Azərbaycanın diaspor təşkilatları fəaliyyət istiqamətlərini daha da genişləndirir

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr xeyli genişlənib və diasporla iş dövlət siyasətinə çevrilib. Dünya təcrübəsi göstərir ki, dövlətçiliyin inkişafında diaspor amili mühüm yerlərdən birini tutur. Bu, dövlətin beynəlxalq aləmdə nüfuzunun artması və təsir imkanları əldə etməsi ilə bağlıdır. Bundan əlavə, beynəlxalq münasibətlər sistemi diasporu özündə siyasət, mədəniyyət, cəmiyyətlər, birlikləri və s. birləşdirən institutlaşmış funksional tərkib kimi qəbul edir. Diaspor amili dövlətçiliyimizin inkişafı və Azərbaycanın dünyadakı nüfuzunun və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da öz fəaliyyətlərində yeni mərhələnin başlandığını etiraf edir, Komitənin işindəki sağlam istiqaməti, aparılan islahatları və ən əsası, isti münasibətləri təqdir edir. 
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında Fərman imzalayıb. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni mərhələnin başlanğıcı qoyulub, azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilib. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə zəmin olub. Xaricdə yaşayan həmvətənlərimiz bu gün Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb ediliblər, onların Azərbaycan iqtisadiyyatına investisiya qoyması və ölkə ərazisində sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün əlverişli şərait yaradılıb.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarında da Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində görünən müsbət dəyişikliklər, soydaşlarımızın diaspor təşkilatlarında daha sıx birləşmək istəyi, Komitə ilə diaspor təşkilatları arasında formalaşan sağlam münasibətlər müsbət qarşılanıb. Belə ki, son dövrlərdə Azərbaycanın diaspor təşkilatlarının fəaliyyət istiqamətlərini genişləndirdiyini deyən Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Əflatun Amaşov diasporun fəaliyyətini mətbuatdan yaxından izlədiyini bildirib: “Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərinin ayrı-ayrı ölkələrə səfərlərini, azərbaycanlılarla görüşlərini izləyirəm. Hiss olunur ki, möhkəm və dayanıqlı əsaslarla təşkilatlanma işi aparılır, inkişaf gedir. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi bu məsələləri mütəmadi olaraq diqqətdə saxlayıram. Gürcüstana gedərkən yerli Azərbaycan icması və soydaşlarımızla görüşürəm. Gözləntilərim çoxdur. Gürcüstanda soydaşlarımızın sosial mövqeyi, dil və mədəniyyət sahəsindəki inkişafı diqqət mərkəzindədir. Azərbaycanlılar aktiv şəkildə Gürcüstan cəmiyyətinə inteqrasiya olunmalıdırlar. Eyni zamanda, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini də unuda bilmərik. Əsas problemlərdən biri məktəblərlə bağlıdır. Gürcüstan ali məktəblərində 5 minə yaxın azərbaycanlı gənc təhsil alır. Bu da çox müsbət haldır. Çox yaxın zamanlarda azərbaycanlılar gürcü dilini lazım olan səviyyədə biləcəklər. Bu zaman dövlətin idarə olunmasında onların iştirakı fəallaşacaq. Amma milli mədəniyyətimizi də yaşatmalıyıq. Milli mədəniyyətimiz orta məktəblərdə ana dili dərsləri vasitəsilə təbliğ oluna bilər. Təəssüf ki, bu sahədə problem var. Artıq Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimlərin yaşı 70-80 arasındadır. Vaxtilə Gürcüstanda Puşkin adına institut vardı. Burada Azərbaycan dili üzrə də mütəxəssislər yetişirdi. İndi həmin institut bağlanaraq istiqamətini dəyişib. Heç bir ali məktəbdə Azərbaycan dili və ədəbiyyatı üzrə fakültə yoxdur. Bu məsələ dəfələrlə gündəmə gəlib. Çox istərdim ki, diaspor bu məsələ üzərində də dayansın. Diasporla İş üzrə Dövlət Komitəsinin də yenilənmiş fəaliyyət proqramı çərçivəsində bu məsələni diqqətdə saxlayacağına əminəm”.
Öz növbəsində, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Rüfət Quliyev də son zamanlar Ukraynadakı diaspor təşkilatlarının işini qənaətbəxş hesab etdiyini deyib: “İşçi qrupunun sədri kimi Ukraynadakı vəziyyəti daim diqqətdə saxlayıram. Ukrayna Ali Radasının ən azı 7-8 deputatı ilə vaxtaşırı görüşüb məsələləri müzakirə edirik. Azərbaycanın ən çox diaspor təşkilatları Ukraynadadır. Ümumilikdə Ukraynadakı diaspor təşkilatlarının işini qənaətbəxş hesab etmək olar. Azərbaycanla bağlı mühüm tarixi günləri unutmurlar. Amma belə bir deyim var ki, tək əldən səs çıxmaz. Ona görə də təşkilatlarımız Komitənin ətrafında sıx birləşməlidir. Parlamentdə işçi qrupun rəhbəri olaraq Diaspor Komitəsinin həyata keçirdiyi islahatları dəstəkləyirəm”.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fəzail Ağamalı isə ölkəmiz haqqında həqiqətlərin daha dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında da fəal iştirak etməli, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrini daha da gücləndirməlidir: “Şübhəm yoxdur ki, yaxın vaxtlarda xaricdə yaşayan soydaşlarımızın diaspor təşkilatları ətrafında daha sıx və sağlam birliyinin, dayanıqlı fəaliyyətinin şahidi olacağıq. O ki qaldı Türkiyədəki diaspor təşkilatlarımıza, onu deyə bilərəm ki, orada diaspor bir qədər fərqlidir. Çünki Türkiyə ilə eyni kökə, dinə, dilə malikik. Azərbaycanda 7-dən 70-ə qədər hamı Türkiyənin diasporudur. Kimi dindirsən, ancaq qardaş Türkiyə haqqında xoş sözlər söyləyə bilər. Əgər xatırlayırsızsa, bir neçə il bundan öncə Türkiyəyə qarşı böhtan xarakterli fikir söylənəndə Prezident İlham Əliyev “Türkiyə Prezidenti burada deyil, amma mən buradayam” deməklə ermənilərin tutarlı cavabını vermişdi. Türkiyə-Azərbaycan münasibətlərinin dünyada analoqu yoxdur. Hər iki ölkə arasında diaspor işləri daha da güclü inkişaf edəcək”.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsində kadr islahatlarından sonra xaricdə yaşayan azərbaycanlıların daha çevik və səmərəli şəkildə təşkilatlanması, təşkilatların fəaliyyət istiqamətinin əlaqələndirilməsinə yönələn islahatlar ciddi şəkildə diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə müxtəlif ölkələrdə koordinasiya şuralarının təsis edilməsi öz səmərəsini dərhal verməyə başlayıb. İslahatlar və mükəmməl əlaqələndirmə strategiyası sayəsində diaspor təşkilatlarında güclü və mütəşəkkil, yeni tələblərə uyğun təşkilatlanma prosesi başlanıb. Diaspor təşkilatlarının səmərəli fəaliyyət göstərməsi üçün görülən tədbirlər xaricdə yaşayan soydaşlarımız arasında milli maraqlara, Azərbaycanın nüfuzunun artmasına xidmət göstərmək istəyini motivasiya edib və hər kəsin vahid məqsədlər üçün bir mövqedə birləşməsinə stimul verib. Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması isə xarici ölkələrdə yaşayan azərbaycanlıların diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etməyə kömək edəcək.
Bir sözlə, Azərbaycan diasporunun fəaliyyəti təkcə dövlət büdcəsi hesabına maliyyələşməyəcək, iş adamlarının, imkanlı şəxslərin və Vətəninə hansısa yardımdan məmnunluq duyan soydaşlarımızın diaspor fəaliyyətinə dəstək göstərmələrinə də şərait yaranacaq.

Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan qəzeti