Küveytdəki məktəbdə “Azərbaycan – Ana Vətənim” adlı təqdimat keçirilib

8 dekabr, 2022

Küveytdəki məktəbdə “Azərbaycan – Ana Vətənim” adlı təqdimat keçirilib

Küveytin Hissa əl-Hanif” orta məktəbində “Dünya dövlətlərinin mədəni irsi tarixi” layihəsi çərçivəsində “Azərbaycan – Ana Vətənim” mövzusunda təqdimat keçirilib.

İngilis dilində baş tutan təqdimatı məktəbin 9-cu sinif şagirdi Leyla əl-Avadi hazırlayıb. Təqdimat zamanı Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, adət-ənənələri, füsunkar təbiəti, yeraltı və yürüstü sərvəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, 1918-ci ildə Azərbaycanda demokratik, dünyəvi respublika yaradılıb və bu respublikanın fəaliyyəti cəmi 23 ay sürüb. Lakin xalqımız 1991-ci ilin 18 oktyabr tarixində yenidən ölkəmizin dövlət müsəqilliyinə nail olub. Hazırda Azərbaycanın güclü dövlət kimi inkişaf etdiyi, qüdrətli orduya malik olduğu nəzərə çatdırılıb.

Azərbaycan həqiqətlərindən danışarkən gənc Leyla 20 Yanvar, Qarabağın işğal olunması, Xocalı soyqırımı, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinin dinc yaşayış məntəqələrini bombardman etməklə amansız müharibə cinayətləri törətdiyini vurğulayıb.

Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal olunduğuna, erməni silahlı birləşmələrinin dinc xalqımıza qarşı dəhşətli Xocalı soyqırımı və başqa hərbi cinayətlər törətdiyinə, iki il öncə Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad etdiyinə və ərazi bütövlüyünün bərpasına nail olduğuna diqqət cəlb edilib.

Eyni zamanda, erməni işğalçılarının xüsusi vəhşiliklə Qarabağ torpaqlarını dağıtmasından, kütləvi şəkildə minalar basdırmasından, indiyədək əsir götürülmüş azərbaycanlılar barədə məlumatları gizlətməsindən, minalanmış ərazilərin tam xəritəsini Azərbaycana təqdim etməməsindən danışıb. Leyla əl-Avadi hazırda Azərbaycan dövlətinin Qarabağda bərpa-quruculuq işləri apardığını, bölgədə davamlı sülhün bərqərar olması istiqamətində ciddi cəhdlər göstərdiyini söyləyib.

Sovet rejiminin Bakıda törətdiyi 20 Yanvar faciəsini Küveytin İraq tərəfindən 2 avqust işğalı ilə müqayisə edən Leyla əl-Avadi xatırladıb ki, Azərbaycan məhz həmin çətin günlərdə Küveytdəki neft yanğınının söndürülməsinə yardım edən ölkələrdən biri olub. Küveytlə Azərbaycan arasında əməkdaşlıq və dostluq münasibətlərinin təməlinin 1990-cı illərdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu, hazırda Prezident İlham Əliyevin bu əlaqələri yüksək səviyyədə inkişaf etdirdiyi bildirilib. Azərbaycanın Küveytdəki səfirliyinin və Küveytdə yaşayan, çalışan Azərbaycan vətəndaşlarının, diaspor təşkilatlarının iki ölkə arasında əməkdaşlıq və dostluq əlaqələrinə töhfələr verdiyi vurğulanıb.

Gənc Leyla təqdimatını Azərbaycan və ingilis dillərində “Yaşasın Azərbaycan!”, “Yaşasın Azərbaycan Prezidenti və Ordusu!”, “Qarabağ Azərbaycandır!” şüarları ilə yekunlaşdırıb. Təqdimat zamanı o, Azərbaycanın milli geyimini, üçrəngli bayrağımızı, Qarabağın azadlıq rəmzi olan “Xarıbülbül” nişanını nümayiş etdirib.

Qeyd edək ki, Leyla əl-Avadi Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadənin qızıdır.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər