Bağatur Arabuli: Azərbaycanla Gürcüstan arasında ədəbi əlaqələrin genişlənməsində şair və yazıçılar mühüm rol oynayırlar

Azərbaycan ilə Gürcüstan arasında ədəbi dostluq əlaqələri davamlı olaraq daim inkişaf edir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin və əməkdaşlarının Gürcüstana səfərləri, ölkəmizin müvafiq qurumları və azərbaycanlı icması ilə sıx əlaqələri münasibətlərimizin daha da dərinləşməsinə töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstan Yazıçılar Birliyinin (GYB) sədri Bağatur Arabulinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə əlaqədar təbrik məktubunda öz əksini tapıb.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstandakı azərbaycanlı icması ilə bağlı fəaliyyətini yüksək qiymətləndirən B.Arabuli Yeni il ərəfəsində, ilk növbədə, Azərbaycan Prezidentinə və xalqına öz dərin sevgilərini və ehtiramını çatdırıb.

Məktubda deyilir: “Bu gün Gürcüstanda ən böyük icma azərbaycanlı icmasıdır. Bunu nəzərə alaraq mən, 2018-ci ildə GYB-nin nəzdində Azərbaycan bölməsinin yaradılması təşəbbüsü ilə dövlət qurumları qarşısında çıxış etdim və ölkəmizdə azərbaycanlı icmasının 300 mindən artıq olduğunu nəzərə alaraq bölmənin yaradılmasının vacib olduğunu gürcü ictimaiyyətinin nəzərinə çatdırdım. Çox şadam ki, istəyimizə nail oldum”.

B.Arabuli qeyd edir ki, ölkələrimiz arasında ədəbi əlaqələr sahəsində görüləsi işlər çoxdur. Biz bu məqsədlə bir neçə layihə hazırlamışıq və Diaspor Komitəsi həmin layihələrin reallaşmasına böyük dəstək verir: “Azərbaycan ilə Gürcüstan arasında ədəbi əlaqələrin genişlənməsinə məhz biz yazıçılar qoşulmalıyıq. Sənətdə, ədəbiyyatda ən başlıca vasitə sözdür”.

Bildirilir ki, GYB-nin tərkibində Azərbaycan bölməsinin yaradılması çox əlamətdar tarixi hadisədir. Bölmənin yaradılması gürcü ictimaiyyəti və ədəbi mühitində, həmçinin Azərbaycanda böyük əks-səda doğurdu.

GYB –nin binasında Azərbaycan bölməsinə otaqlar ayrılıb, kompüter və digər avadanlıqla təmin olunub.

Gürcüstanda yazıb-yaradan 6 şair və yazıçı Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. Bununla da GYB-nin tərkibi daha da zənginləşib.

Hazırda birliyin maliyyə dəstəyi ilə “Şəfəq-Sxivi” və “Körük” jurnalları çap olunur.

Sənəddə qeyd edilir ki, bölmənin rəhbəri Moskva Maksim Qorki adına Dünya Ədəbiyyat İnstitutunun məzunu, şair-tərcüməçi Allahverdi Təhləli təyin olunub. A.Təhləlinin redaktorluğu ilə işıq üzü görən “Şəfəq-Sxivi” jurnalının ilk nömrəsində Azərbaycan yazıçıları ilə yanaşı, gürcü klassiklərindən Vaja Pşaveli, poeziya incilərindən Qalaktion Tabidze, Besik Xaraqauli və başqalarının əsərlərinin, həmçinin Azərbaycan dilinə tərcümə olunmuş şeirlərimin yer alması gürcü ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

“Əminəm ki, “Şəfəq-Sxivi” jurnalı rəmzi olaraq Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafına daim işıq saçacaq. Biz uzun müddətdir ki, ədəbi sahədə bir–birimizdən ayrılmışdıq. Bu gün bu əlaqələrin daha da dərınləşməsi üçün gənc azərbaycanlı yazarları da öz sıralarımıza cəlb etməyi qarşımıza məqsəd qoymuşuq. Mədəni əlaqələrin genişlənməsi üçün həm Gürcüstan, həm də Azərbaycan hökuməti öz xoşməramlı dəstəklərini göstərməlidir. Təbii ki, Mədəniyyət nazirlikləri və Diaspor komitələri də bu işə təkan verməlidir. Bu iş birlik tələb edir və bütün arzu və istəklərimizi də birlikdə həll etməliyik.

“Bu, həm də Azərbaycan-Gürcüstan dostluğuna bariz nümunədir və ümidvaram ki, Azərbaycanın Diaspor Komitəsi də bu başlanğıcın daha da məhsuldar olması üçün öz səylərini əsirgəməyəcək”, - deyə məktubda vurğulanır.

Məktubun sonunda müəllif Azərbaycan xalqını 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, Azərbaycan və gürcü xalqlarına əmin-amanlıq, firavanlıq arzulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi