London, Belfast və Edinburq şəhərlərində “Xocalıya ədalət!” məlumatlandırma aksiyası təşkil edilib

27 fevral, 2023

London, Belfast və Edinburq şəhərlərində “Xocalıya ədalət!” məlumatlandırma aksiyası təşkil edilib

Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığının London, Belfast və Edinburq şəhərlərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi ilə məlumatlandırma aksiyası keçirilib.

Aksiya zamanı Xocalı həqiqətlərini əks etdirən LED ekranlı avtomobillər şəhərlərin izdihamlı mərkəzi küçələrində hərəkət edərək, yerli sakinlərin diqqətini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımına yönəldib.

Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə baş tutan aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində gerçəkləşib.

LED ekranlarda Azərbaycan bayrağının, xəritəsinin, Xocalı soyqırımı qurbanlarının adları və fotoları nümayiş etdirilib. Təsvirlər “Xocalıya ədalət!”, “Xocalı soyqırımını tanıyın”, “Ermənistanın insanlığa qarşı cinayəti”, “Erməni lideri hərbi cinayətləri etiraf edib”, “Erməni hərbi cinayətkarlarını məsuliyyətə cəlb edin!”, “Azərbaycanlılar ədalət tələb edir!”, “Qarabağ Azərbaycandır!”, “Xocalını xatırla!”,  “Xocalıda qətlə yetirilən 63 uşağı xatırla!”, “Xocalıda 63 uşaq, o cümlədən yeni doğulanlar öldürülüb!”, “1992-ci il 26 fevral. 613 azərbaycanlı, 106 qadın, 63 uşaq, 70 ahıl şəxs qətlə yetirilib. 1275 nəfər azərbaycanlı girov götürülüb. 76 uşaq əlil olub. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib” şüarları və çağırışları ilə müşayiət olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər