Kanadalı deputatın yolverilməz davranışı icmamızın etirazı və məktub kampaniyasına başlaması ilə nəticələnib

23 sentyabr, 2022

Kanadalı deputatın yolverilməz davranışı icmamızın etirazı və məktub kampaniyasına başlaması ilə nəticələnib

Kanada Azərbaycanlıları Şəbəkəsi (Network of Azerbaijani Canadians) Mühafizəkarlar Partiyasının yeni lideri, Kanada parlamentinin deputatı Pyer Pualyevrin ölkəmizə qarşı qəbuledilməz davranışına etiraz əlaməti olaraq məktub kampaniyasına başlayıb.

 

KAŞ-ın soydaşlarımıza müraciətində bildirilib ki, deputat Ermənistanın müstəqillik günü münasibətilə yaydığı videoçarxda Azərbaycanı və azərbaycanlıları “düşməncəsinə köklənmiş qonşu” adlandırıb. Nəzərə çatdırılıb ki, Pualyevrin komandasına ictimaiyyətlə əlaqələr üzrə direktor Aqop Yevreklyan və anti-Azərbaycan mövqeyi tutan senator Leo Husakos daxildir. “Bu komanda 7 ay ərzində Azərbaycan icmasının çoxsaylı görüş sorğularına mane olub. Deputat Pualyevr indiyədək Azərbaycan əsilli kanadalılardan bir kəlmə də eşitməyib. İcmamızın belə duruma susması yolverilməzdir”, - deyə bildirilib.

 

KAŞ soydaşlarımızı dərhal hərəkətə keçməyə, Azərbaycan əsilli kanadalıların hiddətini ifadə etmək üçün təqdim edilən məktubu deputat Pyer Pualyevrə göndərməyə çağırıb.


Qeyd edək ki, məktubda soydaşlarımızın seçici olaraq deputatın münaqişədən xəbərsizliyindən və nifaq saçan əhval-ruhiyyəsindən dəhşətə gəldiyi vurğulanıb. Deputatın diqqətinə çatdırılıb ki, məhz Ermənistanın 30 ilə yaxın dövrdə Azərbaycan torpaqlarını işğal etməsi 700 min azərbaycanlının etnik təmizləməyə məruz qalmasına və öz evindən didərgin salınaraq məcburi köçkün durumuna düşməsinə səbəb olub. Minlərlə azərbaycanlının Kanadada yaşamağı seçməsi məhz Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasəti nəticəsində baş verib.

 

Təkcə Albertada neft və qaz sahəsində minlərlə Azərbaycan əsilli kanadalı  mütəxəssisin çalışdığığını xatırladan məktub müəllifləri istehza ilə “Onlar sizi və Mühafizəkarlar Partiyasını fəal şəkildə dəstəkləyiblər ki, indi sizdən yalnız belə sözlər eşitsinlər”, - deyə vurğulayıblar.


Məktubda deputatın Azərbaycan icması üzvləri ilə 7 aydan çox müddət ərzində görüşmədiyinə xüsusi diqqət cəlb edilib: “Bu, kanadalı kimi bizə vəd edilən azadlıqdır? Bilirsinizmi ki, Azərbaycan 2020-ci ilin noyabrından Ermənistana sülh sazişi təklif edir, ərazi bütövlüyünün qarşılıqlı tanınmasına və münaqişəyə son qoymağa çağırır,  Ermənistan isə bunu imzalamaqdan imtina edir?”

 

Soydaşlarımız azərbaycanlıların ünvanına söylənilən yolverilməz ifadənin Mühafizəkarlar Partiyasının rəsmi mövqeyi olub-olmadığını deputata sual ediblər və xəbərdarlıq ediblər ki, bu məsələ böyük və rəngarəng yəhudi-azərbaycanlı icmasının qarşıdakı seçkilərdə mövqeyini müəyyənləşdirə bilər.

 

Sonda deputatın Azərbaycan icması ilə görüşməsi və münaqişə barədə fikirlərini dinləməsi tələb olunub.

 

Məktub kampaniyasına aşağıdakı link vasitəsilə qoşulmaq mümkündür:

 

https://mailchi.mp/f94b7f01fdf8/act-now-pierre-poilievre-discrimination-letter?e=e8d1d4c3c8

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər