Çexiya parlamentinin kitabxanasına Reza Deqatinin 20 Yanvar haqqında kitabları təqdim edilib

20 yanvar, 2023

Çexiya parlamentinin kitabxanasına Reza Deqatinin 20 Yanvar haqqında kitabları təqdim edilib

Çexiya parlamentinin kitabxanasında 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib.

Çex-Azərbaycan Birliyinin sədri Eldar Vəliyevin təşəbbüsü ilə baş tutan tədbirdə parlament kitabxanasının əməkdaşları və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan birlik sədri bildirib ki, 33 il öncə SSRİ hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Bakıda törədilən amansız kütləvi qırğın Azərbaycan tarixinin qanlı, eyni zamanda şanlı və şərəfli səhifələrindən biridir. Xatırladıb ki, başda Mixail Qorbaçov olmaqla SSRİ rəhbərliyinin ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları sürməsinə, soydaşlarımızın Ermənistandan vəhşicəsinə qovulmasına nümayiş etdirdiyi qəbuledilməz, biganə və ədalətsiz münasibət ölkəmizdə azadlıq ideyalarını daha da gücləndirib, əhalini küçə və meydanlarda etiraz mitinqlərinə çıxmağa sövq edib. Sovet hökuməti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda hərbi cinayət törətməklə Azərbaycan xalqının iradəsini sındırmağa çalışıb, amma buna nail ola bilməyib. 20 Yanvar hadisələri həm kommunist rejiminin  çöküşünü sürətləndirib, həm də Azərbaycan və digər müttəfiq respublikaların müstəqilliyi əldə etməsinə gətirib çıxarıb.  

Nəzərə çatdırılıb ki, qanlı hadisələr zamanı informasiya blokadasında olan Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında dahi şəxsiyyət, xalqımızın ümummillli lideri Heydər Əliyev müstəsna rol oynayıb. Bütün təhlükələrə baxmayaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirən Heydər Əliyev öz xalqı ilə həmrəy olduğunu bəyan edib və hərbi cinayətə görə sovet rəhbərliyini qətiyyətlə pisləyib.

Qeyd edilib ki, həmin dövrdə öz fotoları ilə Bakıda baş verən həqiqətləri dünya ictimaiyyətinə çatdıran beynəlxalq media nümayəndələrindən biri də Fransada yaşayan Azərbaycan əsilli fotojurnalist Reza Deqati olub. Müasir Azərbaycan tarixində baş vermiş önəmli hadisələri öz obyektivinin gözü ilə təqdim edən məşhur fotojurnalist Reza Deqatinin yaradıcılığı barədə ətraflı məlumat verilib.

Sonra Reza Deqatinin “The massacre of innocents” (Günahsızların qırğını”) və “Elegance of fire” (“Alovun zərifliyi”) kitabları parlament kitabxanasına təqdim olunub.

Tədbirin sonunda 20 Yanvar faciəsi haqqında sənədli film, Reza Deqatinin həmin hadisələr barədə CNN telekanalına müsahibəsi və telekanal tərəfindən hazırlanmış süjet nümayiş etdirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər