Stavropoldakı diasporumuz hərbi təxribatlara görə Ermənistanı ittiham edib

24 sentyabr, 2022

Stavropoldakı diasporumuz hərbi təxribatlara görə Ermənistanı ittiham edib

Rusiyanın Stavropol diyarında yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə Rusiyanın dövlət başçısına müraciət edib.

Stavropolda azərbaycanlıların “Odlar yurdu” diaspor təşkilatının rəhbəri Fəxrəddin Yarıyevin adından Rusiya Prezidenti Vladimir Putinə ünvanlanan bəyanatda 12-13 sentyabr 2022-ci ildə törədilən hərbi təxribat Ermənistanın qəbuledilməz davranışı və sülh prosesinə əngəl törətmək cəhdi kimi qiymətləndirilib.  

Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulanıb. 

Nəzərə çatdırılıb ki, Azərbaycan öz ərazilərinin suverenliyinin və bütövlüyünün, eləcə də hərbi qulluqçularımızın, o cümlədən Qarabağ iqtisadi rayonunda bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində qətiyyətli cavab tədbirləri görüb. Bununla döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alınıb.

Beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranmış duruma görə Stavropolda yaşayan soydaşlarımızın dərin həyəcan keçirdiyinə və narahat olduğuna diqqət cəlb edilib.

“Odlar Yurdu” diaspor təşkilatı beynəlxalq qurumları Ermənistanın təcavüzkar siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində əməli addımlar atmağa çağırıblar.  

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər