İğdır ictimaiyyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

24 yanvar, 2023

İğdır ictimaiyyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.

İğdır Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi və İğdır Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli dövlət orqanlarının və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib, ardınca Türkiyə və Azarbaycanın Dövlət Himnləri səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Daha sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən dərnək sədri Ziya Zakir Acar, Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, Ankara Qazi Universitetinin müəllimi Dr. Oğuzxan Aydın 33 il öncə SSRİ rəhbərliyinin əmri ilə sovet qoşun hissələrinin Bakıda dinc sakinlərə qarşı xüsusi amansızlıqla törətdiyi qanlı cinayətdən danışıblar. Təəssüflə nəzərə çatdırılıb ki, həmin dövrdə beynəlxalq birlik sovet rejiminin Bakıda törətdiyi bəşəri cinayətə səssiz qalıb. Amma xalqımızın SSRİ rəhbərliyinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yürütdüyü yolverilməz siyasətlə, törətdiyi hərbi cinayətlə barışmadığı, öz mübarizəsindən geri çəkilmədiyi və qısa müddət sonra dövlət müstəqilliyinin bərqərar edilməsinə nail olduğu vurğulanıb.  

 ***

 Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, İğdır Azərbaycan Evi Dərnəyi və İğdır Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə baş tutan mərasim şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycanın və Türkiyənin Dövlət Himləri səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal, İğdır Vəkillər Kollegiyasının sədri Özgür Qurban Gül və başqaları 20 Yanvar faciəsinin səbəblərindən danışıblar. Nəzərə çatdırılıb ki, başda Mixail Qorbaçov olmaqla SSRİ rəhbərliyinin əmri ilə sovet qoşun birləşmələri 33 il bundan əvvəl Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla hərbi cinayət törədib. Həmin dövrdə Azərbaycan və Türkiyə arasında gediş-gəliş olmasa da, qardaş ölkə ictimaiyyəti bu faciəni böyük acı ilə qarşılayıb və günahkarları lənətləyib.

Qeyd edilib ki, 20 Yanvar şəhidləri canlarını Vətənin azadlığı yolunda fəda edərək, Azərbaycanın azadlığına yol açıblar. Bu azadlıq və suverenlik Azərbaycan və Türkiyə qardaşlığına yeni bir tarix qazandırıb.

 “Araz” Açıq Hava İdmanları və Mədəniyyət Dərnəyi (“Araz-Der”) ilə Ülkü Ocaqları İğdır şöbəsinin təşkil etdiyi tədbirdə yerli bələdiyyələrin rəhbərləri, vətəndaş cəmiyyətinin üzvləri və universitet tələbələri iştirak ediblər.

Türkiyə və Azərbaycanın Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə hər iki ölkənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Araz-Der”in sədri Serpil Önal bildirib ki, 20 Yanvar qırğını və soyqırımını həyata keçirən SSRİ rəhbəri Mixail Qorbaçovun 26 min nəfərlik sovet ordusu hissələrini Bakıya yeritməsi nəticəsində 147 dinc sakin qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. “Gənclərimizin 20 Yanvar qətliamını və Xocalı soyqırımını  unutmamasını istəyirik. Biz Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!”, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözlərini vəsiyyət olaraq qəbul etdik, müasir Azərbaycan dövlərinin qurucusu Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə bir-birimizə sıx bağlandıq, Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan sayəsində “tək bayraq, tək millət” olduq”. 

Ülkü Ocaqlarının İğdır üzrə sədri Alparslan Çelikten qeyd edib ki, Azərbaycanın müasir tarixində baş verən qanlı olayların bir daha təkrarlanmaması naminə türk dünyasının birlik və bərabərlik nümayiş etdirməsi mühüm amildir. “Qardaşlığımızın əbədi olacağını vurğulayaraq, başda 20 Yanvar şəhidləri olmaqla bütün şəhidlərimizi ehtiramla və rəhmətlə yad edirik”.

Tədbir 20 Yanvar şəhidlərinin ruhuna duaların oxunması ilə yekunlaşıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər