İstanbulda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib

24 yanvar, 2023

İstanbulda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib

Türkiyənin İstanbul şəhərində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbir “Karabakh is Azerbaijan!” Milli Platformasının Türkiyə Koordinatorluğunun “Karabağ Azərbaycandır Koordine Etme Dərnəyi”nin, Türk Ocaqlarının və Anadolu Aydınlar Ocağının birgə təşkilatçılığı ilə baş tutub.

Öncə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə “Karabakh is Azerbaijan!” Milli Platformasının Türkiyə üzrə koordinatoru Dr. Elvin Abdurahmanlı, Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı Közhan Yazqan, Şimali Makedoniyadan olan millət vəkili Ərdoğan Saraç, İstanbul Türk Ocaqlarının rəhbəri Dr. Cezmi Bayram və professor İbrahim Öztək çıxış ediblər. 20 Yanvar hadisələrinin səbəb və məqsədlərindən danışan natiqlər nəzərə çatdırıblar ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının Bakıda törətdiyi hərbi cinayət insanların milli azadlıq əzmini qırmaq niyyətini güdürdü. Lakin sovet rejimi  məqsədinə çatmadı. Çünki Azərbaycan xalqı bu haqsızlıq və qanlı qırğın qarşısında sarsılmadı, geri çəkilmədi, mübarizəsini davam etdirdi.

İbrahim Öztək qeyd edib ki, başda Mixail Qorbaçov olmaqla SSRİ rəhbərliyi Azərbaycan xalqına qarşı qərəzli mövqe sərgiləyir, işğalçı Ermənistanın əsassız ərazi iddialarına şərait yaradırdı. Lakin həmin mürəkkəb durumda Azərbaycan xalqı üzləşdiyi informasiya blokadasına, ayrı-seçkiliyə, qərəzli münasibətə baxmayaraq ayağa qalxdı və öz hüquqlarını əzmlə müdafiə etdi. Ona görə də Qara Yanvar hadisələri təkcə ağır faciə kimi deyil, həm də xalqın qəhrəmanlıq salnaməsi kimi qiymətləndirilir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər