E-mail:

info@diaspor.gov.az

EN
RU

Berlindən Buxarestə qədər azərbaycanlılar, yaxud diasporla bağlı nikbin gələcək

Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyi bir müddətdir Avropa turnesinə çıxıb. Komitənin təşəbbüsü ilə Fransa, Almaniya, Rumıniya, Ukraynada vacib toplantılar keçirilib, Azərbaycanın diaspor liderləri, diplomatlar milli maraqlar naminə bir araya gətiriliblər.

Almaniya Avropanın ən güclü iqtisadiyyatına və “qoca qitə”nin təhlükəsizlik sistemində önəmli rola malik ölkədir.

Əhalisinin sayı son hesablamalara görə, 83 milyon nəfərə çatan Almaniya dünyanın 100-dən artıq ölkəsindən gələn miqrantlar üçün yeni vətən olub. Onlar arasında azərbaycanlılar da az deyil. Müxtəlif səbəblərdən tarixi vətənlərini tərk edən soydaşlarımız da şübhəsiz ki, Almaniyada təşkilatlanmağa, vahid bayraq altında birləşmək zərurəti hiss edirlər.

Müxtəlif millətlərə, dinlərə və irqlərə məxsus bu multikultural cəmiyyətdə harmoniya halında yaşamaqla yanaşı, azərbaycanlılar milli adət-ənənələrin, tarixi vətənlə bağlılığın saxlanılması və milli-mədəni qüvvə kimi olaraq vətənin maraqlarını Almaniyanın ictimai-siyasi həyatında müdafiə etmək üçün çalışırlar.

Statistik məlumatlar azərbaycanlıların Almaniyadakı sayının 100 min nəfərdən çox olduğunu və onların əsasən, yüksək inkilşaf etmiş Qərbi Almaniya əyalətlərində yaşadığını göstərir. Paytaxt Berlinlə yanaşı, Köln, Bohum, Nürnberq, Ştutqart, Vürtsburq və Dusseldorf şəhərlərində də yerli azərbaycanlıların təşkilatları yaradılıb.

Vürstburqda “Güney”, Bonnda “Azərbaycan Mədəniyyət Ocağı”, Düsseldorfda “Azərbaycan-Almaniya Cəmiyyəti” və s. təşkilatların adlarını çəkmək olar.

Almaniyadakı diaspor təşkilatları Azərbaycan həqiqətləri - 20 Yanvar faciəsi, Xocalı soyqırımı və 31 mart soyqırımı haqda alman cəmiyyətinin bilgiləndirilməsi, Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının 20%-nin ermənilər tərəfindən işğal olunması, nəticədə 1 milyon azərbaycanlının yurd-yuvasından didərgin salınması faktını rəsmi Berlinə çatdırmaq üçün müəyyən səy göstəriblər. 2018-ci il mayın 28-də Respublika Günü ilə bağlı Almaniya azərbaycanlıları Berlin və digər iri şəhərlərdə aksiyalar keçirmişdilər. Belə aksiyaların sayı Almaniyada 3 milyondan çox olan türk icması ilə koordinasiyalı şəkildə keçirilməsi isə uğurlu diaspor strategiyasının tərkib hissəsi sayılmalıdır. Aksiyalar 26 fevral Xocalı soyqırımı, Novruz bayramı və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə də təşkil edilir.

Diaspor təşkilatlarının Azərbaycan dövlətinin bu sahədə məsul qurumu olan Diasporla İş üzrə Dövlət Komitəsinin ortaq fəaliyyət göstərməsi və vahid platforma ilə çıxış etməsi, daha effektli nəticələrə nail olunması, bu əlaqələrin qarşıdakı illərdə də sıx saxlanılması bütün azərbaycanlıların maraqlarına cavab verir.

Bu xüsusda, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin Avropa turnesi çərçivəsində Fransadan sonra Almaniyaya səfər etməsi önəmli hadisə sayılmalıdır.

Almaniya Federal Kansler Aparatının idarə rəisi Matthias Lüttenberg və Almaniya Daxili İşlır Nazirliyinin Qaçqınlar və Miqrasiya məsələləri üzrə müvəkkili Kristian Klosla görüşlərin keçirilməsi azərbaycanlı mühacirlərə cavabdeh olan dövlət qurumlarının mövqeyini və fikirlərini öyrənmək baxımından vacib addımdır. Digər tərəfdən, azərbaycanlı ailələrlə və orada təhsil alan gənclərlə, Köln şəhərində isə azərbaycanlı iş adamları ilə görüşün təşkili Diaspor Komitəsi ilə diaspor təşkilatları arasında məhsuldar və sağlam əməkdaşlıq körpülərinin salınması üçün ilk qaranquş sayıla bilər.

Diaspor üzvlərinin sayının çoxluğunu nəzərə alaraq, Dövlət Komitəsinin Almaniyada azərbaycanlı uşaqlar üçün dil məktəbini açmaq niyyəti, mədəniyyət evlərinin yaradılmasını təklif etməsi diasporun assimilyasiya olaraq yox olmasının, bir növ Azərbaycana yadlaşmasının qarşısını almaq baxımından vacib təkliflərdən sayılmalıdır.

Diasporla işin daha bir önəmli tərəfi erməni diasporu ilə mübarizədir. Fransadan fərqli olaraq, Almaniyada güclü erməni diasporu olmasa da, son illər onların təşkilatlanması və Berlindəki federal hökumətə təsir göstərməyə cəhd etdiyi aydın sezilir. Məhz bu təxribatlar Almaniya parlamentinin “erməni soyqırımı”nı qəbul etməsi ilə nəticələnmişdi.

Buna baxmayaraq, Azərbaycan-türk diasporunun sayı və nüfuzu erməni yalanları ilə mübarizə aparmağa imkan verir. Bu mübarizədə Almaniyada formalaşan Azərbaycan ziyalıları, iş adamları, siyasətçilər və incəsənət xadimləri öz rollarının öhdəsindən gələ bilsələr, vacib nəticələr qazanılar.

Almaniyada keçirilən görüşlər, atılan addımlar güclü maddi bazaya, intellektual potensiala və fədakar üzvlərə malik Azərbaycan diasporunun Dövlət Komitəsi ilə əl-ələ verməsi şübhəsiz ki, uğurlu inkişafın təməlini qoyacaq.

Ən azından son aylarda cərəyan edən hadisələr istər Azərbaycan cəmiyyətində, istərsə də Azərbaycan diasporunda böyük gözləntilər və nikbinlik hissi oyadıb.

Unutmayaq ki, güclü diaspor güclü Azərbaycan, güclü Azərbaycan isə güclü diaspor deməkdir.

Dövlət Diasporla İş üzrə Dövlət Komitəsinin diqqətində olan daha bir ölkə Rumıniyadır.

Avropa İttifaqının və NATO-nun üzvü olan bu Şərqi Avropa ölkəsi bölgədə Azərbaycanın sıx əməkdaşlıq etdiyi dövlətlərdən sayılır. Unutmayaq ki, Rumıniya Azərbaycanın müsqətilliyini tanıyan 2-ci ölkədir. Bu hadisə uzaq 1991-ci ilin dekabrında baş vermişdi.

Rumıniyada Azərbaycan diasporunun sayı Almaniya ilə müqayisədə xeyli az olsa da, oradakı soydaşlarımızın fəallığını və Bakı ilə Buxarest arasındakı münasibətlərin dinamikasını zəiflətmir.

Əksinə, azsaylı Azərbaycan icması Rumıniyadakı səfirliklə birlikdə ölkələrarası münasibətlərin yaxınlaşmasında, iqtisadi səmərəliliyinin artmasında müsbət rol oynayır.

Rumıniya Azərbaycanlıları Birliyi, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası, SOCAR-ın Rumıniya nümayəndəliyi bu ölkədə Azərbaycan diasporunun təşkilatlandığı əsas ictimai birliklərdir. Yerli türk-tatar icmalarının verdiyi dəstək də diaspor təşkilatlarının gücünə güc qatır.

Diaspor sahəsində Rumıniyada Heydər Əliyev Fondunun fəaliyyətini də vurğulamaq lazımdır. Fond 2013-cü ildə Rumıniya-Amerika Universitetinin nəzdində Azərbaycan Araşdırmaları Mərkəzinin əsasını qoyub.

Bu Mərkəz Rumıniyada Azərbaycan dilinin öyrənilməsi və tərdisi üçün azərbaycanlılarla yanaşı, rumınların da ölkəmizin tarixi keçmişi, adət-ənənələri və mədəniyyəti ilə tanış olmaqda önəmli məktəb rolunu oynayacaq.

Bu faktorları nəzərə aldıqda, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi Rumıniya səfəri çox vacib addımdır. Komitə rəhbərliyi xaricdə yaşayan rumınlarla iş üzrə nazir xanım Natalya-Elena İntotero, dini məsələlər üzrə dövlət katibi Viktor Opaski, Xaricdə Yaşayan Rumınlarla İş Komissiyasının sədri senator Viorel Riçard Badea, Rumıniyanın baş naziri Viorika Dançilanın iş aparatında dövlət müşaviri Andreea Pastarnak və baş nazirin strateji tərəfdaşlıqların tətbiqi üzrə müavini xanım Ana Birçal kimi dövlət məmurları ilə görüşməsi, ikitərəfli münasibətlər və diaspor sahəsindəki əməkdaşlığı müzakirə etməsi əhəmiyyətli toplantılar sayılmalıdır.

Avropa turnesi zamanı Azərbaycan diasporunun say baxımından çoxluq təşkil etdiyi Ukrayna da Diasporla İş üzrə Dövlət Komitəsinin diqqətində olan ölkələrdən oldu. Müxtəlif məlumatlara görə, bu ölkədə 500 minə qədər azərbaycanlı yaşayır. Amma təəssüf ki, Ukraynadakı Azərbaycan icması uzun illər öncədən ciddi parçalanmalara məruz qalmış, şəxsi münasibətlər zəminində baş verən parçalanmalar azərbaycanlıların diaspor potensialını zəiflətmişdi.

Hazırda bu ölkədə 2 əsas diaspor təşkilatı var: Ukrayna Azərbaycanlıları Konqresinin parçalanmasından sonra meydana gələn Hikmət Cavadovun başçılıq etdiyi Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Rövşən Tağıyevin rəhbərlik etdiyi Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin Ukraynaya səfər proqramı çərçivəsində hər iki təşkilat liderini bir araya gətirərək cəhdi uğurla sonuclandı. Uzun illər küsülü qalan icma rəhbərləri arasında soyuqluğa son qoyuldu. Bu parçalanmaya son qoyulması Ukrayna azərbaycanlıları diasporunun gələcəyi üçün optimist vədlər verir və yerli strukturun vahid mərkəz kimi daha effektli və təsirli fəaliyyət göstərəcəyinı zəmin yaradır.

Bu təşkilatlar birləşmək barədə qərar qəbul edib və prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün işçi qrupu yaradılıb. Bununla bağlı diaspor təşkilatları geniş müzakirə aparıb, birləşmək qərarına yekdilliklə səs verilib və birgə fəaliyyətin mexanizmləri müzakirə edilib.
İşçi Qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq barədə də razılığa gəlib və birləşmənin vacib olduğunu bildiriblər. Verilən mlumata görə, artıq Koordinasiya Şurasının ilk iclası keçirilib və təşkilatlar daha geniş miqyasda fəaliyyətə başlayacaqlarını elan ediblər.

Şübhəsiz ki, bu önəmli addım, həmçinin, Ukraynanın Kiyevlə yanaşı, Odessa, Xarkov, Dnepr, Zaporojye, Lvov, Jitomir, Çerniqov, Berdıçev, Krivoy Roq, Mariupol, Xerson, Nikolayev, Melitopol və s. kimi şəhərlərində də Azərbaycan icmasının fəaliyyətinin saxlanması, azərbaycanlı uşaqlar üçün bazar günü məktəblərinin təşkili, folklor qruplarının yaradılması, ölkənin ali təhsil müəssisələrində Azərbaycan dili mərkəzlərinin açılması və burada təhsil alan tələbələrin yaradacağı birliklər gələcək üçün xüsusi önəm kəsb edir.

Ümumilikdə, Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa turnesini xaricdə yaşayan azərbaycanlıların birləşməsində yeni mərhələ adlandırmaq olar.

modern.az
20.07.2018