Qahirədəki Azərbaycan dili kursunda yeni tədris ili başlayıb

6 dekabr, 2022

Qahirədəki Azərbaycan dili kursunda yeni tədris ili başlayıb

Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki Azərbaycan dili kursunda 22 tələbənin iştirakı ilə yeni tədris ili başlayıb.

Cəmiyyətin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki əlaqələndiricisi, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, 2019-cu ildən bəri Azərbaycan dili kursları ödənişsiz əsasda təşkil olunur. Müxtəlif ölkələrdən olan gənclərə doğma dilimizi müəllim İnarə Osmanova tədris edir. Gənclər dilimizin qrammatikasını öyrənir, nitq mədəniyyəti üzrə yaradılmış klubun fəaliyyətində yaxından iştirak edirlər.

Bundan başqa, kursun müdavimləri mütəmadi olaraq Misir və digər ərəb ölkələrinin mətbuatında Azərbaycan haqqında məqalələrlə çıxış edir, xalqımızın qədim və zəngin mədəniyyətini, adət-ənənələrini, tolerantlığını təbliğ edirlər. Bəzi tələbələr   ölkəmizə və qardaş Türkiyəyə səfər də ediblər. Onlar hətta işğaldan azad olunmuş ərazilərimizi ziyarət edərək, həm işğal illərində erməni silahlı qüvvələrinin törətdikləri dağıntıların və vandallıq aktlarının izlərini görüblər, həm də Azərbaycan dövlətinin post-müharibə dövründə apardığı bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda  Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, Qurani-Kərimin qiraəti və digər fənlər tədris olunur. Kurslarda 35 ölkədən 400-ə yaxın tələbə təhsil alır. Eyni zamanda Qahirə və Ayn-Şəms universitetlərində də Azərbaycan dili tədris edilir.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər