Solikamskdakı icmamız Rusiya rəsmilərini Ermənistanın təcavüzünü pisləməyə çağırıb

21 sentyabr, 2022

Solikamskdakı icmamız Rusiya rəsmilərini Ermənistanın təcavüzünü pisləməyə çağırıb

Rusiyanın Perm diyarının Solikamsk şəhərində yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə Rusiya rəsmilərinə müraciət edib.

 

“Solikamsk şəhərinin Azərbaycan icması”nın sədri Uğur Əfəndiyevin adından Rusiya Prezidenti Vladimir Putinə, Dövlət Dumasının sədri Vyaçeslav Volodinə və xarici işlər naziri Sergey Lavrova ünvanlanan müraciətdə baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü xüsusilə vurğulanıb.

 

Soydaşlarımız işğalçı dövlətin təcavüzkar siyasətinin qarşısının alınması üçün rəsmi Moskvanı təcili olaraq Ermənistana təzyiqləri artırmağa çağırıblar.

 

“Biz, Solikamsk şəhərində yaşayan azərbaycanlılar Rusiya Federasiyasının sərt reaksiyasına, o cümlədən Ermənistan tərəfini sülhə çağırmaq və revanşist ideyalarına son qoymaq üçün səyləri gücləndirəcəyinə ümid edirik. Rusiyanın ali siyasi rəhbərliyindən əməli tədbirlər görməsini və işğalçı siyasəti dayandırmaq üçün Ermənistana təzyiqləri artırmağı xahiş edirik”, - deyə bəyanatda vurğulanıb.

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər