardan ilki də qardaş Türkiyədə reallaşmaqdadır. Fuad Muradov özü hüquqi qaydaları çox gözəl bilir. Yaranmış neqativlərin aradan qaldırılmasında onun müsbət töhfə verəcəyinə inanıram. Məsələ burasındadır ki, xaricdəki azərbaycanlılar əcnəbi və vətəndaşlığı olmayan şəxslər statusundadırlar, yaxud sənədsizdirlər. Bu isə onlara əlavə problemlər və gəginliklər yaradır, hətta yaşadıqları ölkələrdən deportasiya olunmalarına qədər gedib çıxır. Daxili İşlər Nazirliyinin Baş pasport, qeydiyyat və miqrasiya idarəsi, Xarici İşlər Nazirliyi, Miqrasiya Xidmətilə kompleks tədbirlər həyata keçirmək lazımdır ki, görülən işlər daha effektiv olsun. Məsələlərə həm ölkə içindən, həm də xaricdən dəstək verilməlidir. Hesab edirəm ki, Diasporla iş üzrə Dövlət Komitəsi soydaşlarımızın çoxluq təşkil etdiyi ölkələrin səfirliklərilə də əlaqələri genişləndirməlidir. Səfirliklərin xüsusi xidməti araşdırma aparmalı, belə vətəndaşları müəyyən etməlidir. Bəzən hansısa ölkədə baş verən təyyarə qəzasında ölənlər olur. Biz onların arasında həmvətənimiz olub-olmadığını müəyyən etməkdə çətinliklərlə qarşılaşırıq. Ona görə də problemlərin həlli üçün qeydiyyat və pasport məsələsi öncəlik təşkil edir.
Diasporla iş üzrə Dövlət Komitəsinə başladığı bu yolda uğurlar arzulayır, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Miqrasiya Xidmətilə birlikdə həyata keçirəcəyi kompleks tədbirlərin müsbət nəticələr verəcəyinə inanıram. Azərbaycanlıların xaricdə qanuni əsaslarla yaşaması istiqamətində atılan addımları dəstəkləyirəm. Məndə olan məlumata görə, Komitə bu istiqamətdə çox sağlam işlər görməyə başlayıb”.

Gülşən RAUFQIZI
modern.az