Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib

Xəbər verildiyi kimi, 23 fevralda Avropanın əksər ölkələrindən soydaşlarımız, diasporumuzun nümayəndələri Brüsseldə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqinə toplaşacaqlar. Məqsəd Azərbaycanın Qarabağ həqiqətlərini, Ermənistanın işğalçılıq siyasətini Avropanın diqqətinə çatdırmaqdır. Mitinqlə Avropadakı aktiv diaspor üzvləri tərəfindən ciddi iş aparırlar. Məhz buna görə də bir neçə diaspor üzvü mitinqlə bağlı soydaşlarımıza çağırış ediblər.
Belçika və Hollandiyada Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricilərindən biri olan, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva: “Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının ortaq qərarı ilə fevralın 23-də Brüsseldə ümumxalq mitinqi keçiriləcək. Mitinqdə Xocalı soyqırımına beynəlxalq müstəvidə siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarını geri qaytarması üçün Ermənistana təzyiq göstərilməsini, öz yurd yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, Ermənistan tərəfinin münaqişə ilə bağlı qəbul olunmuş. məlum beynəlxalq sənədlərin qərarlarına riayət etməsini tələb edəcəyik. Mitinq zamanı yerli sakinlərə və turistlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər də paylanılacaq. Qeyd edim ki, bu, Brüssel şəhərində Luksemburq Palace qarşısında olacaq Ümumavropa Qarabağ mitinqidir. Bütün Avropa "Qarabağ" deyəcək”.
Koordinasiya Şurasının digər üzvü, “Odlar Yurdu” Niderland Azərbaycan Cəmiyyətinin sədri Firəngiz Bağırova: “Hazırda Belçikaya getməklə bağlı işlərlə məşğuluq. Çağırış işləri artıq 2-3 həftədir gedir. Niderlandın şimal tərəfindən gələnlər mənimlə Den Haag şəhərinə gedəcəyik. Oradan da avtobuslarla Belçikaya gedəcəyik. Xocalı soyqırımına görə hamı bir olur, səfərbər olur. Burada sadəcə milli dəyərlərimiz üstün olmalıdır”.
Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasov: “23 fevral mitinqinin məqsədi Avropa siyasət adamlarının Xocalı soyqırımı məsələsində tutduğu mövqeyə birlikdə etiraz etmək. Etiraf edim ki, mitinq xəbərini duyanda sandım ki, ancaq Niderland və Belçikada yaşayan soydaşlarımızın qatılması üçün təşkil olunub. O zaman mitinqin həftənin iş günlərinə deyil, şənbə gününə təyin edildiyinə təəssüf etdim və bunun səbəbini Niderlanddakı bəzi təşkilat rəhbərlərinə soruşdum da. Sonradan mitinqə Avropanın hər yerindən soydaşlarımızın qatılacağını öyrəndim və hesab etdim ki, imkanı, zamanı olan hər kəsin bu mitinqə qatılması yaxşı olar. Səhv etmirəmsə bu, Avropanın hər yerindən iştirakçıları olacaq ilk mitinqimiz olacaq. Millətimizin bu kimi məsələlərdə birlik göstərəcəyinə, imkanı olan hər kəsin mitinqə qatılacağına ümid edirəm. Bəlkə yenə səsimizi eşidən olmayacaq, ancaq biz əlimizdən gələni etməliyik. Təbii ki, eyni hərəkəti edib fərqli nəticə gözləmək düzgün deyil, ancaq bu cür geniş miqyaslı mitinq təşkil etdiyimiz, səhv etmirəmsə, ilk dəfədir. Bir daha ümid etdiyimi bildirirəm ki, mitinq izdihamlı olacaq”.
Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov: “Dəyərli dostlar, Hörmətli qardaş və bacılar! Sizin hər birinizi 23.02.2019-cu ildə Brüssel şəhərində, “Xocalı Soyqırımına” həsr edilmiş aksiyaya dəvət edirik. Qarabağ və Xocalı məsələsində Azərbaycanlılar arasında heç bir fikir ayrılığı yoxdur. Qarabağ məsələsində bizim üçün tək Azərbaycan var. Biz bu aksiyada öz gücümüzü və birliyimizi nümayiş etdirməliyik. İşğalçılara və onların arxalarında duranlara çox vacib mesajlar verməliyik. Bu, milli bir məsələdir, bu çox vacib bir aksiyadır. Azərbaycanı sevən, Vətəninə bağlı olan bütün qardaş və bacılarımızı bu aksiyaya dəvət edirik. Ermənilər bu tədbirdən çox narahatdırlar, bu tədbirin baş tutmaması üçün bütün vasitələrdən istifadə etdilər, lakin bunu bacara bilmədilər. İndi artıq sıra bizdədir. Biz hamımız bir olub bu tədbiri yüksək səviyyədə həyata keçirməliyik. Ermənilər hiss etməlidirlər ki, Qarabağ, Xocalı adı olan yerdə, heç bir siyasi görüşündən asılı olmayaraq bütün Azərbaycanlılar oradadır. Yaşasın Vətənimiz! Yaşasın Millətimiz! Yaşasın Dövlətimiz!”
Almaniya Azərbaycanlıları Koordinasiya Şurası İdarə heyətinin sədri Dr. Yaşar Musayev: “Hörmətli xanımlar və cənablar, əziz həmvətənlər. Xocalı soyqırımı Azərbaycan xalqının yaxın tarixində ən faciəvi günlərdən biridir. Bu günü dünyanın harasında olmasından asılı olmayaraq hər bir Azərbaycanlı yad etməlidir. Almaniya azərbaycanlıları “Xocalıya Ədalət” aksiyası çərçivəsində Avropanın paytaxtı Brüsseldə və Almaniyanın paytaxtı Berlində etiraz aksiyalarında iştirak edirlər. Bu işin təşkilində Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq olunur. Aksiyada Xocalı soyqırımı nəticəsində həlak olanların əziz xatirəsi yad edilir, dünyanın bəzi aparıcı ölkələrinin erməni işğalına göz yumması və ikili standartlarla məsələyə yanaşması qeyd olunur.
Azərbaycan BMT-nin üzv ölkəsidir. Onun ərazi bütövlüyü BMT tərəfindən tanınır. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar BMT–nin Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi vurğulanıb, işğalçı ölkənin qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Lakin Azərbaycan torpaqları 30 ilə yaxındır ki, işğaldadır. Biz Beynəlxalq hüquqa hörmət etməyən, işğalçılıq siyasəti yürüdən Ermənistan ordusunun Azərbaycan torpaqlarından çıxmasını tələb edirik!
Əminəm ki, Azərbaycan xalqı öz ərazisinin bütövlüyünü bərpa edəcək və erməni işğalı ilə heç vaxt razılaşmayacaq. Bunun üçün bütün xalqın müstəqil Azərbaycan dövlətçiliyi naminə sıx birləşməsi çox vacib amildir”.
Belçika Azərbaycanlıları Mədəniyyət mərkəzinin idarə heyəti üzvü İlkin Hüseynov: “Ölkədən kənarda yaşayan azərbaycanlılar olaraq hər birimiz bir səfir kimi ölkəni təmsil eləməliyik və edirik də, xüsusi ilə son illər bu işlər daha genişlənib və bu sahədə böyük addımlar atılır, istər Avropa parlamentində, istər yerli xalqlar arasında böyük işlər görülür, bu yaxınlarda Belçikanın önəmli tv kanalı olan "Een" kanalında da Azərbaycanla bağlı geniş bir veriliş verildi, bu gün Belçika və azərbaycanlı zabitlərin, diplomatik nümayəndəliklərin iştirakı ilə böyük bir tədbir oldu. Belə ki Konqres mərkəzi adlanan yerdə əsgərlər tərəfindən şəhidlərin xatirəsinə əkili qoyuldu, dövlət himnimiz səsləndi, paralel olaraq Brüsselin Kral muzeyində rəssam Ramal Kazımın Xocalı soyqırımı sərgisi davam edir, o ki qaldı mitinqə, şənbə günü baş tutacaq mitinq, demək olar ki, Avropada böyüklüyünə görə ilk olacaq, Avropanın bir çox ölkəsində yaşayan həmvətənlərimiz bir olub bu soyqırımı dünyaya hayqırmağa gələcək, məkan Avropa parlamentinin önü, Lüksemburq meydanı. Avropadakı həmvətənlərimizi bu meydanda gözləyirik”.

Fuad Hüseynzadə
palitranews.az