Diaspor rəhbəri: “Kanadalılar bizi və mədəniyyətimizi tanıyırlar”

Müsahibimiz Kanadanın Vankuver şəhərindəki Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Tamilla Sevərcandır
- Tamilla xanım, artıq neçə ildir Kanadada yaşayırsınız. Azərbaycanı tərk edib xaricə, belə bir uzaq ölkəyə getməyinizin səbəbi nə oldu?
- Azərbaycanda orta məktəbi bitirdikdən sonra əvvəl Rusiyanın uzaq Vladivostok şəhərinə köçməli oldum. 16 il orada yaşadıqdan sonra 1999-cu ildə həyat yoldaşımla birgə Amerikaya, oradan da Kanadaya köçdük. Artıq 20 ildir ki, Kanadanın Vankuver şəhərində yaşayıram, burada viza şirkətimiz var. Kanadalıların müxtəlif ölkələrə yaşamaq, iş və ya səyahət vizalarını alması üçün kömək edirəm. İxtisasım isə əslində mühasibdir. Rusiyada və Kanadada universitet bitirib mühasibatlıq ixtisasi üzrə diplom almışam.
- Sizin fəal diaspora nümayəndəsi olduğunuzu bilirik, bu işə necə başladınız?
- Kanadada bir müddət yaşayandan sonra Azərbaycan səfirliyi ilə əlaqə qurub burada öz mədəniyyətimizi təbliğ etmək üçün Azərbaycan Mədəniyyəti Cəmiyyətini yaratdıq. Əslində o vaxta qədər mən Kanadada Avropa festivalı adlanan təşkilatda könüllü olaraq fəalliyət göstərirdim. Bu təşkilatda hər bir ölkənin mədəniyyəti təbliğ olunurdu və mən burada həmin ölkələrin mədəniyyət tendinin (pavliyonunun) rəhbəri idim. Bu təşkilata qoşulmaq və ölkəsinin mədəniyyətini təbliğ etmək üçün Rusiya səfiri məndən dəstək istədi. Mən Rusiyanın da təşkilatda təmsil olunmasına dəstəyimi göstərdim və bundan sonra Azərbaycan səfirliyinə müraciət etdim ki, mədəniyyətimizi təbliğ etmək üçün əlimizdə belə bir imkan var. Beləcə, biz orada Azərbaycan Mədəniyyəti Cəmiyyətini yaratdıq. Azərbaycan səfirliyinin dəstəyi ilə biz milli bayramlarımızı, əlamətdar günləri qeyd etməklə ölkəmizi başqa xalqlara tanıtmağa və təbliğ etməyə başladıq. Bu gün orada yaşayan digər millətlər, eləcə də kanadalılar bizi və mədəniyyətimizi tanıyırlar.
- Bilirik ki, Kanadada erməni diasporu güclüdür, Azərbaycanın təbliği zamanı  sizə hər hansı problem yaradıblarmı?
- Bir dəfə belə bir insident olmuşdu.. Müxtəlif xalqların təmsil olunduğu festival zamanı kanadalı bir nəfər mənə yaxınlaşıb Azərbaycan xəritəsini istədi. Həmin vaxt əlimdə ayrıca xəritə olmadığına görə kitablardan ölkəmizin xəritəsini ona göstərdim. O isə mənə başqa bir xəritə verdi, Azərbaycanın orada bütün ərazilərini görmədim, hətta Qarabağın Ermənistan ərazisinə daxil olduğunu gördüm. Ona bu xəritənin yanlış olduğunu söyləyib xəritəni zibil qutusuna atdım. Həmin vaxt bir jurnalistə müsahibə verdim, Azərbaycanın ərazisi, sərhədləri, qonşuları barədə danışdım. Mən bununla bağlı kitablardan əraziləri göstərib onlara izah etdim. ...Orada Richmond adlanan ərazidə erməni diasporu çox güclüdür, amma aramızda heç bir münaqişə olmayıb. Hətta City Hall adlanan ərazidə biz Xocalı ilə bağlı nümayişlər keçirmişik və insanlara bununla bağlı broşürlər təqdim edib ermənilərin bizə qarşı törətdikləri soyqırımı onlara izah etmişik. Lakin bununla bağlı heç bir millətlə problemimiz olmayıb.
- Orada gənclər və uşaqlar arasında Azərbaycan dilini necə təbliğ edirsiz?
- Azərbaycan Mədəniyyəti Cəmiyyətinin belə bir yeri var idi və orada Azərbaycan dili tədris olunurdu. Sadəcə bu yeri tutmaq üçün kifayət qədər vəsait olmadığından ora bağlandı. Kanadada azərbaycanlı gənclər çoxdur və Azərbaycan dilində çox gözəl danışırlar, amma Azərbaycan dilində oxuya bilmirlər. Mən çox istərdim ki bununla bağlı bir layihəmiz olsun. İndi Dövlət Komitəsi bu istiqamətdə müxtəlif layihələr həyata keçirir. Ümid edirik ki, Kanadada yaşayan soydaşlarımız da bu layihələrdən kənarda qalmayacaq. Komitənin əsas hədəflərindən biri milli kimliyin qorunmasıdır. Bunun üçün də dil əsasdır.
-  Gələcək üçün bununla bağlı bir planınız varmı?
- Əlbəttə. İşlərimizin bir neçəsi bununla bağlıdır. Məsələn, türk xalqlarının festivallarını, 28 maya həsr olunmuş tədbirləri keçiririk. Həm Azərbaycanın Müstəqillik günü, həm də türkdilli festival kimi qeyd olunur. Ondan əlavə, Azərbaycan Musiqi Festivalı təşkil edirik. İnsanlar burada həm ölkəmizin milli mətbəxi ilə tanış olur, həm musiqisini dinləyir və Azərbaycan rəqsini öyrənir, həm də mədəniyyətimizi tanıyırlar. Bundan əlavə, Kanadada bir çox ölkələrin mədəniyyətlərini təbliğ etmək üçün onların günləri qeyd olunur. Çox istərdim ki, Azərbaycan günü də burada qeyd olunsun. Bunu təşkil etmək üçün müəyyən dəstəyə ehtiyac vardır.
- Çox sağolun təklifimizi qəbul edib müsahibə verdiniz.
- Sağ olun, dəvət etdiyiniz üçün