Avropanın nüfuzlu media platforması “Orta Dəhliz”dən yazıb

8 dekabr, 2022

Avropanın nüfuzlu media platforması “Orta Dəhliz”dən yazıb

Avropada ictimai rəyin formalaşmasında aparıcı mənbələrdən sayılan “Modern Diplomacy” media platformasında “Niyə İsrail Orta Dəhlizi dəstəkləməlidir?” sərlövhəli məqalə dərc olunub.

İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq, Azərbacanla bağlı İsrail mətbuatında və beynəlxalq mediada mütəmadi çıxışlar edən Ayub Karanın qələmə aldığı məqalədə qeyd olunub ki, Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstan hökumətləri bu ilin əvvəlində regionda nəqliyyat imkanlarını yaxşılaşdırmaq üçün bəyanat imzalayıblar. Bunun ardınca adıçəkilən ölkələrin Xarici İşlər və Nəqliyyat nazirlikləri regionda sürətləndirilmiş nəqliyyat marşrutlarının yaradılması zərurəti barədə qərar qəbul ediblər ki, bu marşruta Çini Avropa ilə birləşdirəcək dəmir yolu yük və bərə sistemi - Orta Dəhliz daxil olacaq.

İsrailli sabiq nazir hesab edir ki, İsrail “Orta Dəhliz”in yaradılmasını dəstəkləməlidir, çünki sözügedən marşrut İsrail, Birləşmiş Ərəb Əmirlikləri və regionun digər ölkələrini əhatə edəcək şəkildə genişləndirilərsə, öz növbəsində “İbrahim Sazişləri”ni gücləndirməyə kömək edəcəkdir.   Onun fikrincə, bu, Tehrandakı mollalara qarşı dirənişə kömək etməklə yanaşı, türk dövlətləri, İsrail və ərəb dünyası arasında daha möhkəm əlaqələri təmin edəcək. Müəllif son nəticədə marşrutun Çin, türk dövlətləri, İsrail və ərəb ölkələri arasında ticarətin böyük ölçüdə genişlənməsinə yardımçı olacağına əminliyini ifadə edib.

Həmçinin qeyd olunub ki, Avropadan Türkiyəyə istiqamətlənən qatarlar oradan Hayfaya, Hayfadan İordaniyaya, Səudiyyə Ərəbistanına və oradan da Körfəz ölkələrinə hərəkət edə və əks istiqamətdə geri qayıda bilər. İsrailli politoloq əmindir ki, bundan sonra Səudiyyə Ərəbistanı və İsrail Osmanlı hakimiyyəti dövründə mövcud olmuş Hicaz dəmir yoluna bənzər yolun inşası barədə razılaşa bilər, belə ki, hicazlılar sözügedən keçmişin təkrarlanmasını arzulayırlar. Məqalənin sonunda müəllif bütün bunların “İbrahim sazişləri”nin bir hissəsi kimi gələcəkdə gerçəkləşəcəyinə böyük inamını da ifadə edib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: https://moderndiplomacy.eu/2022/12/07/why-israel-should-support-the-establishment-of-the-middle-corridor/

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər