E-mail:

info@diaspor.gov.az

EN
RU

“Finlandiyada Azərbaycan Mədəniyyət Evinin açılması vacibdir”

“Yeni Azərbaycan” qəzeti Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın müsahibəsini təqdim edir.

- Ülviyyə xanım, bu yaxınlarda Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi seçildiniz. Hazırda bu sahədə işləriniz necə gedir?

- İlk növbədə, vaxt ayırıb məndən müsahibə aldığınıza görə sizə təşəkkürümü bildirirəm. Dediyiniz kimi, İsveçin paytaxtı Stokholm şəhərində Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi seçildim. Fürsətdən istifadə edib mənə göstərilən etimada görə İsveç, Norveç, Finlandiya və Danimarkada yaşayan azərbaycanlılara öz minnətdarlığımı bildirirəm. Şura yarandıqdan sonra Finlandiyada fəaliyyət göstərən təşkilatlarla kiçik toplantımızı keçirmişik. Bu ölkədəki soydaşlarımızın daha sıx birləşməsi, onların diaspor və lobbiçilik fəaliyyətində fəallığının artırılması, Şuranın Finlandiyadakı yerli və beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması və Dünya Azərbaycanlılarının Həmrəylik Günü, eləcə də Yeni il münasibəti ilə azərbaycanlıların bir araya gətirilməsi ilə bağlı birgə iş planının hazırlanmasını müzakirə etdik, müəyyən qərarlar verildi.
Finlandiyada Azərbaycan Mədəniyyət Evinin açılması məsələsini gündəmə gətirmişik. Düşünürəm ki, bu, çox vacib məsələdir.
Bundan başqa, Azərbaycanın turizm potensialının Finlandiyada tanıdılması və turistlərin ölkəmizə cəlb edilməsi işində maraqlıyıq və bu istiqamətdə layihələrimiz var.

- Finlandiyada azərbaycanlılarla bağlı hansı problemlər aktualdır?

- Finlandiyada təqribən 3000-dən çox azərbaycanlı yaşayır. Azərbaycan Respublikasından Finlandiyaya köçənlərin sayı isə təxminən 1000 nəfərə yaxındır. Deyərdim ki, azərbaycanlıların Finlandiyada təşkilatlanması yüksək səviyyədədir, onlar azərbaycançılıq naminə bir çətir altında birləşərək həmrəylik nümayiş etdirir və bir-birinə dəstək olurlar. Hələ 1993-cü ildən Ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımızla görüşlərində verdiyi dəyərli məsləhətlər dünyadakı, o cümlədən Finlandiyadakı Azərbaycan diasporunun canlanmasına və vahid məqsəd naminə birləşməsinə stimul yaradıb. Bu gün Finlandiyada yaşayan soydaşlarımız bu ənənəni davam etdirərək azərbaycançılıq ideologiyası, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı ətrafında sıx birləşir və fəaliyyətləri ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə, ölkəmizin tanıdılmasına öz töhfələrini verirlər.

- Bildiyimizə görə, artıq Finlandiya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi kimi görüşlərə də başlamısız və ilk görüşünüz Türkiyə Respublikasının Finlandiyaya yeni təyin olunmuş səfiri Mehmet Vakur Erkul ilə baş tutub...

- Türkiyə Cümhuriyyətinin Finlandiyaya yeni təyin olunmuş səfiri Mehmet Vakur Erkul ilə görüşümüz, deyərdim ki, səmərəli keçdi. İki qardaş ölkənin diasporunun ortaq fəaliyyətinə və bu istiqamətdə səfirliyin dəstəyinə dair müzakirələr apardıq. Azərbaycan və türk gənclərinə milli mədəniyyətin, musiqinin, adət-ənənənin aşılanması üçün milli bayramların ortaq proqramlar çərçivəsində həyata keçirilməsi, eyni zamanda, ölkəmizin Finlandiya ictimaiyyətinə tanıdılması, Qarabağ həqiqətlərinin yerli cəmiyyətə çatdırılması, erməni yalanlarının ifşa olunması istiqamətində ortaq layihələr reallaşdırılması təklifini etdim. Səfir Mehmet Vakur Erkul da işbirliyinin vacibliyini və daha səmərəli olacağını dedi. Düşünürəm ki, yaxın vaxtlarda bu istiqamətdə konkret işlərə başlayacağıq.
“Finlandiyada yaşayan azərbaycanlıların bir çoxu öz sahəsində tanınmış musiqiçilər, həkimlər, alimlər və iş adamlarıdır”

- Azərbaycanlılar elm, təhsil, səhiyyə sahələrində ön cərgələrdə dayana bilirlərmi?

- Finlandiyada yaşayan azərbaycanlıların bir çoxu öz sahəsində tanınmış musiqiçilər, həkimlər, alimlər və iş adamlarıdır. Musiqiçilərimiz fəal yaradıcılıqla məşğul olur, mütəmadi konsert proqramları və digər bu kimi tədbirlərdə iştirak edirlər. Həkimlərimiz sayılıb-seçilən klinikalarda bizi təmsil edir, gördükləri işin öhdəsindən layiqincə gəlirlər. Müəllimlərimiz isə Fin məktəblərində müxtəlif elmlərin tədrisi ilə məşğul olaraq yüksək səviyyədə və xüsusi peşəkarlıqla işlərini icra edirlər.

- Finlandiyalılar Azərbaycanla bağlı hansı düşüncədədirlər?

- Finlandiyada Azərbaycanla bağlı müsbət fikirlər var. Ölkəmizdə keçirilən dünya səviyyəli tədbirlər Azərbaycanı bütün dünyada, eləcə də Finlandiyada müsbət mənada tanıdıb. Belə ki, Avroviziya, Avropa Oyunları, Formula-1 kimi dünyamiqyaslı tədbirlərdə iştirak etmiş Finlandiya vətəndaşları ölkəmizin füsunkar təbiətindən, Bakımızın gözəlliyindən, insanlarımızın qonaqpərvər və istiqanlı olmağından böyük məmnunluq hissi ilə danışırlar.

- Xarici ölkələrdə yaşayan hər bir azərbaycanlının üzərinə tarixini, mədəniyyətini, adət-ənənəsini qorumaq missiyası da düşür. Bu baxımdan Finlandiyada yaşayan azərbaycanlılar aktiv ola bilirlərmi?

- Finlandiyada yaşayan biz azərbaycanlılar öncə ailələrimizdə öz adət-ənənələrimizi qoruyuruq və bunları gələcək nəslə ötürürük. 2012-ci ildən yaratdığım Azərbaycan-Türk gənclər təşkilatının başlıca məqsədi də məhz milli adət-ənənələrimizi, musiqimizi, mədəni irsimizi Azərbaycan və türk gənclərinin yaddaşına həkk etməkdir. Bu məqsədlə buradakı azərbaycanlı ailələrlə tez-tez görüşlərimiz olur. Hətta artıq ayda bir dəfə kiminsə evində görüşüb ləzzətli yeməklərimizdən dadıb maraqlı söhbətlər edirik. Bu, çox sevindirici haldır, Avropa ölkəsində azərbaycanlıların mehribanlığı, birliyi Azərbaycan adətləri ilə yetişdirdiyimiz körpələrin, yeniyetmələrin, gənclərin gələcəyinə töhfədir.

- Və sonda, finlandiyalılar Qarabağ həqiqətləri, Xocalı soyqırımı haqqında nə qədər məlumatlıdırlar? Bu istiqamətdə diaspor təşkilatlarının fəaliyyətini necə qiymətləndirərdiniz?

- Burada “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirlər, Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət və diaspor təşkilatlarının Finlandiyada bu işlərə dəstək olması nəticəsində Finlandiya cəmiyyəti həqiqətləri bilir. Ünsiyyətdə olduğumuz əksər insanlar Qarabağın əzəli Azərbaycan torpağı olduğu, Xocalı soyqırımı və s. məsələlərlə bağlı məlumatlıdırlar. Bizim əsas fəaliyyət istiqamətlərimizdən biri də məhz Azərbaycan həqiqətlərinin olduğumuz ölkələrdə, iştirak etdiyimiz tədbirlərdə geniş yayılmasıdır və bu, davamlı şəkildə aparılır.

Yeni Azərbaycan qəzeti