E-mail:

info@diaspor.gov.az

EN
RU

“Diaspor TV” soydaşlarımızın müzakirə panelinə çevriləcək

“İnformasiya əsri” adlandırılan XXI əsrdə İKT-nin yaxından iştirakı olmadan hər hansı sahədə uğurlar əldə etmək qeyri-mümkündür. Yaşadığımız dövrdə hadisələrin intensivliyi, informasiyaların yayılma sürəti, artıq işıq sürəti ilə müqayisə edilməkdədir. Eyni zamanda, İKT-nin inkişafı müasir dünyanı vahid bir orqanizmə çevirərək, sərhədləri formalaşdırmışdır. Artıq yerləşdiyimiz məkandan asılı olmayaraq, bir neçə düyməyə sıxmaqla dünyanın istənilən yerində baş verən proseslərə qoşula və izləyə bilərik. Belə bir şəraitdə bütün sahələrdə İKT-nin geniş tətbiqi qaçılmaz bir prosesdir və davamlı uğurların təminatçısıdır – desək, yanılmarıq.
Diasporla İş üzrə Dövlət Komitəsinin uğurları da, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, xaricdə yaşayan soydaşlarımız arasında birliyi təmin etmək, Azərbaycanın xarici ölkələrdə daha yaxşı təmsil olunmasına, dilimizin, milli-mədəni irsimizin qorunması və təbliğinə nail olmaq kimi göstəricilərlə dəyərləndirilə bilər. Bu mənada, xaricdə yaşayan milli düşüncəli soydaşlarımızın üzə çıxarılması, onların fəaliyyətlərinin təbliği, ölkəmizdə və yaşadıqları ölkələrdə tanıdılması olduqca mühüm əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə dövlət komitəsi tərəfindən ardıcıl addımlar atılır, çoxsaylı layihələr həyata keçirilir. Məsələn, bunlardan biri olan “Tanıyaq və tanıdaq” layihəsi çərçivəsində, artıq xaricdə yaşayan, müəyyən uğurları ilə seçilən onlarla soydaşımızın fəaliyyəti kiçik videolarla ictimaiyyətə təqdim edilib, sosial şəbəkə üzərindən yayımlanıb.
Dövlət komitəsinin bu istiqamətdə reallaşdırdığı mühüm layihələrdən biri də “Diaspor TV”nin fəaliyyətə başlamasıdır. Komitənin saytında internet üzərindən yayımlanan “Diaspor TV”nin məqsədi dünya azərbaycanlılarını vahid müstəvidə birləşdirmək, onlar üçün yeni müzakirə platforması yaratmaq, beynəlxalq səviyyədə kifayət qədər uğur qazanmış soydaşlarımızı tanıtmaq, eləcə də dünya ictimaiyyətini Azərbaycan mədəniyyəti, siyasəti, tarixi və dövlətçiliyi haqqında məlumatlandırmaqdır.
“Diaspor TV” kanalında xarici ölkələrdəki diaspor təşkilatlarının rəhbərləri, ziyalılar, Azərbaycanın dostu olan digər xalqların nümayəndələri ilə müsahibə və reportajlar müxtəlif rubrikalarda çeşidlənir. Artıq “Azərbaycan dilində danışan xaricilər” rubrikasının ilk buraxılışı təqdim edilib. Rubrikanın ilk qonağı alman alimi, tanınmış nəsimişünas Mixael Hess olub.
Eyni məqsədlə dövlət komitəsinin İctimai Televiziya ilə birgə layihəsi olan “Vətən uzaqda deyil” ixtisaslaşmış diaspor proqramının da ilk buraxılışı yayımlanıb. Yayımı izlədikdə aydın olur ki, dövlət komitəsinin diaspor siyasətini təmin edən Yol Xəritəsi, “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsi və digər maraqlı mövzular, məhz bu proqram vasitəsilə milyonlarla insanın məlumatlandırılmasına imkan verib. Verilişdə yerli gənclərlə diaspor gənclərinin debatının təşkil olunması böyük maraqla qarşılanıb və təqdir olunub. Yeni yazılan və verilişdə də uğurla səsləndirilən diaspor himni dünya azərbaycanlılarını birləşməyə, Vətəninə yaxın olmağa çağırıb. Ümumilikdə, “Diaspor TV”nin fəaliyyətə başladığı qısa zamanda ictimaiyyət tərəfindən alqışlarla qarşılanması, xüsusilə diaspor təşkilatları və xaricdə yaşayan soydaşlarımız tərəfindən çox böyük maraq və minnətdarlıq hissi ilə yüksək qiymətləndirilməsi gələcək uğurların ilk işartıları kimi qəbul edilə bilər.
Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin diaspor sahəsindəki çətinliklərin, mövcud problemlərin açıq və şəffaf şəkildə müzakirə edilməsinə önəm verməsini, açıq fikirliliyə, ictimai platformalarda müzakirələrin əhəmiyyətinə önəm verməsi təqdirəlayiq haldır. Xüsusilə, ayrı-ayrı ölkələrdə koordinasiya şuralarının yaradılması ilə soydaşlarımızın birliyinə nail olunmasını, diaspor təşkilatlarının, ­elektron və sosial mediada işini gücləndirmək məqsədilə İKT sahəsində tam ödənişsiz texniki dəstək verilməsini, o cümlədən “Diaspor TV”nin uğurla qarşılanmasını bu sahədə yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirmək olar. Dövlət komitəsinin əldə etdiyi uğurlar bir nümunədir ki, çətin problemlərin həlli, məhz informasiya siyasətinin düzgün qurulmasından başlayır.

Anar TURAN, “Xalq qəzeti”