Özbəkistan paytaxtında Müslüm Maqomayevin 80 illiyi qeyd edilib

22 noyabr, 2022

Özbəkistan paytaxtında Müslüm Maqomayevin 80 illiyi qeyd edilib

Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan müğənnisi, bəstəkar Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Özbəkistanın mədəniyyət, incəsənət xadimləri, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Qonaqları salamlayan mərkəzin nümayəndəsi Yusif Məmmədov xalqımızın Azərbaycan və dünya mədəniyyətinə misilsiz töhfələr bəxş edən böyük oğlu ilə fəxr etdiyini bildirib. Müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin milli mədəniyyətimizə böyük diqqət və qayğı ilə yanaşdığını, ölkəmizi dünyada ləyaqətlə təmsil edən, Vətənini gözəl əsərləri ilə vəsf edən Müslüm Maqomayevlə fəxr etdiyini xatırladıb.

Tədbirdə çıxış edən Özbəkistanın opera sənətçisi, “Registan” ansamblının rəhbəri Xursand Şerov unudulmaz sənətkarın yaradıcılığına olan sevgisindən danışaraq, Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə bu il Daşkənddən velosipedlə 14 min km yolu qət edərək Bakıya səfər etdiyini bildirib. Fəxri Xiyabanda Müslüm Maqomayevin məzarını ziyarət etdiyini, onun xatirəsinə həsr olunmuş tədbirlərdə iştirak etdiyini, Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirdiyini və Diaspor TV-yə müsahibə verdiyini söyləyib.

Tədbir iştirakçıları Müslüm Maqomayevin bənzərsiz istedadı və səsi ilə mədəniyyətimizə, xalqlar dostluğuna töhfələrini xüsusi qeyd ediblər.

Tədbirin bədii hissəsində Xursand Şerov və müğənni Rəna Əzizovanın ifasında  konsert proqramı təqdim edilib. Onlar Müslüm Maqomayevin repertuarından əsərləri, Azərbaycan və özbək mahnılarını if ediblər.

Müslüm Maqomayevin yaradıcılığının təbliğinə görə Xursand Şerova Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycanın Özbəkistandakı səfirliyinin xüsusi diplomu təqdim olunub.

Tədbir çərçivəsində mərkəzin foyesində Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş sərgi nümayiş etdirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər