E-mail:

info@diaspor.gov.az

EN
RU

Azərbaycanın diaspor həyatında yeni mərhələ

Son aylarda müsbət dinamikanın, uğurlu fəaliyyətlərin müşahidə edildiyi sahələrdən biri də diaspor sahəsidir. Artıq bu istiqamətdə işlər, fəaliyyətlər elə bir intensivliyə qədəm qoyub ki, mübaliğəsiz şəkildə bu dövrü Azərbaycan diasporunun yeni bir mərhələsi kimi də xarakterizə edərik. Bu mərhələ daha çox özünü indiyə qədər diapor sahəsində mövcud olan problemlərin aradan qaldırılması, diaspor təşkilatlarımızın yeni formada təşkilatlanması, ayrı-ayrı təşkilatlar, qurumlar, cəmiyyətlər arasında bu vaxta qədər mövcud olan incikliklərin, küskünlüklərin bir kənara qoyulub vahid bir məqsəd, amal uğrunda mübraizəsi fonunda büruzə verir. Və xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, qeyd etdiyimiz istiqamətdə həyata keçirilən tədbirlər, görülən işlər elə müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən də təqdir olunur, dəstək görür. Əgər belə olmasaydı uzun illər Ukraynada bir-birini qəbul etməyən, sanki bir-birinin düşməninə çevrilən iki Azərbaycan diaspor təşkilatı bütün küskünlükləri bir kənara qoyub Azərbaycan naminə birgə fəaliyyət göstərməyə qərar verməzdi.

Məlumat üçün qeyd edək ki, Ukrayna Azərbaycanlıları Konqresi ilə Ukrayna Azərbaycanlılarının Birləşmiş Təşkilatı uzun illərdir ki, bir-birindən narazı, birinin digərinin fəaliyyətinə mane olmaq kimi atmosferdə çalışır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Diasporla İş üzrə Dövlət Komitəsinin əvvəlki rəhbərliyi Ukraynadakı sözügedən iki diaspor təşkilatı arasında mövcud olan problemlərin həlli istiqamətində heç bir iş görmürdü. Əksinə tərəflər arasında qoyulan fərq ziddiyyətləri daha da artırırdı ki, bu da son nəticədə Azərbaycan adına mənfi idi. Eyni zamanda bu ölkədə Azərbaycanla bağlı keçirilən tədbirlərin, fəaliyyətlərin effektini azaldırdı ki, qeyd edilən tendensiya dad aha çox Ukraynadakı erməni diasporunun maraqlarına xidmət edirdi. Ukraynada keçirilən son parlament seçkilərində erməni siyasilərin Ali Radaya düşmək şansının çox olması və Radada onların yer alması bir növ Azərbaycan diasporunun qeyd etdiyimiz ölkədə səmərəli fəaliyyət göstərə bilməməsinin məntiqi nəticəsi idi. Həmçinin bu sahə ilə məşğul olan müvafiq dövlət qurumunun mövcud problemlərə göz yummasının.

Ancaq Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində edilən dəyişiklik və Cənab Prezidentin müvafiq sərəncamı ilə Dövlət Komitəsinə yeni rəhbərliyin təyin olunmasından sonra qeyd etdiyimiz istiqamətlərdə mövcud olan problemlər aradan qaldırılmağa başlanıldı. Təsadüfi deyil ki, yeni Komitə rəhbərliyinin ilk atmış olduğu addım da uzun illər səbrsizliklə gözlədiyimiz Ukraynadakı diaspor təşkilatlarımız arasında birliyin, bərabərliyin yaradılması oldu. Beləliklə, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyi şəxsən Ukrayanaya səfər edərək burada diaspor təşkilatları ilə görüşlər keçirdi, onların bir mərkəzdə fəaliyyət göstərməsinə nail oldu. Beləliklə, elə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə keçirilən görüşdə Ukrayna Azərbaycanlıları Konqresi ilə Ukrayna Azərbaycanlılarının Birləşmiş Təşkilatı birgə fəaliyyət barədə qərar qəbul etdi və bu prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün işçi qrupu yaradıldı. Bununla bağlı diaspor təşkilatları ilə geniş müzakirələr aparıldı, birgə fəaliyyət mexanizmləri müzakirə edildi və yekdilliklə qərar qəbul olundu.

Bird aha qeyd edək ki, diaspor təşkilatlarının bu addımı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Ukraynaya rəsmi səfəri zamanı reallaşdı. Beləliklə, yeni yaradılan İşçi qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq barədə də razılığa gəldi və birgə fəaliyyətin vacib olduğunu bildirdilər. Bu günə qədər artıq Koordinasiya Şurasının iclasları da keçirilib və təşkilatlar daha geniş miqyasda fəaliyyətə başlayacaqlarını elan ediblər.

Ümumiyyətlə, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının iştirakı ilə yeni Koordinasiya Şuralarının yaradılması diaspor işinin yeni bir mərhələyə qədəm qoyması, bu istiqamətdə işlərin sürətlənməsi, Azərbaycan həqiqətlərinin daha geniş və koordinasiya edilmiş şəkildə dünyaya çatdırılması deməkdir. Koordinasiya Şuraları eyni zamanda diaspor təşkilatlarının birgə, bərabər və effektli şəkildə fəaliyyət göstərməsi deməkdir ki, artıq bu istiqamətdə bir neçə uğurlu addımlar atılıb. Məlumat üçün qeyd edək ki, bu günə qədər Fransa, İsveçrə, Skadinaviya ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının Koordinasiya Şuraları yaradılıb və uğurlu nəticələr əldə edilib. Sevindirici hal ondan ibarətdir ki, bu proses davamlı xarakter daşıyır və nəticəyə hesablanmış fəaliyyətlər ortaya qoyulur. Elə bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin Birləşmiş Ştatlara səfəri də bir növ məhz buna hesablanıb. Nəzərə alsaq ki, Birləşmiş Ştatlarda da güclü erməni lobisi fəaliyyət göstərir, o zaman okeanın o tayında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Koordinasiya Şurasının yaradılması zəruri hesab edilməlidir. Təsadüfi deyil ki, Komitə rəhbərliyinin Birləşmiş Ştatlarda yaşayan soydaşlarımızla keçirdiyi görüşlərdə də məhz Koordinasiya Şuralarının yaradılması və onun əhəmiyyətindən danışılıb. Belə ki, Birləşmiş Ştatlarda səfərdə olan Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Kaliforniyada yaşayan soydaşlarımız və diaspor təşkilatlarının fəalları ilə görüşüb. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda keçirilən görüşdə Azərbaycan dövlətinin diaspor siyasətini və Diaspor Komitəsinin son 6 ayda gördüyü işləri əks etdirən bir neçə video çarx nümayiş olunub. Sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev görüş iştirakçılarını salamlayaraq, Kaliforniyadakı Azərbaycan icması və bu icma ilə əməkdaşlıq haqqında məlumat verib. Bildirib ki, bu gün 1 milyondan çox erməninin yaşadığı Kaliforniya kimi ştatda Azərbaycan icmasının birgə fəaliyyət göstərərək daha da güclənməsi böyük önəm kəsb edir.

Nümayəndə heyətinin rəhbəri, Dövlət Komitəsinin sədri Fuad Muradov isə çıxış edərək Azərbaycan dövlətinin diaspor siyasətinin əsas istiqamətlərini, gözləntilərini və hədəfləri diqqətə çatdırıb. Komitə sədri, eyni zamanda son 7 ayda Azərbaycan diaspor nümayəndələri və Gürcüstandakı soydaşlarımız ilə görüşlər barədə də danışıb. Azərbaycanlıların Koordinasiya Şuraları barədə söz açan Komitə sədri ayrı-ayrı dövlətlərin diaspor siyasəti ilə məşğul olan qurumları ilə əməkdaşlıq, ölkəmizə dost xalqların diaspor rəhbərləri ilə görüşlər, milli-mədəni irsimizin və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlər, eləcə də Komitənin gələcək planları barədə geniş məlumat verib.

Görüş zamanı soydaşlarımızı maraqlandırılan suallar cavablandırılıb, onları narahat edən məsələlər və diaspor fəaliyyəti ilə bağlı təklifləri dinlənilib. ABŞ-da yaşayan həmyerlilərimizin diaspor sahəsində daha səmərəli fəaliyyət istiqamətləri müzakirə olunaraq müvafiq razılaşmalar əldə edilib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti 13 noyabr tarixindən etibarən Birləşmiş Ştatlarda səfərdə olub. Nümayəndə heyətinin Birləşmiş Ştatlara səfəri Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda ümummilli lider Heydər Əliyevin büstünü ziyarət və gülqoyma mərasimi ilə başlayıb. Daha sonra nümayəndə heyəti Meksikanın Los-Ancelesdəki baş konsulu Carlos Eugenio Garcia de Alba Zepeda ilə görüşüb. Görüşdə Azərbaycan dövlətinin diaspor siyasəti, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycan Diasporuna Dəstək Fondu haqqında məlumat verilib. İki ölkənin diasporları arasında gələcək əməkdaşlıq perspektivləri, eyni zamanda ABŞ-dakı Meksika diasporunun tarixi, coğrafiyası, çətinlikləri, inkişaf prosesi və birlikdə uğurlar əldə etmək üçün gələcək planlar barədə geniş müzakirələr aparılıb.
Nümayəndə heyətinin növbəti görüşü San Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq ilə baş tutub. Ölkəmizin Baş Konsulluğunda qonağı salamlayan Komitə sədri Azərbaycan Diasporuna Dəstək Fondu barədə geniş məlumat verərək, Kaliforniyanın ən böyük şəhərlərindən biri kimi San Dieqo ilə qarşılıqlı əməkdaşlığın zəruri olduğunu bildirib. Sonda ABŞ-da mədəniyyətimizin tanıdılması və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində daha çox işlərin görülməsi üçün razılığa gəlinib. Daha sonra Baş Konsulluqda Koreya-Asiya icmasının 40 üzvü ilə görüş keçirilib və Azərbaycanın tolerantlıq modeli haqqında qısametrajlı film nümayiş etdirilib. Görüşdə Azərbaycanın Asiya ölkələri, xüsusən Koreya ilə əlaqələri, Azərbaycanın turizm potensialı və diasporun dünyadakı mövcud vəziyyəti qonaqların diqqətinə çatdırılıb. Azərbaycana dair qarşılıqlı sual-cavab formatında baş tutan görüş böyük marağa səbəb olub. Tədbirin sonunda hər iki xalqın nümayəndələrinin ABŞ-ın Kaliforniya ştatında öz qüvvələrini birləşdirib daha sıx əməkdaşlıq etmələri istiqamətində işlər görülməsi qərara alınıb.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin Birləşmiş Ştatlara səfəri Azərbaycan diasporunun digər ölkələrin lobbi və diaspor təşkilatları ilə əməkdaşlığı və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edib. Belə ki, səfər çərçivəsində Şimali Amerika Yəhudi Federasiyalarının idarə heyətinin sabiq sədri (2017-18), Milken Ailə Fondunun vitse-prezidenti, Kaliforniya Berkli Universiteti Fondunun idarə heyətinin üzvü Richard Sandler ilə də görüş baş tutub. Görüş zamanı Azərbaycan və Yəhudi icmaları, eləcə də Azərbaycan-İsrail arasındakı əlaqələrdən söhbət açılıb, Azərbaycan Diasporuna Dəstək Fondu ilə Milken Fondu arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun İran-Amerika Yəhudi Federasiyasının ev sahibliyi ilə təşkil etdiyi tədbirdə də iştirak edib. Tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov Azərbaycan və yəhudi xalqlarının dostluğu, Azərbaycan-İsrail münasibətlərinin tarixi, gələcək perspektivləri barədə danışaraq, hər iki xalqın ABŞ-da əlaqələrinin möhkəmləndirilməsi və maraqları naminə birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev keçirilən görüşlərdə nümayəndə heyətini müşayiət edib.

Komitə rəhbərliyi okeanın o tayına səfər çərçivəsində Los-Ancelesdə Lənkəran-Monterey Dostluq Assosiasiyasının icraçı direktoru Nensi Selfric ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Lənkəran və Kaliforniyanın Monterey şəhərlərinin qardaşlaşmasından söhbət açılıb, Montereydə ölkəmizin daha yaxşı təbliği üçün həyata keçirilən işlər və perspektivlər müzakirə edilib. Növbəti görüş Türkiyənin Los-Anceles şəhərindəki Baş Konsulu Can Oğuzla olub. Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunda keçirilən görüşdə Kaliforniya ştatındakı Türk diaspor təşkilatlarının rəhbərləri və fəalları da iştirak edib. Görüş zamanı Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığının daha peşəkar və effektli koordinasiya edilməsi məqsədilə birgə fəaliyyət istiqamətləri müzakirə edilib, diaspor fəaliyyətinə strateji yanaşma nəzərdən keçirilib.
Dövlət Komitəsinin nümayəndə heyəti daha bir görüşü Amerika Yəhudi Komitəsinin Los-Anceles bölməsinin rəhbərləri ilə keçirib. Görüşdə Yəhudi Komitəsinin dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da diaspor ilə iş metodları, bu sahədəki mövcud çətinliklər, uğurlar və gələcək planlardan söhbət açılıb. Yəhudi diasporunun təcrübəsinin öyrənilməsi imkanları və mexanizmləri müzakirə edilib.

Süleyman İsmayılbəyli
Olaylar.Az