Moldovadakı Azərbaycan məktəbində 20 Yanvar şəhidləri yad edilib

24 yanvar, 2023

Moldovadakı Azərbaycan məktəbində 20 Yanvar şəhidləri yad edilib

Kişinyovda fəaliyyət göstərən Moldova Azərbaycanlıları Konqresinin nəzdindəki Azərbaycan həftəsonu məktəbinin növbəti dərsi 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunub.

Öncə məktəblilər ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

Sonra şagirdlərə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin Bakıda törətdiyi qanlı qırğın barədə ətraflı məlumat verilib. İnsanlığa zidd cinayət zamanı günahsız dinc insanların, o cümlədən məktəblilərin və tələbələrin də qətlə yetirildiyi, həmin dövrdən qərənfil gülünün 20 Yanvar faciəsinin rəmzinə çevrildiyi, xalqımızın yaddaşına faciə kimi daxil olan 20 Yanvar tarixinin ölkəmizdə Ümumxalq Hüzn Günü kimi qeyd edildiyi bildirilib.

Məktəb şagirdləri 20 Yanvarın rəmzi olan qərənfil gülünün rəsmini çəkib və anım güşəsinə çiçəkləri düzməklə doğma xalqımızın kədərinə şərik olduqlarını nümayiş etdiriblər. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər