E-mail:

info@diaspor.gov.az

EN
RU

Ramiz Əmirli: “Bir az zaman lazımdır ki, Avropada diasporumuz böyük təsir imkanlarına malik olsun"

Macarıstandakı Azərbaycan diasporunun rəhbəri “General Həzi Aslanov medalı” ilə təltif edildi

Macarıstanda fəaliyyət göstərən “Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin rəhbəri və Macarıstandakı Azərbaycan diasporunun rəhbəri Ramiz Əmirli dünən “Yeni Müsavat”ın redaksiyasının qonağı olub. Ramiz Əmirli Bakıya gəlişinin səbəbi və digər məsələlərlə bağlı suallarımızı cavablandırıb.

- Ramiz bəy, Bakıya gəlişiniz nə ilə bağlıdır?

- Öncə qeyd edim ki, “Yeni Müsavat” qəzetinin kollektivi mənim üçün çox doğmadır. Hər dəfə vətənə gələndə mütləq redaksiyanıza baş çəkməyi, hörmətli dostum Rauf Arifoğlunu, qəzetin əməkdaşlarını ziyarət etməyi bir ənənəyə çevirmişəm. Bu dəfə vətənə gəlişimin səbəbi Azərbaycan Respublika Veteranlar Təşkilatı tərəfindən “General Həzi Aslanov medalı” ilə təltif olunmağımdır. Məni adını çəkdiyim təşkilatın sədr müavini, Silahlı Qüvvələrin Azərbaycan Prezidenti yanında Dövlət Xidməti Akademiyasının dossenti, polkovnik Cəlil Xəlilov dəvət edib. Bu təşkilat II dünya müharibəsinin və vətən müharibəsinin veteran və qəhrəmanlarını özündə birləşdirən bir təşkilatdır. Son zamanlar mənim rəhbərlik etdiyim cəmiyyət bu təşkilatla sıx əməkdaşlıq edir. II dünya müharibəsi zamanı Macarıstanda da qəhrəmancasına döyüşmüş və həlak olmuş həmyerlilərimizin məzarlarının axtarışı ilə də məşğul oluruq. Məsələn, Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyev Budapeşt şəhəri yaxınlığında kiçik bir kəndin faşistlərdən azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib və həlak olub. 1923-cü il təvəllüdlü bu həmyerlimiz 1944-cü il iyunun 11-də həmin kənddə də dəfn olunub. Biz hər il onun məzarını ziyarət edirik. Macarıstanda II dünya müharibəsi veteranlarını birləşdirən təşkilat var. Biz Azərbaycan Respublikası Veteranlar Təşkilatı ilə həmin təşkilatın əlaqələrini, əməkdaşlığını qurmaq üçün hər ikisinin rəhbərliyinin görüşlərini təşkil edəcəyik.

- “General Həzi Aslanov medalı” ilə təltif olunmanız hansı işlərinizə verilən qiymətdir?

- Yuxarıda qısa da olsa qeyd etdim ki, biz Macarıstanda müharibədə həlak olmuş həmyerlilərimizin məzarlarının axtarışı və tapılması istiqamətində iş aparırıq. Eyni zamanda məzarları tapılmış həmyerlilərimizin anım tədbirlərinin keçirilməsi işlərini həyata keçiririk. Macarıstan cəmiyyətinə macar torpaqlarının azad olunması uğrunda azərbaycanlıların da necə qəhrəmanlıqla döyüşdüyü, canlarından keçdiyi barədə faktlarla məlumatlar çatdırırıq. Bu hesab edirəm ki, vacib missiyadır. Biz həmçinin Qarabağın işğalı, Qarabağ həqiqətləri ilə bağlı macar cəmiyyətini məlumatlandırma işlərini həyata keçirməklə məşğuluq. Bu mövzudan bəhs edən kitabların macar dilinə tərcümə edib orada nəşri ilə məşğul olmaq missiyasını öz üzərimizə götürmüşük.

- Yaşadığınız Macarıstanda və ümumiyyətlə Avropa ölkələrində Azərbaycan diasporunun durumu nə yerdədir?

- Azərbaycan Diaspor və Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovun rəhbərliyi diaspora təşkilatlarımızda çox ciddi aktivlik yaradıb. Diaspor təşkilatlarımız işlərini yeni, müasir üsullarla həyaya keçirməkdədirlər. Fuad Muradov başda olmaqla komitənin bir sıra işçiləri Avropa ölkələrinə səfərlər edərək diaspora təşkilatlarımızla görüşür. Bu proses bizdə çox böyük ruh yüksəkliyi yaradıb, işimizə daha da ciddi yanaşmamıza təkan verib. Bu gedişlə bir az zaman lazımdır ki, Avropada Azərbaycan diasporu çox böyük təsir imkanlarına malik təşkilatlardan birinə çevrilsin.

- Bir neçə həftədir Fransada başlanan kütləvi etirazlar bir sıra Avropa ölkələrinə sıçrayıb. Macarıstana da təsirləri olubmu?

- Bəli. Bu günlərdə Budapeşt şəhərində də insanlar küçələrə, meydanlara çıxıb. Son zamanlar Fransada olanlardan təəccüblənməmək mümkün deyil. Konkret Macarıstana gəlincə, Macarıstanda insanların küçələrə çıxmasına səbəb iş vaxtından artıq işləyən işçilərin əməkhaqlarının verilməsində qanunda dəyişiklik edilib. Dəyişikliyə görə müəssisə iş vaxtından artıq işləyən işçinin əməkhaqqını üç il müddətində verə bilər. Bu dəyişikliyə insanlar etiraz edir. Hesab edirəm ki, tezliklə hökumət qəbul etdiyi qərarı ləğv edəcək. Macarıstanda iğtişaşlara səbəb olacaq amil görmürəm. Macarıstan baş naziri bu yaxınlarda çox yaxşı bir qərar qəbul edib. Belə ki, indiyə qədər ailədə ikinci uşaq olanda hər uşağa görə 10 min avro birdəfəlik müavinət ödənilirdi. Baş nazirin yeni qərarına görə üçüncü uşağı olan ailəyə hər uşağa görə 15 min avro birdəfəlik müavinət ödəniləcək. Bundan başqa, bir çox ciddi sosial islahatlar da həyata keçirilib.

Etibar Seyidağa,
“Yeni Müsavat”