E-mail:

info@diaspor.gov.az

EN
RU

Diaspor quruculuğunda yeni mərhələ

Həmrəylik üçün atılan istənilən addım hər soydaşımız tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir

Vətəndən kənarda yaşayan soydaşlarımıza diqqətin göstərilməsi dövlət üçün hər zaman prioritetdir. Əlbəttə ki, əsas məqsəd xaricdəki soydaşlarımızın Vətənlə əlaqələrinin daima qırılmaz tellərlə bağlanmasıdır. Bu il Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində dəyişikliklər edildikdən sonra diaspor fəaliyyəti ilə bağlı bir sıra təqdirəlayiq addımlar atılır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2018-ci ilin iyul ayında Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında fərman imzalayıb, publik hüquqi şəxs statuslu Azərbaycan Diasporuna Dəstək Fondunun Nizamnaməsi təsdiq edilib. Fərmandan belə bəlli olur ki, fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə yaradılıb. Fondun yaradılması diaspor fəaliyyətinə yeni maliyyə imkanları gətirəcək, lobbiçilik quruculuğunda səmərəli nəticələrin əldə olunmasına şərait formalaşdıracaq. Ümumiyyətlə, bu fondun yaradılması diasporun inkişafına böyük təkan verəcək. Şübhəsiz, bundan sonra diasporda əhəmiyyətli şəkildə keyfiyyət dəyişkənliyi özünü büruzə verəcək. Diaspora bu münasibətin dəyişməsi, ayrıca diasporlararası münasibətlərə də effektiv təsir göstərəcək. Eyni zamanda diasporun Vətənə, dövlətə, eləcə də DİDK-ya inam və sevgisi daha da artacaq. Ümumi olaraq diaspor təşkilatlarına fond tərəfindən dəstəyin göstərilməsi diaspor hərəkatını yeni müstəviyə çıxaracaq. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini Murad Cəfərov bizimlə söhbətində dedi ki, son illərdə Prezident İlham Əliyevin Sərəncamı ilə daha çox ehtiyac duyulan sahələrə dövlət yardımının artırılması üçün publik hüquqi qurumlar yaradılır: “Bu qurumlar bir çox sahələrdə mövcud olan problemlərin aradan qaldırılmasında mühüm rol oynayır. Dövlətimizin diaspor təşkilatlarından gözləntiləri fonunda aztəminatlı diaspor liderləri ilə daha yüksək hədəflərə çatmaqda problemlər var. Bu gün dünyanın müxtəlif ölkələrində çox aktiv Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Heç kimə sirr deyil ki, bu təşkilatların qurulmasında və fəaliyyətində daha çox ziyalılar, aztəminatlı soydaşlarımız öndə olurlar. Təəssüf ki, çoxlu pullar qazanan bəzi xaricdəki soydaşlarımız diaspor işinə çox az maraq göstərirlər. Konkret, UABD-ni götürsək, biz bu günə qədər yaşadığımız ölkədə öz imkanlarımız daxilində Azərbaycan adına bir çox müsbət işlərə imza atmışıq. Bura bazar günü məktəblərinin açılması, dərs vəsaitlərinin hazırlanması və nəşri, azərbaycanlı müəlliflərin kitablarının təqdimatı, milli bayramların təşkili, Xocalı qətliamı, Dağlıq Qarabağ həqiqətlərinin Ukrayna mediasında davamlı işıqlandırılması, təşkilatımıza məxsus internet saytın fəaliyyəti, qəzet çapı, internet TV-nin yaradılması və ən başlıcası ofisin və bütün bu işləri görə biləcək, ən azı, üç-dörd nəfər işçinin saxlanılması daxildir. Məsələn, bir diaspor təşkilatını ofissiz, həmin ofisi isə hüquqşünassız təsəvvür etmək çox çətindir. Və yaxud da ofisin “qaynar xətti”ndə günün iş saatlarında bir nəfər oturması mütləqdir. UABD-nin ofis imkanları ilə yaxından tanış olan həm DİDK-nın məsul əməkdaşları, həm də Azərbaycandan gələn deputat və jurnalistlər bu faktı açıq-aydın təsdiq edə bilərlər. Bütün çətinliklərə baxmayaraq, biz son 5 ildə bu qaydada işləyirik”. 
O qeyd etdi ki, Azərbaycan Diasporuna Dəstək Fondu bu sahədə problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq: “Fondun fəaliyyətinin məqsəd və istiqamətləri çox aydındır. Burda Azərbaycanda həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsi, ölkənin mənafelərinin müdafiəsi, milli-mənəvi dəyərləri qoruması və tanıtımı kimi məsələlər mühüm yer tutur. Hansı ki, dar çərçivədə də olsa, biz bu kimi işlərlə məşğul oluruq. Görünür, kifayət etmir və daha qlobal işlərə imza atılması nəzərdə tutulur. 
Fondun nizamnaməsində xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasına, mütəşəkkilliyinin möhkəmlənməsinə, azərbaycanlıların lobbiçilik fəaliyyətinin güclənməsinə və Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişlənməsi də var. Eyni zamanda azərbaycanlıların yığcam yaşadıqları ölkələr və regionlarda ana dilində məktəblərin və Azərbaycan mədəniyyət mərkəzlərinin açılmasına və fəaliyyətinin təşkilinə dəstək davamlı olacaq”.

Xaricdəki ictimai fəal gənclər gələcəyin diaspor liderləridir

Xüsusən, bu il Şəkidə “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin keçirillməsi xaricdəki gəncləri bir araya gətirmək baxımından önəmlidir. Çünki xaricdə yaşayan və fəaliyyət göstərən, eləcə də təhsil alan azərbaycanlı gənclər son zamanlar ictimai fəaliyyətlə də məşğuldurlar. Bu baxımdan, gənclərimiz kifayət qədər təşkilatlanıblar və ölkəmizin aktiv təbliğatını aparırlar. Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş Düşərgədə ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə, 37 ölkədən 140 diaspor gənci iştirak edib. Nəticə olaraq isə xaricdə yaşayan Azərbaycan əsilli gəncləri özündə birləşdirən “Azərbaycan Diaspor Gəncləri” təşkilatı artıq fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı fəaliyyətinin təmin edilməsi, o cümlədən yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsidir. Norveçdə AXC-nin 100 illiyi münasibətilə yaradılan “Can Azərbaycan” təşkilatının rəhbəri Şervin Nəcəfpur Düşərgənin aktiv iştirakçılarından biri olub. Şervin Nəcəfpur bu haqda qəzetimizə bildirdi ki, Düşərgə çərçivəsində dəyərli məlumatlar əldə edib, dostlar qazanıb: “Doğma Azərbaycanımızın inkişafı naminə bütün gücümüzü sərf edəcəyimizə və bununla da üçrəngli bayrağımızın daha da yüksəklərdə dalğalanması üçün səylərimizi əsirgəməyəcəyimizə ümidvaram. Yeni yaradılan Azərbaycan Diaspor Gəncləri Təşkilatı vətəndən uzaq yaşayan Azərbaycan əsilli gəncləri özündə birləşdirir. ADG-nin yaradılması lobbiçilik naminə çox gərəkli bir addımdır. İstedadlı gənclərin yer aldığı belə bir təşkilatda Norveç təmsilçisi kimi yer almaq mənim üçün fəxrdir. Təşkilatın məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırmaq, Azərbaycanımızın tarixi-mədəni irsini və adət-ənənələrimizi təbliğ etməkdir. Həmçinin yaşadığımız ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirməsi üçün uğurlu addımlar atmalıyıq. Assimilyasiya və inteqrasiyanın fərqini bilməliyik”. 
Ümumiyyətlə, xaricdəki gənclərimizin aktivliyi diasporun gücünə güc qatır. Belə gənclərimizlə yeni diaspor imici formalaşdırmaq mümkün olacaq. Diaspor Gənclərinin I Yay Düşərgəsi, bu baxımdan, əhəmiyyət kəsb edir. Bu tədbir xaricdəki gəncləri motivə edib Azərbaycan adına birləşdirmək baxımından da önəmlidir. Yay Düşərgəsi yeni sima və ideyaların ortaya çıxmasında əhəmiyyətli rol oynayıb. Gənclərin aktivliyi yeni nəsil diasporun formalaşması deməkdir. Bu həm də diaspordakı təbii yenilənmə prosesi deməkdir. Bugünkü ictimai fəal gənclər gələcəyin diaspor liderləridir. Bu gəncləri düzgün yönləndirmək lazımdır ki, gələcəkdə diaspor olaraq onlardan müsbət nəticə gözləyək. Xaricdəki aktiv gənclər çox böyük potensial gücə malikdirlər. Bu baxımdan, xaricdəki gənclər informasiya müharibəsinə öz töhfələrini verə bilərlər. Fikrimizcə, xaricdəki gənclərdən ibarət ölkə və ya regionlar üzrə könüllü qrupların yaradılması ilə informasiya müharibəsində daha effektli nəticələrə nail olmaq mümkündür.

Diaspor sahəsində aparılan islahatlar öz müsbət nəticəsini verir

Bu gün diasporun inkişafı və strateji hədəflərinə çatması üçün yeni taktiki yollardan istifadə olunmalıdır. Bununla yanaşı, diasporun özünə münasibət dəyişməlidir. Hazırda diaspor sahəsində aparılan islahatlar və qarşıya qoyulan vəzifələrin icrası üçün atılan addımlar artıq öz müsbət nəticəsini verir. Ən vacib məqam kimi isə xaricdəki soydaşlarımızın təşkilatlanması və həmrəyliyinin güclənməsini xüsusi qeyd olunmalıdır. Son zamanlar Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, ABŞ-da Koordinasiya Şuralarının yaradılması birlik və həmrəyliyin nümunəsidir. Belə şuralar perspektiv layihələri həyata keçirərkən xaricdəki soydaşlarımızın fəallıq nümayiş etdirməsində kömək olacaq. Fransa Azərbaycanlıları Koordinasiya Şurası (FAKŞ) əlaqələndiricisi Toğrul Zeynalov dedi ki, Fransada fəaliyyət göstərən diaspor təşkilatları və diaspor nümayəndələri bundan sonra əlaqəli şəkildə, koordinasiya olunmuş birgə fəaliyyət göstərməklə bağlı razılığa gəliblər. Səlahiyyətlərinin icrasına bu ilin dekabrında başlayacağını, 6 ay şuraya rəhbərlik edəcəyini vurğulayan T.Zeynalov dedi ki, şurada bütün qərarlar kollegial qəbul ediləcək, birgə müzakirələrdən keçəcək: “Belə müzakirələrin təşkilində mən bir əlaqələndirici olaraq iştirak edəcəyəm. Bütün qərarların ümumi mənafeyə xidmət etməsi bizim üçün əsas olacaq. Hər kəs şurada öz təklifini, layihəsini səsləndirəcək, əsaslandıracaq, təqdim edəcək. Daha sonra isə ümumi qərar qəbul ediləcək. Elə Koordinasiya Şurasının mahiyyəti də bundan ibarətdir ki, qərarlar ümumi müzakirədən keçsin, vahid rəhbərlikdən kollegial qərar qəbuluna keçid təmin edilsin”. 
Fransada çox güclü diaspor təşkilatlarının fəaliyyət göstərdiyini xatırladan T.Zeynalovun sözlərinə görə, birgə fəaliyyətin daha uğurlu olacağına inandığını bildirdi: “6 ay əlaqələndirici mən olacam, daha sonra başqa bir şəxs də ola bilər. Yəni əlaqələndirici hər hansı üstünlüyə malik deyil. Əlbəttə, ilkin olaraq mənim seçilməyim diaspor təşkilatları və nümayəndələri tərəfindən mənə etimaddır və çox böyük məsuliyyətdir. Çalışacağam ki, bu etimadı doğruldum və nəticədə biz Fransada Azərbaycan diasporunun birləşməsinə, koordinasiya olunmuş fəaliyyətinə nail olaq”. 
Barışıq, birlik, həmrəylik üçün atılan istənilən addım hər soydaşımız tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi ulu öndər Heydər Əliyev tərəfindən diasporun qarşısında qoyulan əsas vəzifədir. Ulu öndər Heydər Əliyev hansı ölkəyə gedirdisə, diasporumuzla görüşəndə bu məsələni soydaşlarımıza xatırladırdı. Milli diasporun yaşadıqları ölkələrdə birləşməsi, eləcə də bu istiqamətdə işlər görməsi vacib amildir. Dünyanın hər yerində diasporumuzun milli birliyinə böyük ehtiyac var. Bu sahədə diasporun çalışmalarını davam etdirməsi vacib amildir. Bütün hallarda həmrəylik sonda diasporun güc mərkəzinə çevrilməsinə xidmət edir. Diasporumuz nə qədər bir olarsa, çəkici də bir nöqtəyə vura bilər. Məhz bu zaman hər hansı işin effektiv nəticəsi olar. 

Fuad Hüseynzadə

“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

palitranews.az