Varşavada “Şuşa ili”nə və Zəfər Gününə həsr edilmiş konsert keçirilib

8 noyabr, 2022

Varşavada “Şuşa ili”nə və Zəfər Gününə həsr edilmiş konsert keçirilib

Polşanın paytaxtı Varşava şəhərində “Şuşa ili”nə və 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib.

Konsert Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycanın Polşadakı səfirliyi və Polşa Milli Filarmoniyasının təşkilatçılığı ilə baş tutub.

Konsertdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Türkiyənin bu ölkədəki səfirliyinin əməkdaşları, Polşanın ictimai-siyasi xadimləri, Azərbaycan, türk və yəhudi icmalarının üzvləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konsertdən əvvəl çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan musiqisinin məbədi, Qafqazın Konservatoriyası adlandırılan Şuşa şəhərinin musiqi dünyasına dahi sənətkarlar bəxş etdiyini bildirib, bu şəhərin Azərbaycan üçün əhəmiyyətini Vyananın Avstriya, Neapolun İtaliya üçün  əhəmiyyəti ilə müqayisə edərək, Şuşanın dünya azərbaycanlıları üçün böyük mənəvi dəyərə malik olduğunu vurğulayıb. Səfir Azərbaycanın şanlı Zəfərinin həm də  beynəlxalq hüququn və ədalətin təntənəsini tərənnüm etdiyini qonaqların diqqətinə çatdırıb. 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşa və Azərbaycanın dahi sənətkarlarının əsərlərinin səsləndiriləcəyi musiqili tədbirin iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük töhfə olduğunu qeyd edib, Şuşa şəhərinin tarixən Azərbaycan mədəniyyətinin, ictimai-siyasi həyatının mərkəzi olduğunu bildirib, Prezident İlham Əliyevin  sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar dünyanın bir çox ölkələrində, o cümlədən Polşada bir sıra tədbirlər keçirildiyini xatırladıb. Komitə sədri bu il iki ölkə arasında tarixi münasibətlərin 550 illiyinin, diplomatik münasibətlərin isə 30 illiyinin qeyd olunduğunu vurğulayaraq, polyak və Azərbaycan xalqlarının tarixən bir-birinin mədəniyyətinə qarşılıqlı töhfələr verdiyini qonaqların diqqətinə çatdırıb.

“Simfonia Varsovia” orkestrinin iştirakı və maestro Əyyub Quliyevin dirijorluğu ilə baş tutan konsert proqramına Azərbaycan və Polşa bəstəkarlarının əsərləri daxil edilib. Konsert əsl bayram şöləninə çevrilib və tamaşaçıların gur alqışları ilə qarşılanıb.

Konsert salonunun girişində Zəfərimizi əks etdirən sərgi təşkil olunub və Polşanın “Orphee Classics” səsyazma şirkətinin hazırladığı CD-nin təqdimatı keçirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər